Cənubi Qafqazı müharibəyə sürükləyirlər – POLİTOLOQ

ABŞ dövlət katibi Con Kerrinin “Dağlıq Qarabağ münaqişəsinin indiki mərhələdə həlli mümkün deyil” açıqlaması Azərbaycanda tənqid olundu. Oktyabrın 13-də Rusiya prezidentinin köməkçisi Yuri Uşakov isə dedi ki, “Moskvanın Dağlıq Qarabağ münaqişəsinin yaxın zamanlarda həll olunacağı ilə bağlı böyük nikbinliyi yoxdur”. Uşakovun bu açıqlaması Kerrinin açıqlamasından fərlqənmir. Bu o deməkdir ki, nə Vaşinqtonun, nə də Moskvanın Dağlıq Qarabağ münaqişəsinin qısa müddətlə həllinə ümidləri yoxdur.

Etikxeber.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu öz “Facebook” səhifəsində paylaşdığı yazı-statusunda qeyd edib. Yaz-statusu olduğu kimi təqdim edirik:

-Prezident Ilham Əliyev Nazirlər Kabinetinin oktyabrın 7-dəki toplantısında Qarabağ münaqişəsi ilə bağlı belə bir cümlə işlətdi: “Qapalı görüşlərdə bizi Qarabağı tanımağa məcbur etmək istəyirlər”.

Prezidentin bu cümləsi o demək deyil ki, həmsədrlər həqiqətən rəsmi Bakıdan Dağlıq Qarabağın “müstəqilliyinin” tanınmasını tələb edirlər. Görünür, həmsədrlər qapalı danışıqlarda rəsmi Bakıdan bunu tələb edirlər: “Siz Dağlıq Qarabağda referenduma razılaşmalısınız ki, bunun müqabilində torpaqlarınız azad olunsun”. Ancaq elə bu ifadənin özünün də prezidentin dediyi kimi “müstəqilliyin” tanınması tələbindən fərqi yoxdur. Çünki referendumun nəticəsi əvvəlcədən bəllidir. Dağlıq Qarabağda əhalinin nisbəti ermənilərin xeyrinədir və onlar referendumda “müstəqilliyə” səs verəcəklər.

Rəsmi Bakı hazırki mərhələdə referendum təklifini qəbul etmir. Əsas tələb Dağlıq Qarabağ ətrafındakı rayonların qeyd-şərtsiz boşaldılmaısıdır. Ermənistan hakimiyyəti isə referendum qarantiyası almadan bu addımı atmaq istəmir.

Amerika Birləşmiş Ştatları və Rusiya indiki şəraitdə Dağlıq Qarabağ münaqişəsini həll etməyəcəklər. İki dövlətin Ukrayna və Suriyaya görə bir-birləri ilə münasibətləri gərgindir. Hətta iki dövlətin hərbi qüvvələrinin Suriyada üz-üzə gəlməsi təhlükəsi var. ABŞ hərbçiləri deyirlər ki, hərbi təyyarələrimiz Bəşər Əsəd ordusunun mövqelərini vura bilər, Rusiyalı hərbçilər isə buna cavab olaraq deyirlər ki, Amerika təyyarələri Əsəd ordusunu hədəf alsa Rusiya Suriyada yerləşdirdiyi C-300 raketləri ilə Amerika təyyarələni vuracaq. Belə şəraitdə ATƏT-in Minsk Qrupunun iki həmsədri olan ABŞ və Rusiyadan Qarabağ münaqişəsinin həlli məqsədilə ortaq fəaliyyət gözləmək problematikdir.

Azərbaycan cəmiyyətinin bir hissəsində aprel döyüşlərindən sonra böyük dövlətlərin Ermənistan hakimiyyətinə təzyiq edəcəyi ümidi var idi. Ancaq Azərbaycan dövlət başçısının son açıqlaması bu ümidlərin özünü doğrultmadığını göstərir. Əskinə rəsmi Bakıya təzyiq var. Ermənistana təzyiq yoxdursa bununla böyük dövlətlər Cənubi Qafqazı böyük müharibəyə sürükləyirlər.

Rusiyanın Ermənistanı “İsgəndər” raketləri ilə təhciz etməsi rəsmi Bakını narahat etdi və buna uyğun addımlar atıldı.

Birincisi, prezident İlham Əliyev Rusiyanın adını çəkmədən Ermənistanı silahlandıranları tənqid etdi. Ermənistanı silahla yalnız bir ölkə təhciz edir. Ona görə də tənqidin ünvanı bəlli idi.

İkincisi, son günlər Azərbaycan ordusunda hərbi təlimlərin sayı xeyli artıb. Müxtəlif növ təlimlər və artileriya atəşləri həyata keçirilir. Bu da Ermənistanın “İsgəndər” raketlərinə yiyələnməsi ilə bağlıdır.

Üçüncüsü, Azərbaycan Ermənistan ordusunun “İsgəndər” raketlərini neytrallaşdırmaq üçün həm xaricdən müasir raket kompleksləri almağı planlaşdırır, həm də yerli hərbi-sənaye kompleksi raket komplekslərinin istehsalına başlayır.

Dördüncüsü, müdafiə naziri Zakir Həsənovun son açıqlamaları diqqəti çəkir. Zakir Həsənov Azərbaycanın Ermənistanın “İsgəndər” raketlərini məhv edəcək müasir silahları olduğunu bildirdi. Yəni bu bir növ Azərbaycan cəmiyyətinə mesaj idi ki, Azərbaycan ordusunun əlində “İsgəndər” raketlərindən də güclü silahı var. Bu həm də Ermənistan cəmiyyətinə mesajdır.

Beləliklə, bölgədə silahlanmanın miqyası getdikcə genişlənir. Bununla növbəti hərbi qarşıdurmanın qarşısını almaq çətin olacaq. “Biz müharibə istəmirik” ifadəsini hamı işlədir, ancaq bunun baş verməməsi üçün münbit zəmin yoxdur.

Cəbhə bölgəsində gərginlik getdikcə artır. Budəfəki müharibə apreldəkinə bənzəməyəcək. Növbəti müharibə lokal deyil, total xarakter daşıya bilər. Total müharibə yalnız Dağlıq Qarabağ və ətraf rayonlarda cərəyan etməyəcək, müharibə Ermənistanla Azərbaycanın digər bütün ərazilərini əhatə edə bilər. Əlbəttə, bu halda Naxçıvan üzərində də müəyyən təhlükə yaranacaq. Belə olarsa Naxçıvanın təhlükəsizlik qarantörü kimi prosesə Türkiyə də qoşulmaq məcburiyyətində qalacaq. Rusiya Ermənistanı müdafiə etsə belə, Azərbaycana qarşı “İsgəndər” raketlərindən istifadə ediləcəksə, bu cavabsız qalmayacaq, Azərbaycan da Ermənistan ərazisindəki obyektləri vuracaq. Bu andan başlayaraq Rusiya ilə Türkiyə arasındakı münasibətlər yenidən gərginləşəcək.

Bu bölgə üçün fəlakət ssenarisidir. Bu fəlakətin qarşısını almaq üçün münaqişənin həllinə başlanılmalıdır. Ancaq bu yoxdursa, dəhşətli ssenarinin reallaşması ehtimalı getdikcə artacaq.

Etikxeber.az

Read Previous

Bakıda beynəlxalq keramika üzrə duet-simpozium keçiriləcək

Read Next

Ronaldinyo “Barselona”nın səfiri vəzifəsini icra edəcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir