Bu gün-23 iyul tarixi Neftçalalı Birinci Qarabağ Savaşı Şəhidi-məzarsız Şəhid Rövşən Baloğlan oğlu Ağamalıyevin Anım Günüdür.
Rövşən Ağamalıyevin Şəhidliyindən düz 30 il ötür.
Etikxeber.az xəbər verir ki, Rövşən Ağamalıyev 1975-ci ilin 7 sentyabr tarixində Neftçala rayonunun Bankə qəsəbəsində hərbçi ailəsində anadan olub.
Ailənin dörd övladından, iki qardaşdan biri idi.
Bankə qəsəbə 1 saylı tam orta məktəbini bitirib.
Birinci Qarabağ Savaşı zamanı Ağdamın Mərzili, İsmayılbəyli, Bağmanlar kəndləri uğrunda gedən döyüşlərdə xüsusi igidliklər göstərib və 1993-cü ilin 23 iyul tarixində, Ağdam rayonu işğal olunan gün qəhrəmancasına Şəhid olub.
Döyüşlərdə göstərdiyi şücaətə görə Şəhidliyindən sonra “İgidliyə görə” medalı ilə təltif olunub.
Şəhidin medalı mərhum dövlət başçısı Heydər Əliyev tərəfindən atası Baloğlan Ağamalıyevə təqdim olunub.
Bankə qəsəbəsində yerləşən xəstəxanaya Onun adı verilib.
Eyni zamanda, büstü ucaldılıb.
Anası bir neçə il öncə dünyasını dəyişib.
O, həm də subay olub.

***
Anım Günü, Şəhidliyinin 30-cü ildönümü ilə bağlı bu gün Neftçala rayonunda-Bankə qəsəbəsində Şəhidin büstü ziyarət olunub, “Təbrik” şadlıq sarayında Anım mərasimi keçirilib, adına ehsan verilib.
Anım mərasimində öncə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.
Sonra Şəhidlərə, Vətənə həsr olunmuş şeirlər ifa olunub, mahnılar səsləndirilib, çıxışlar edilib.
Çıxışlarda cəmi 18 yaşında Şəhid olan Rövşən Ağamalıyevin Vətənsevərliyindən, İgidliyindən, Qəhəmanlığından söz açılıb, ailəsinə-əzizlərinə bir daha Allahdan səbr arzulanıb.

Neftçala rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov öz növbəsində Şəhidin əzizlərinə, ailəsinə Allahdan səbr və dözüm diləyib, hər bir Azərbaycan vətəndaşının Rövşən Ağamalıyev də daxil olmaqla, cəmi Şəhidlərimizlə Fəxr etdiyini, Qürur duyduğunu dilə gətirib.
Şəhidin doğmaları, ailə üzvləri-atası Baloğlan Ağamalıyev də belə bir gündə onların yanında olduqları üçün hər kəsə öz minnətdarlıqlarını ifadə ediblər.
Büstünü ziyarətdə və Anım mərasimində Şəhidin ailə üzvləri, yaxınları, Neftçalalı, Salyanlı, Bakılı, Şirvanlı, Hacıqabullu və digər bölgələrdən olan Şəhid ailələri, Qazilər, hərbçilər, ziyalılar, din xadimləri, müxtəlif ictimai təşkilatların təmsilçiləri, İcra başçısı Mirhəsən Seyidov başda olmaqla, Neftçala rayonunun rəhbər və məsul şəxsləri iştirak ediblər.
Məkanı cənnətlik olsun!
Nur içində yatsın!
14:07
***
FOTOLAR:




















***
































***












Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az