“Tək təsəllimiz odur ki, bir gün bu dünyadan köçüb gedəndən sonra gözümüz arxada qalmayacaq, balalarımız yenə xatırlanacaq, balalarımız yenə ziyarət olunacaq…”-Aygün Məmmədova – Tək, ali təhsilli oğullar-Cəmil Məmmədli və Həmid Həmidlinin-CƏNNƏTDƏKİ DOĞUM GÜNLƏRİNDƏ MƏZARLARI ZİYARƏT OLUNDU, HƏR İKİ ŞƏHİDİN ADINA MƏCLİS DÜZƏNLƏNDİ… – FOTOLAR – YENİLƏNİB – (3)

Bu gün-28 iyul 2025-ci il tarixində daha iki Şəhidimizin doğum günüdür.

Bakı şəhərinin Səbail rayonunun və İsmayıllının İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Cəmil Habil oğlu Məmmədlinin 27 yaşı, Beyləqan rayonunun Antiterror Şəhidlərindən olan Həmid Əlisahib oğlu Həmidlinin 30 yaşı tamam olur.

Bu gün Cəmil Məmmədlinin Cənnətdəki altıncı doğum günü, Həmid Həmidlinin isə Cənnətdəki üçüncü mövlududur.

Bu gün hər iki Şəhidin-Cəmil Məmmədlinin İsmayıllı rayon Şəhidlər Xiyabanında, Həmid Həmidlinin isə Beyləqan rayonunun Milabad kənd qəbiristanlığındakı məzarları ziyarət olunacaq.

Hər iki Şəhidin məzarları üzərinə gül dəstələri düzüləcək, əklillər qoyulacaq, ruhlarına dualar ediləcək, “Quran” oxunacaq, qısa çıxışlar olunacaq.

Məzarını ziyarətdən sonra Cəmil Məmmədlinin İsmayıllıdakı ata-baba ocağında adına ehsan süfrəsi açılacaq.

Həmid Həmidlinin məzarını ziyarətdən sonra isə Cənnətdəki üçüncü doğum günü ilə bağlı “Bitməyən ömür salnaməsi” adlı tədbir-məclis düzənlənəcək və sonda adına ehsan veriləcək.

Tədbiri telejurnalist Səbinə Mehdiyeva aparacaq.

Etikxeber.az xəbər verir ki, Cəmil Məmmədli 1999-cu ilin iyulun 28-də İsmayıllı rayonunda-Məmmədovlar ailəsində dünyaya gəlib.

Ailənin iki övladından biri, evin tək oğlu, tək bacının tək qardaşı olub.

Kollec təhsilli tək bacısı Aybəniz xanım hazırda ailəli və iki oğlan anasıdır.

İlk oğlan övladı Cəmilin adını daşıyır.

İsmayıllıda dünyaya gəlsə də, ailəsi ilə birlikdə Bakının Səbail rayonunun Bayıl qəsəbəsində yaşayıblar.

2005-2016-cı illərdə Bakı şəhərinin Səbail rayonunda yerləşən 163 saylı tam orta məktəbdə oxuyub.

2016-2020-ci illərdə isə Azərbaycan Texniki Universitetində (AzTU) ali təhsilə yiyələnib.

2020-ci ilin iyulunda ali təhsilini başa vurduqdan sonra həqiqi hərbi xidmətə çağırılıb.

2020-ci ilin 27 sentyabrdan isə Azərbaycan Ordusunun Əsgəri kimi İkinci Vətən Müharibəsində iştirak edib.

Şərəfli döyüş yolu 18 gün çəkib.

2020-ci ilin oktyabrın 14-dən 15-nə keçən gecə isə Füzuli istiqamətində ağır döyüşlərdən birində Şəhidlik zirvəsinə ucalıb.

Nəşi elə həmin gün-15 oktyabr tarixində İsmayıllı rayon Şəhidlər Xiyabanında dəfn olunub.

Qeyd edək ki, İkinci Vətən Müharibəsində Cəmil Məmmədlinin daha iki qohumu- ali təhsilli Aqil Mirzəliyev və Teymur Osmanlı da Şəhid olublar.

Şəhidliyindən sonra bir neçə medal və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Badamdar qəsəbəsində və İsmayıllı rayonunda adını daşıyan küçə var.

***

Həmid Əlisahib oğlu Həmidli isə 28 iyul 1996-cı ildə Beyləqan rayonunun Milabad kəndində dünyaya gəlib.

O da ailənin iki övladından biri, evin tək oğlu və tək bacının tək qardaşı olub.

2002-2010-cu illərdə Cəbrayıl rayonu 21 saylı ümumi orta məktəbdə oxuyub.

2010-2013-cü illərdə təhsilini Cəmşid Naxçıvanski adına Hərbi Liseydə davam etdirib.

2013-2017-ci illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb.

Ali hərbi təhsilli-peşəkar hərbçi olub.

Sonra Kapitan hərbi rütbəsinəcən yüksəlib.

2017-ci ildə Leytenant hərbi rütbəsini alaraq təyinatı üzrə “N” saylı hərbi hissədə tank taqım komandiri, 6 ay sonra xidmətdə fərqləndiyinə görə tank bölüyünün komandiri vəzifəsinə təyin olunub.

2019-cu ildə Azərbaycan Ordusunda “Ən yaxşı tank bölüyü” adı uğrunda keçirilən yarışda onun bölüyü l yerə layiq görülüb.

 2020-ci il 12 iyul tarixində Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində başlayan döyüşlərdə iştirak edib.

İkinci Qarabağ Müharibəsi zamanı isə ilk gündən döyüşlərə atılıb, Füzuli, Cəbrayıl, Qubadlı və Xocavənd rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak edib.

Hətta 8 oktyabr 2020-ci ildə Hadrut qəsəbəsi uğrunda gedən döyüşlərdə yaralanıb, amma yenə də döyüş, hərb yoluna davam edib.

2023-cü il sentyabrın 19-20-də Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı isə qəhrəmancasına Şəhid olub.

Nəşi 20-si sentyabr tarixində Milabad kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən öncə Azərbaycan Prezidentinin sərəncamları ilə “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” “Şücaətə görə”, “İgidliyə görə”, o cümlədən “Vətən müharibəsi iştirakçısı” medallarına, Şəhidliyindən sonra isə “Vətən uğrunda” medalına və “Azərbaycan Bayrağı” ordeninə layiq görülüb.

O, həm də ailəli olub

İki övladı-bir oğlu və bir qızı Vətəninə, ailəsinə əmanət qalıb.

Eyni zamanda, əmisi İlqar İsgəndərov Birinci Qarabağ Savaşının Qazisi olub, illər öncə dünyasını dəyişib.

Digər əmisi, dörd övladı Vətənə əmanət qalan Əlizamin İsgəndərov isə 17 ilin peşəkar hərbçisi, Aprel döyüşlərinin iştirakçılarından olub və İkinci Vətən Müharibəsinin başa çatmasına cəmi beş gün qalmış-noyabrın 5-də Daşaltıda Şəhadətə ucalıb.

Məkanları cənnətlik, Cənnətdəki doğum günləri mübarək olsun!

Nurlar içində yatsınlar!

12:00

***

Bu gün səhər saatlarında Şəhid Cəmil Məmmədlinin İsmayıllı Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb, əklil qoyulub.

Ruhuna dualar olunub, “Quran” oxunub.

Qısa çıxışlar olunub, Şəhidin cəmi 21 illik qısa, lakin şərəfli həyat yolundan, Vətən maminə fədakarlığından bəhs edilib.

Ailəsinə-valideynlərinə, anası Aygün xanıma və atası Habil Məmmədova Allahdan səbr və dözüm arzulanıb.

Cənnətdəki altıncı doğum günü təbrik olunub.

Şəhidin anası Aygün Məmmədovanın dediklərindən:

“Tək təsəllimiz odur ki, oğlumuz Qəhrəmandır…Tək təsəllimiz odur ki, oğlumuz bu Vətənə borcunu şərəflə yerinə yetirib, Vətəni uğrunda canından keçib, qəhrəmancasına Şəhid olub…Tək təsəllimiz odur ki, millətimiz, xalqımız, Şəhidini sevən insanlar Şəhidlərimizi, balalarımızı unutmur, bizli-bizsiz onları ziyarət edirlər…Tək təsəllimiz odur ki, bir gün bu dünyadan köçüb gedəndən sonra gözümüz arxada qalmayacaq, balalarımız yenə xatırlanacaq, balalarımız yenə ziyarət olunacaq…”

Məzarını ziyarətdən sonra isə Şəhidin ata-baba ocağında adına ehsan süfrəsi açılıb, bir daha ruhuna dualar olunub.

Şəhidin məzarını ziyarətdə və adına açılan ehsan süfrəsində ailə üzvləri, doğmaları, İsmayıllı və Bakıdan olan Şəhid ailələri, Şəhidsevər ziyalılar, Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının üzvləri, din xadimləri və digər şəxslər iştirak ediblər.

14:14

***

FOTOLAR:

***

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Bu yollarda sıxlıq var-SİYAHI

Read Next

Leysan olacaq, dolu düşəcək, çaylardan sel keçəcək-XƏBƏRDARLIQ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir