“Çətin olacaq…” – PREZİDENT – FOTOLAR – YENİLƏNİB

“Artıq 20 ilə yaxındır ki, mən Milli Olimpiya Komitəsinin prezidenti kimi bu görüşləri keçirirəm. Fürsətdən istifadə edərək bu il də yenidən məni Milli Olimpiya Komitəsinin prezidenti vəzifəsinə seçən Milli Olimpiya Komitəsinin bütün üzvlərinə minnətdarlığımı bildirmək istəyirəm. Bir daha demək istəyirəm ki, bundan sonra da idmanın, Olimpiya hərəkatının uğurlu inkişafı daim diqqət mərkəzində olacaq”.

Etikxeber.az-ın məlumatına görə, bunu Milli Olimpiya Komitəsində  idmançılara və idman mütəxəssislərinə mükafatların təqdim edilməsi mərasimi Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev deyib.

Onun sözlərinə görə, son 19 il ərzində görülən işlər göz qabağındadır. Artıq bu gün Azərbaycan dünya miqyasında güclü idman dövləti kimi tanınır:

“Bizim idman uğurlarımız çox parlaqdır. Biz ildən-ilə idman nəticələrimizi, uğurlarımızı artırırıq. Əgər Yay Olimpiya Oyunlarının nəticələrinə fikir versək görərik ki, hər oyundan-oyuna Azərbaycanın qazandığı medalların sayı artır. Yəni, bu, müsbət dinamikadır. Əslində dinamika hər bir məsələnin təhlili üçün əsas amildir. Biz daim inkişafdayıq. Əminəm ki, müsbət dinamika bundan sonra da davam edəcək, baxmayaraq ki, son Yay Olimpiya Oyunlarında qazandığımız nəticəni təkrarlamaq çətin olacaq. Bununla bərabər, mən yaxşı xatırlayıram ki, 2000-ci ildən sonra hər dəfə Yay Olimpiya Oyunlarına yekun vuraraq oxşar fikirlər səslənmişdir ki, böyük nəticə qazanılıb, bunu təkrar etmək çətin olacaq. Ancaq biz nəinki bu nəticələri oyunlardan-oyunlara təkrar etmişik, onları artırmışıq.

Bu il bizim idmançılarımız beynəlxalq yarışlarda yüzlərlə medal qazanmışlar. Yəni, bütün beynəlxalq yarışlarda Azərbaycan bayrağı dalğalanır. Həm böyüklər, həm gənclər, həm də yeniyetmələr arasında keçirilən bütün beynəlxalq idman tədbirlərində Azərbaycan ləyaqətlə təmsil olunur. Son illər ərzində çox güclü idmançılar nəsli yetişib. Gənclərimiz – müstəqillik dövründə doğulan, yetişən idmançılar bu gün şöhrətimizi yüksəklərə qaldırırlar. 2016-cı il ölkəmizin idman tarixində xüsusi yer tutacaq. İlk növbədə, ona görə ki, biz bu il Rio Yay Olimpiya Oyunlarında tarixi qələbə qazanmışıq. Bu Oyunlarda 200-dən çox ölkə iştirak edirdi. Azərbaycan medalların sayına görə bu ölkələr arasında 18-ci yerə layiq görülüb.

Bu, böyük tarixi qələbədir. Bu, həm idmançılarımızın gücünü, eyni zamanda, dövlətimizin gücünü göstərir. Çünki ancaq inkişaf etmiş güclü dövlətlərdə idman da inkişaf edir və gözəl idman nəticələri vardır. Əgər yüksək yerləri tutan ölkələrin siyahısına baxsaq görərik ki, onların mütləq əksəriyyəti zəngin və inkişaf etmiş ölkələrdir. O ölkələrdir ki, onlarda dövlətçilik ənənələri çox böyükdür. Bizim isə cəmi 25 yaşımız var. Biz bu il müstəqilliyimizin bərpasının 25 illiyini qeyd etmişik və idmançılarımızın qələbəsi bu bayram günlərinə gözəl bir hədiyyə olub”.

Prezident deyib ki, Yay Olimpiya Oyunlarında medalların sayına görə 18-ci yeri tutmaq doğrudan da böyük və tarixi qələbədir:

“Onu da qeyd etməliyəm və bunu Azərbaycan idman ictimaiyyəti bilir, istəyirəm ki, bütün vətəndaşlar da bir daha bunu eşitsinlər, biz Avropa ölkələri arasında 7-ci yerdəyik, dünya miqyasında medalların sayına görə 14-cü yerdəyik, MDB və postsovet məkanında 2-ci və müsəlman aləmində 1-ci yerdəyik. Bu parlaq qələbə münasibətilə mən bir daha bütün idmançılarımızı, məşqçiləri, bütün idman ictimaiyyətini təbrik etmək istəyirəm.

Rioda qazandığımız böyük qələbə, eyni zamanda, onu göstərir ki, ötən il Bakıda keçirilmiş Avropa Oyunlarında əldə etdiyimiz uğurlar təsadüfi deyildi. Biz o Oyunlarda da çox böyük nəticə göstərmişik, 56 medal qazanmışıq və komanda hesabında 2-ci yerə layiq görülmüşük. Rio Olimpiya Oyunlarının bir göstəricisini də diqqətinizə çatdırmaq istəyirəm. Biz bu Oyunlarda 56 idmançı ilə təmsil olunmuşuq və 18 medal qazanmışıq. Bu göstəriciyə görə biz iştirak etmiş bütün ölkələr arasında birinci yerdəyik.

Ötən il Bakıda keçirilmiş Avropa Oyunları bir daha idmanımızın inkişaf səviyyəsini göstərdi. Bir daha göstərdi ki, biz güclü dövlətik. Bu Oyunlarda çox gərgin mübarizədə bütün Avropa ölkələri arasında ikinci yeri tutmaq doğrudan da böyük qələbədir, böyük qəhrəmanlıqdır. Siz də yaxşı xatırlayırsınız, təbii ki, mən də. Bu Oyunlar ərəfəsində, Oyunlar zamanı və sonra Azərbaycana qarşı mərkəzləşmiş qaydada aparılan çirkin kampaniya da çalışırdı ki, bu Oyunlara ləkə vursun, bizim imkanlarımızı aşağılasın və idmançılarımızın qələbəsini təhrif etsin ki, Azərbaycan bu Oyunların keçirilməsi ilə məşğul olan ölkədir, ev sahibliyi edib, ona görə də yüksək nəticələrdir.

Rio Yay Olimpiya Oyunlarında əldə edilmiş qələbə bax, bu çirkin şayiələrə növbəti bir tutarlı zərbədir. Biz həm keçən il yüksək idman nəticələri göstərdik, eyni zamanda, bu Oyunların keçirilməsi də bütün beynəlxalq idman ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilib. Mən bir çox Yay Olimpiya Oyunlarında olmuşam. Müqayisə edə bilərəm və bunu söyləyərkən bir daha demək istəyirəm ki, bizim təşkil etdiyimiz Oyunlar heç bir Yay Olimpiya Oyunlarının səviyyəsindən aşağı deyil. Bir çox parametrlər üzrə bu Oyunlar Yay Olimpiya Oyunları üçün də nümunə ola bilər. Bilirəm ki, indi bizim təcrübəmizi öyrənirlər.

Bax, idman nəticələrimiz bundan ibarətdir. Biz həm beynəlxalq yarışlarda, dünya çempionatlarında, Olimpiya Oyunlarında böyük qələbələr qazanırıq, həm də istənilən böyükmiqyaslı beynəlxalq yarışı da təşkil edə bilirik. Onu da bir daha xatırlatmaq istəyirəm ki, Avropa Oyunlarının hazırlanması üçün bizim cəmi iki il vaxtımız var idi. İllərlə, bəlkə də 7-8 il ərzində görülən işləri biz iki il ərzində görə bildik.

Bu Oyunlarla bağlı Bakının ən müasir idman infrastrukturu yaradıldı və əsaslı şəkildə təmir edildi. Bu gün bizim idman qurğularımız xalqımıza, idmançılara xidmət göstərir. Yeni tikilmiş möhtəşəm Olimpiya Stadionumuz, Su İdmanı Sarayı, Atıcılıq Mərkəzi, təmir edilmiş digər idman obyektlərimiz bu gün ən yüksək standartlara cavab verir və biz bundan sonra da istənilən beynəlxalq yarışı keçirə bilərik.

Avropa Oyunları əlbəttə ki, ölkəmizin təbliğinə də müsbət xidmət göstərmişdir və biz bundan sonra da Bakıda beynəlxalq tədbirlərin keçirilməsi üçün lazımi addımlar atmışıq…”

ilham-uzun

ilham-godak

ilham-kok

ilham-qadin

Etikxeber.az

Read Previous

Sabah duman olacaq, bəzi ərazilərə qar yağacaq

Read Next

Əliyev Əliyevə mükafatını təqdim etdi – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir