“Bu,yeni ideyalara və təşəbbüslərə əsaslanan birgə fəaliyyətimizin bəhrəsidir…” – BAHAR MURADOVA – FOTO

“ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun Bakıda keçiriləcək növbəti görüşünün uğurlu olması üçün əlimizdən gələni edəcəyik”.

Etikxeber.az xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini, ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova Assambleyanın Andorrada keçirilən sessiyası çərçivəsində daimi komitənin iclasında çıxışı zamanı bildirib.

atetpa-baharrr

Region üçün bu cür çətin vaxtda sessiyanı uğurla keçirdiklərinə görə təşkilatçılara təşəkkürünü bildirən B. Muradova qeyd edib ki, kibertəhlükəsizlik, iqlim dəyişikliyi, təhsilə dəstək və digər bu kimi aktual mövzuların müzakirəsi bəşəriyyətin qarşılaşdığı qlobal çağırışların həllinə, sözsüz ki, müəyyən töhfə verəcək.

İki gün ərzində sessiyada maraqlı təqdimatların olduğunu diqqətə çatdıran B. Muradova bildirib ki, məruzəçilər bəzən insan həyatında və şüurunda gözlənilməz dəyişikliklərə aparıb çıxaran inkişafın mümkün nəticələrindən bəhs ediblər. Sabah müzakirə olunacaq “Təhsilə dəstək sabitliyin qarantı kimi” mövzusu da aktualdır. Axı inkişafa yol təhsildən keçir. Özümüzü həmin tərəqqinin mümkün fəsadlarından qorumağın yolunu məhz təhsil bizə öyrətməlidir.

ATƏT Parlament Assambleyasının sədri Kristin Muttonenə məhsuldar fəaliyyətinə görə təşəkkür edən B. Muradova onun sessiyadakı hesabatını yüksək qiymətləndirərək deyib: “Bu hesabatdan görünür ki, xanım Muttonen Minsk sessiyasından sonra beynəlxalq münasibətlər baxımından bu cür mürəkkəb zamanda belə bir çətin və məsuliyyətli işə cəlb edilib. Geniş trayektoriyanı əhatə edən bu münasibət və görüşlər, şübhəsiz ki, Assambleyaya üzv dövlətlər arasında qarşılıqlı əməkdaşlığın möhkəmlənməsinə töhfə verəcək, beləliklə də tərəfdaşlıq üçün əlverişli zəmin yaradacaq”.

B. Muradova K.Muttonenin bu ilin sentyabrında Azərbaycana səfərini xüsusilə vurğulayıb. Bildirib ki, onun ölkəmizin vəzifəli şəxsləri ilə, eləcə də parlamentdə keçirdiyi görüşlər ATƏT PA və Azərbaycan arasında əməkdaşlıq üçün yeni perspektivlərin yaradılması baxımından çox məhsuldar olub.

“Biz xanım Muttonenin Assambleya çərçivəsində dialoq üçün yeni meydançaların yaradılmasına yönələn istənilən təşəbbüsə açıq olmasını yüksək qiymətləndiririk. Məsələn, həmkarım, Assambleyanın vitse-prezidenti Azay Quliyevin təşəbbüsü ilə yaradılan İpək Yoluna Dəstək Qrupunu qeyd edə bilərəm. Bildiyiniz kimi, oraya artıq 20 üzv dövlət daxil olub. Yeri gəlmişkən, Minskdə təsis olunan qrupun bu gün səhər ilk iclası keçirilib. Biz işçi sənədləri qəbul etdik, gələcək fəaliyyət planımızı müzakirə etdik. Məlumat üçün bildirim ki, növbəti görüşün Azərbaycanda, Bakıda keçirilməsinə dair razılıq əldə olunub. Hesab edirəm ki, bu, bizim yeni ideyalara və təşəbbüslərə əsaslanan birgə fəaliyyətimizin bəhrəsidir” – deyə, Bahar Muradova vurğulayıb.

B. Muradova əmin edib ki, fəaliyyəti vaxtilə əfsanə hesab olunan İpək Yolunun reallığa çevrilməsinin əsasını qoymağa yönəlmiş qrupun Bakıda keçiriləcək iclasının uğurlu olması üçün Azərbaycan tərəfi əlindən gələni əsirgəməyəcək.

Etikxeber.az

Read Previous

“NOBEL ŞURASI VƏ İSLAM AŞURASI…” – Zahid Orucun yazısı

Read Next

“Müəllim sözünə layiq olmaq asan deyil…” – QƏNİRƏ PAŞAYEVA YAZIR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir