Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Sabah-15 fevral 2025-ci il tarixində həm Bakılı, həm də Qazaxlı İkinci Vətən Müharibəsi Şəhidi Davud Tariyel oğlu Qurbanovun doğum günüdür…
Sabah Şəhidin 29 yaşı tamam olur və bu, Davud Qurbanovun Cənnətdəki beşinci doğum günü, mövlududur…
Və bir gün öncə-14 fevral 2025-ci il tarixində, səhər saatlarında Bakının Biləcəri qəsəbəsində Şəhidin Cənnətdəki doğum günü ilə bağlı tədbir düzənlənib.
Öncə Şəhidin Biləcəri qəsəbəsindəki barelyefi və adını daşıyan “Şəhid bulağı” ziyarət olunub.
Barelyefinin önünə məktəblilər və digər tədbir iştirakçıları tərəfindən gül dəstələri düzülüb, ruhuna dualar edilib.


Sonra Biləcəri qəsəbəsində yerləşən xeyir-şər mərasim evində Şəhidin Cənnətdəki beşinci doğum günü ilə bağlı tədbir davam etdirilib, adına ehsan süfrəsi açılıb.
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.
Bir daha ruhuna dualar edilib.
Məktəblilər tərəfindən Vətənə, Şəhidə, Şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib, kompozisiya nümayiş etdirilib.
Ailəsinə-valideynlərinə Allahdan səbr və dözüm arzulanıb, Cənnətdəki beşinci doğum günü təbrik olunub.
Şəhidin valideynləri də-anası Qənirə xanım, atası Tariyel kişi öz növbəsində belə bir gündə onları tək buraxmadıqları üçün tədbir iştirakçılarına, xüsusilə, Şəhid ailələrinə minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, Şəhidin Cənnətdəki beşinci doğum günü ilə bağlı tədbirdə ailə üzvləri, doğmaları, Binəqədi rayonundan olan Şəhid ailələri, Davud Qurbanovun təhsil aldığı 299 saylı orta məktəbin kollektivi-müəllim və şagirdlər və digər şəxslər iştirak ediblər.
***
Onu da qeyd edək ki, Davud Qurbanov 1996-cı ilin 15 fevral tarixində Bakı şəhərinin Bilənəqədi rayonunun Biləcəri qəsəbəsində-sadə bir ailədə dünyaya gəlib.
Əslən Qazax rayonunun Birincı Şıxlı kəndindən olan valideynləri əvvəlcə bir müddət Rusiya Federasiyasında yaşayıb, sonra Bakı şəhərinə, Biləcəri qəsəbəsinə köçüblər.
Ailənin dörd oğlan övladından biri, evin sonbeşiyi olub.
Rusiya Federasiyasında dünyaya gəlmiş böyük qardaşı-1986-cı il təvəllüdlü Elnur və 1989-cu il təvəllüdlü ikinci qardaşı Emil 1993-ci ilin iyul ayının 15-də Biləcəri qəsəbəsində faciəli şəkildə vəfat ediblər.
Hər qardaş dayanacaqda dayandıqları yerdə-avtoqəza nəticəsində dünyalarını dəyişiblər.
Valideynləri Elnurla Emili Qazaxın Birinci Şıxlı kəndə qəbiristanlığında, dədə-baba yurdlarında dəfn ediblər.
Bir günün içində hər iki oğlunu itirən Qurbanovlar ailəsi övladsız qalıb.
Sonra-1994-cü ildə yenidən övladları dünyaya gəlib və adını Ümid qoyublar.
Hazırda ailəli, iki övlad atası olan Ümid isə şəkər xəstəliyindən əziyyət çəkir.
Və 15 fevral 1996-cı il tarixində dünyaya gələn Davud 2002-2013-cü illərdə Biləcəri qəsəbəsində yerləşən 299 saylı tam orta məktəbdə oxuyub.
Orta məktəbi əla qiymətlərlə, müvəffəqiyyətlə bitirən Tariyel 2013-cü ildə yüksək balla Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə daxil olub.
2013-2019-cu illərdə həmin universitetdə bakalavr və magistr pillələrində oxuyub.
Universitetdə oxuduğu illərdə öncə “Space”, sonra ATV kanalında işləyib.
2019-ci ilin 1 oktyabr tarixində isə həqiqi hərbi xidmətə, Vətənin keşiyinə yollanıb.
Yevlax rayonu istiqamətində yerləşən “N” saylı hərbi hissədə xidmətə başlayıb.
Axırıcı dəfə isə ailəsi ilə 2020-ci ilin 15 fevral tarixində, doğum günündə, 24 yaşının tamamında görüşüb.
Sonra pandemiya ilə əlaqədar ailəsilə bir araya gələ bilməyib, ancaq telefonla əlaqə saxlayıb.
Və Əsgərliyinin başa çatmasına günlər qalmış İkinci Vətən Müharibəsinin başlaması ilə əlaqədar döyüşlərə, Vətənin müdafiəsinə atılıb.
Şərəfli döyüş yolu 7 gün çəkib.
Oktyabr ayının 3-də Suqovuşan istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Şəhidliyindən sonra 3 medalla-“Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.
Qardaşı Ümidin övladı Onun-Davudun adını daşıyır.
Anası Qənirə xanımın dediklərindən:
“Davudla hər gün danışırdıq…Özü axşam saatlarında zəng edirdi…Axırıncı dəfə oktyabrın 2-də danışdıq…Dedi ki, “narahat olmayın, hər şey yaxşıdır…Erməninin papağı ayaqlarımın altındadır….Tezliklə bayraqları da ayaqlarımın altında olacaq…Oktyabrın 3-də yenə ondan zəng gözləyirdik, ancaq zəng gəlmədi…Axşam saat 21:00 radələri olardı, Biləcəri bələdiyyəsindən zəng edildi, deyildi ki, imkan olsa, bir bu tərəfə gəlin…Düzdür, Şəhid olduğundan şübhələnsək də, yenə də başqa bir xəbər olacağına ümid edirdik…Ancaq (səsi titrəyir)…Davudun Şəhid olduğu deyildi…Və səhərisi gün, oktyabrın 4-də Davudu qardaşlarının yanında, Birinci Şıxlı qəbiristanlığında dəfn etdik…Çox çətindir, çox…Bir valideyn, bir ana üçün dözülməz dərddir bala dərdi…Özü də üç bala dərdi…”
Və sözün bitdiyi yer…
Kəlmələrin aciz qaldığı yer yenə…
Təsəllisi belə mümkün deyil…
Dörd övlad, dörd oğul və üçü artıq bu həyatdan, bu fani dünyadan nakam köçmüş…
Məkanları cənnətlik, ruhları şad olsun!
Nurlar içində yatsınlar!
***
FOTOLAR:












Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az