Cəmi 21 yaşında Vətən yolunda sağlamlığından keçən-QAZİ ZAUR İSFRAFİLOVA QARŞI BİGANƏ VƏ LAQEYD MÜNASİBƏTƏ SON QOYULACAQMI? QƏBƏLƏ RAYON RƏHBƏRLİYİ QAZİNİN PROBLEMLƏRİ İLƏ MARAQLANACAQ VƏ ONLARI HƏLL EDƏCƏKMİ? – FOTOLAR

Əslən Qəbələ rayonunun Uludaş kəndindən olan İkinci Vətən Müharibəsi Qazisi, Vətən sevdalısı Zaur Yaşar oğlu İsrafilov

Ailənin 4 övladından biri, ali təhsilli idmançı, subay və bir neçə medallı…

Zaurla bir müddət öncə, ötən ilin noyabr ayında, dayısı oğlu-Şəhid Adəm Heydərovun Əbədiyyətə uğurlanmasının ikinci ilində tanış olmuş və haqqında yazmışdım…

Bu gün onun haqqında ikinci dəfə yazmaq ehtiyacı duydum…

Bu dəfə Qazimizin, ikinci qrup Qarabağ əlilinin İgidliyindən, Qəhrəmanlığından deyil, üzləşdiyi, Haqq etmədiyi problemlərdən, çətinliklərdən yazmaq qərarına gəldim…

Çünki biganə, laqeyd qala bilməzdim, vicdanım buna yol verməzdi…

Zaur və ailəsi maddi cəhətdən çox imkansızdır, qazancları dolanışıqlarına, güzəranlarına güclə yetir… Heç bəzən də yetmir…

Yaşadıqları kənddə hələ də qaz yoxdur…

Özü də Qəbələ kimi imkanlı və varlı bir rayonda…

21-ci əsrin üçüncü dekadasında…

Gülməli, həm də ağlamalı bir mənzərə…

Və çox təəssüflər olsun ki, hələ də kəndin qazlaşdırılması haqqında düşünən, konkret, real addım atan yoxdur…

Sanki belə də olmalıymış…

Ən əsası…Qazimizin, Vətən sevdalımızın ailəsinin yaşadığı evin-bəlkə də daxma adlandırılsa daha yaxşı olar-əsaslı, ciddi təmirə ehtiyacı var…

Ancaq ailənin gəliri, qazancı bunu heç cür reallaşdırmaq, qarşılamaq gücündə deyil…

Qeyd etdiyim kimi, ailənin qazancı onların gündəlik tələbatlarını güclə ödəyir…

Qazimizin dediyinə görə, üzləşdiyi, üzləşdikləri problemlərin həlli istiqamətində Qəbələ rayon rəhbərliyi tərəfindən də heç bir real addım atılmır…

Edilən müraciətlər də havadan asılı qalır…

Yəni, tam biganəlik, laqeydlik…

Cəmi 21 yaşında və cəmi 3 ayın Əsgəri olaraq, uff demədən Vətən yolunda ölümlərdən dönən, sağlamlığından keçən, səhhətində hələ də problemlər qalan bir Vətən sevdalısına, Qazimizə qarşı belə münasibət isə heç cür və heç cür qəbuledilən deyil…

Kimsə, xüsusilə də Qazimiz belə bir münasibəti heç cür Haqq etmir…

Odur ki, Qəbələ rayon rəhbərliyi, digər aidiyyatı qurum və şəxslər artıq Qazimizə qarşı bu cür laqeyd və biganə münasibətə son qoymalı, onun, ailəsinin problemləri ilə ciddi şəkildə maraqlanmalı və ən əsası konkert, real addımlar atmalıdır…

Bu, onların həm vəzifə, həm də Qazimiz qarşısında mənəvi borclarıdır…

Borcunuzu, borclarınızı bir zəhmət yerinə yetirin-məmurlar, vəzifə, səlahiyyət sahibləri, cənablar!

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Avropa Birliyindən Rusiyaya qarşı 10-cu-SANKSİYA PAKETİ

Read Next

9 yaşlı uşaq ov tüfəngi ilə 7 yaşlı dayısı oğluna-XƏSARƏT YETİRDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir