“Hər dəfə Şəhid xəbəri gələndə Şəhriyarı yuxuda görürdüm…”-CƏMİ 25 YAŞINDA ŞƏHİDLİK MƏQAMINA UCALAN, AİLƏNİN İKİ ÖVLADINDAN BİRİ, EVİN TƏK VƏ SUBAY OĞLU ŞƏHRİYAR VƏZİR OĞLU QASIMOVUN ANASI İLHAMƏ QASIMOVA – FOTOLAR – YENİLƏNİB – (1)

Həm Binəqədili, həm də Bərdəli İkinci Vətən Müharibəsi Şəhidi Şəhriyar Vəzir oğlu Qasımov…

Cəmi 25 yaşında Vətəni, Qarabağı yolunda canını qurban edən Vətən fədaisi…

İgid, Qəhrəman, Vətən sevdalısı Azərbaycan övladı…

Nur üzlü İkinci Qarabağ Savaşı Şəhidimiz…

Şəhriyar Qasımov 7 noyabr 1995-ci ildə Bərdə rayonunun Hüseynbəyli kəndində dünyaya göz açıb…

Ailənin iki övladından biri, tək bacının tək qardaşı, evin tək oğlu olub…

2002-2013-cü illərdə-əvvəlcə Bərdə rayonunun Musa Vəliyev adına Böyük Qacar kənd orta məktəbində, sonra isə Bakı şəhərinin Binəqədi rayonunun Şəhid Rövşən İmanov adına 205 saylı orta məktəbində orta təhsil alıb…

Orta məktəbi bitirdikdən sonra, 2013-cü ildə həqiqi hərbi xidmətə, Vətənin keşiyinə yollanıb…

2015-ci ildə Əsgərliyini başa vurduqdan, Vətənə xidmət borcunu yerinə yetirdikdən sonra evinə-ailəsinə dönüb, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Binəqədi rayon filialında çalışmağa başlayıb…

2020-ci ildə isə təhsilini davam etdirmək üçün Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinə daxil olub….

Və bir Vətən sevdalısı kimi İkinci Vətən Müharibəsi zamanı könüllü şəkildə cəbhəyə, Vətənin müdafiəsinə yollanıb…

Vətənin müdafiəsinə gedərkən də, anasına “Sizi Allaha tapşırıram. Həm də ana, mən ölməyə yox, öldürməyə gedirəm”-deyib…

Şərəfli döyüş yolu təxminən bir aya yaxın, sentyabrın 29-dan oktyabrın 26-na kimi çəkib…

Füzuli, Cəbrayıl, Xocavənd, Qubadlı, Zəngilan istiqamətlərində döyüşüb-vuruşub…

Axırıncı dəfə valideynləri, atası Vəzir kişi ilə oktyabrın 19-da danışıb, həmin gündən sonra-Şəhidliyinə qədər ondan xəbər almaq mümkün olmayıb…

Və oktyabrın 26-da Xocavənd istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb…

Nəşi elə həmin gün, oktyabrın 26-da atasının istəyi ilə Binəqədi rayonunun Sulutəpə qəsəbə qəbiristanlığında Əbədiyyətə uğurlanıb…

Şəhidliyindən sonra 4 medalla-“Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Laçının azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub…

Cəmi 25 yaşında Şəhidlik məqamına ucalan Şəhriyar həm də subay olub…

İki övlad anası olan tək bacısının övladı da Onun-Şəhriyarın adını daşıyır…

Ruhu köməyi olsun, torpağı sanı yaşasın!

***

Bu gün-30 may 2023-cü il tarixində Şəhidimizin Binəqədi rayonunda yaşayan ailəsini-valideynlərini ziyarət etdik…

Ziyarətdə mənimlə birgə Şəhriyarın döyüş yoldaşı-Aprel döyüşləri və İkinci Vətən Müharibəsinin iştirakçısı Şamil Xabarov da iştirak edirdi…

Bu yerdə qeyd edim ki, Şəhriyar haqqında da ilk dəfə məhz Şamildən eşitmiş və o zaman qərara gəlmişdik ki, onunla birlikdə Şəhidimizin ailəsini, ocağını ziyarət edək…

Şamillə də birlikdə bu gün 2 saata yaxın Şəhidimizin ailəsində, ocağında olduq, Dərdli, Yaralı, həm də Dik duruşlu valideynləri-anası İlhamə xanım və atası Vəzir kişi ilə görüşdük…

Şəhidimizin valideynlərinə, ailəsinə Allahdan səbr və dözüm arzuladıq…

“Şəhidimizin ruhu şad olsun! Ruhu qarşısında baş əyirik!”-dedik…

Şəhidimizin ailəsi, valideynləri ilə dərdləşdik, söhbətləşdik…

Birlikdə təsirləndik, birlikdə duyğulandıq, birlikdə kövrəldik…

Sözün bitdiyi, kəlmələrin aciz qaldığı anlar yaşadıq…

Şəhidimizin anası İlhamə xanımın dediklərindən:

“Hər dəfə Şəhid xəbəri gələndə Şəhriyarı yuxumda görürdüm…Binəqədiyə ilk Şəhidimiz gəlmişdi-Manaf Bəhmənli…Hamımız təsirlənmişdik…Şəhriyar dedi ki, mən də müharibəyə gedəcəyəm…Təbii ki, bir ana kimi etiraz etdim…Dedi ki, ana, mən getməyim, o getməsin, bəs kim getsin…Torpaqlarımızı azad etmək bizim borcumuzdur…Və dediyini də etdi, arzusuna da çatdı…Müharibəyə könüllü şəkildə getdi və Şəhid oldu…Hələ orta məktəbdə oxuyarkən dərs zamanı demişdi ki, mən Şəhid olacağam (gözləri dolur)…Şəhriyar belə bir oğul idi…Onun haqqında saatlarla, günlərlə danışsam, doymaram, yorulmaram…”

Atası Vəzir kişinin dediklərindən:

“Axırıncı dəfə oktyabrın 19-da danışdıq…Dedi ki, ata, zəng etməyin, özüm vaxt olanda danışacağam, burada danışmaq üçün imkan yoxdur…Bunu deyərkən ona bir az da acıqlandım…Çünki danışmayanda, səsini eşitməyəndə, çox narahat olurdum…Dedi ki, ata, narahat olmayın, özüm imkan tapanda zəng edəcəyəm…Bu, onunla sonuncu danışığımız oldu…Ondan sonra Şəhriyarla əlaqə saxlaya bilmədik…”

Və iki saata yaxın çəkən ziyarətimizin sonunda bir daha Şəhidimizin valideynlərinə Allahdan səbr, dözüm diləyib, onlardan ayrıldıq…

Məqamı Ucalardan-uca, dərgahı mübarək olsun!

Nur içində uyusun!

Xatirəsi daim qəlbimizdə yaşayacaq!

Şəhidlərimizi, Şəhriyarları unutmadıq və unutmayacağıq!

14:13

***

FOTOLAR:

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Azərbaycanın və İsrailin birinci xanımları Qala Arxeoloji-Etnoqrafik Muzey-KOMPLEKSİNDƏ – FOTOLAR

Read Next

Ordumuzun Ağdam və Şuşadakı mövqeləri erməni silahlı dəstələri tərəfindən atəşə tutulub-MN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir