“Cənnət Başqışlağa, Buzluğa…da səfər edin, bu bölgələr də dirçəldilsin, ölkəmizə, turizmə töhfələr versin…”-GORANBOYLU JURNALİST ÖLKƏ PREZİDENTİ VƏ BİRİNCİ VİTSE-PREZİDENTƏ MÜRACİƏT ETDİ

Cənnət-məkan Buzluqdan yol alırıq daha bir huzur guşəsinə-Goranboyun Başqışlaq kəndinə doğru…

İlk andan da bu kəndə vurulmamaq, valeh olmamaq, heyran qalmamaq mümkün deyil, olmur…

Valeh olmamaq, heyran qalmamaq…əldə deyil…

Gerçəkdən füsunkar, ecazkar, cənnət-məkan, ruhun dincəldiyi bir yer…

Başdan-ayağa yaşıllıq, gözəllik, meşəliklər, gözəl, təmiz hava, bumbuz bulaqlar, şır-şır şırıldayan, səsindən vəcdə gəlməmək mümkün olmayan Kürəkçay, bir tərəfi Dod, bir tərəfi Murov, bir tərəfi Kəpəz, bir tərəfi Qızıl qaya …

Necə deyərlər, gül gülü səsləyir, bülbül bülbülü…İnsan burada qalmaq, ölmək istəyir…

Amma və lakin…

Bu ecazkar, gözəlliyindən doymaq mümkün olmayan kəndin ağır və acı taleyi də olub, var…

1988-ci ildən, Qarabağ hadisələri, fitnəkarlığı başlayan gündən bu kəndin, Başqışlağın, Başqışlaqlıların da növbəti və daha ağır, qara günləri başlayıb…

Başqışlaq, kənd sakinləri daim, mütəmadi olaraq, erməni murdarlarının, barbarların, vandalların hücumlarına məruz qalıb…

Təxminən 100 evdən və 500-600 sakindən ibarət olan Başqışlaq 1991-ci ilin payızınacan dözüb, düşmən qabağından qaçmayıb, döyüşüb, vuruşub, Şəhidlər verib…

Və düz 30 il öncə, 1991-ci ilin sentyabr ayında, payıza yaxın (təxminən sentyabrın 14-də) Başqışlaq və Başqışlaqlıların tarixində, həyatında çox böyük faciə, vandalizm, barbarizm aktı yaşanıb…

Gözlərini qan tutan, qandan bəslənən ermənilər kəndə növbəti dəfə amansızcasına hücum edərək, vandalizm, barbarizm törədiblər, Başqışlağı odlara qalayıb, kəndi xarabazarlığa çeviriblər…

3 ildən çox dözən, düşmənə sinə gərən Başqışlaqlılar öz ata-baba yurdlarından didərgin, köçkün düşməyə məcbur olublar…Yaralananları, Şəhid olanları olub…

Bir ilə yaxın ağır, əzablı köçkün həyatı yaşayıblar Goranboyun mərkəzində, digər bölgələrdə, Gəncədə…

Və 1992-ci ilin uğurlu-tarixi yay-Goranboy (Ağçakənd) əməliyyatından sonra Başqışlaqlıların bir növ köçkünlük həyatı başa çatıb…

Başqışlaqlıların böyük əksəriyyəti erməni murdarlarından təmizlənən qonşu, Başqışlaq qədər gözəl və səfalı Buzluğa köçüblər…

29 ildir Buzluqda yaşayırlar və hər gün üzbəüz, qənşər kəndlərinə-Başqışlağa baxa-baxa…

Həsrətlə baxırlar Başqışlaqlarına və yenidən öz doğma yurdlarına, 30 il öncə xarabazarlığıa çevrilən Başqışlağa dönəcəkləri, həmin kəndin də dirçəldiləcəyi günü səbrsizliklə gözləyirlər…

Və inşallah, bir gün həsrətləri də başa çatar, dönərlər Başqışlağa, Başqışlaqlarına, dünyanın cənnətinə…

Bəli, Başqışlağın dövlət, hökumət səviyyəsində yenidən bərpası, dirçəldilməsi, gülüstana çevrilməsi həm də Azərbaycan iqtisadiyyatına, turizmin inkişafına böyük töhfələr verə, büdcəyə böyük gəlirlər gətirə bilər…

Başqışlaq yenidən dirçəldilərsə, istər yerli, istərsə əcnəbi turistlər üçün əsl cəzbedici və cəlbedici bir məkana çevrilər, eləcə də, Buzluq, Mənəş, Erkəc, Rus Borisi, Ballıqaya və sair…

Burada, bu kəndlərdə böyük turizm potensialı var və bu potensialdan da mütləq şəkildə istifadə edilməlidir…

Və bir Goranboylu, bir ziyalı, bir qələm əhli, bir vətəndaş kimi, ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci xanımımız, Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevaya səslənirəm, üz tuturam, onları Azərbaycanın, Goranboyun cənnətinə, Başqışlağa və ətraf kəndlərə səfər etməyə çağırıram…

Çox istərdim ki, onlar bu bölgələrdə də olsunlar, bu bölgələr də onların sayəsində dirçəldilsin, ayağa qaldırılsın…

Və inanıram ki, bu çağırışım, bu səslənişim də cavabsız, nəticəsiz qalmayacaq.

Başqışılağı xeyli gəzib-dolaşdıqdan, təmiz havasını doyunca ciyərlərimə çəkdikdən sonra…yenidən cənnət Buzluğa dönürük…

Buzluq demişkən, orada kilsə var, həmçinin, qonşu Mənəş kəndində…

Deyilənlərə görə, sonradan mənfurlar tərəfindən dəyişikliklərə məruz qalsa da, hər ikisi də alban kilsələri olub…

Bütün hallarda kilsə(lər) dini-tarixi abidələrdir…Və hər ikisinin də təmirə ehtiyacı var…

Çox güman ki, milli və dini tolerantlıq mərkəzi olan ölkəmizdə bu kilsələrlə də bağlı qərar verilər, onlar da təmir edilər və bütün dünyaya nümayiş olunar…

Və Buzluqda da bir qədər gəzib-dolaşdıqdan sonra yenidən üzü kəndimizə, qəsəbəmizə, qəhrəmanlar məkanı olan Qızılhacılıma doğru yol alırıq…

Allah yolumuzu, izimi də daim açıq-aydın etsin!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV),

18.05.2021, Buzluq- Başqışlaq-Buzluq-Qızılhacılı

Etikxeber.az

Read Previous

“Türkiyənin ictimai-siyasi inkişafının ideoloji əsaslarının araşdırılması Şərqşünaslıq İnstitutunun mühüm elmi istiqamətlərindən biridir”-GÖVHƏR BAXŞƏLİYEVA – FOTOLAR

Read Next

Baş Prokurorluq Bakı Baş Gömrük İdarəsində əməliyyat haqda məlumat yaydı-5 NƏFƏR SAXLANILDI…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir