“Cərimələrin məbləği artırılmalıdır: Hətta karantin rejiminin sərtləşdirilməsinə əlavələr edilməsi zərurəti var…”-MİLLƏT VƏKİLİ

XXI əsrin bəlasına çevrilən COVID-19 pandemiyası dünyada yenidən kəskinləşməkdədir. Dünya virusla mübarizədə yalnız bir döyüşdə qalib gəldi, ikinci döyüşdə fəsadlar özünü göstərir. Statistika da göstərir ki, dünyada xəstəliyə yoluxanların sayı kəskin artır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, dünya üzrə gün ərzində 183 min insan koronavirusa yoluxur. Xəstəlikdən vəfat edənlərin sayı isə artıq yarım milyona çatıb.

Etikxeber.az xəbər verir ki, bu fikirləri  deputat, professor Elman Nəsirov deyib.

Deputat bildirib ki, Azərbaycanda sərt karantin rejimi yumşaldıldıqdan sonra xəstəliyə yoluxanların sayında artım baş verdi:

“Məhz bu səbəbdən Nazirlər Kabineti yanında Operativ Qərargah iyunun 21-dən iyulun 5-ə kimi iki həftəlik sərt karantin rejimi tətbiq etməyə məcbur oldu. Karantin rejiminin sərtləşdirilməsində məqsəd insanlarımızın mümkün qədər sağlamlığının qorunmasıdır. Dövlətimiz yoluxmanın qarşısını almaq üçün qanunda da dəyişiklik etməyə məcbur oldu. İnzibati Xətalar Məcəlləsində edilən dəyişikliyə görə, karantin rejimini pozan fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər isə 200 manat məbləğində cərimə ödəməlidirlər. Burada məqsəd insanları cərimə etmək deyil, onları məsuliyyətli olmağa vadar etmək və sağlamlıqlarını qorumaqdır”.

Vəziyyətin kəskinləşməsində bəzi vətəndaşların məsuliyyətsizliyini əsas gətirən E.Nəsirov sonra deyib:

“Təhlillər göstərir ki, bəzi vətəndaşlar laqeydlik göstərir, mövcud vəziyyətin mahiyyətini anlamırlar. Hələ də insanlar arasında bu xəstəliyə barmaqarası baxanlar, istehza ilə yanaşanlar var. Virusa yoluxanların sayının kəskin artması bəzi vətəndaşların məsuliyyətsizliyinin nəticəsidir. Belə insanların ilkin arqumentləri ondan ibarət idi ki, ətraflarında, qohum-əqrabalarında koronavirusa yoluxan və bu xəstəlikdən həyatını dəyişən insan yoxdur. Belə insanlar yaxınının, qohumunun xəstəliyə yoluxmasından, əziyyət çəkməsindən sonra koronavirusa inanmağa başlayırlar. Sonra inanmaq da məhz fəsadlarla nəticələnir. Belə münasibət məsuliyyətsiz insanların yanaşmasıdır. Mövcud vəziyyət onu deməyə əsas verir ki, tətbiq olunan cərimələrin məbləği artırılmalıdır. Hətta karantin rejiminin sərtləşdirilməsinə əlavələr edilməsi zərurəti də meydana çıxır. Çünki başqa cür mümkün deyil”.

Millət vəkili həmçinin diqqətə çatdırıb ki, dövlət koronavirusla mübarizədə əlindən gələn hər şeyi edir:

” Prezident İlham Əliyev bu istiqamətdə ardıcıl, preventiv qərarlar qəbul edir, müvafiq tədbirlər həyata keçirir. Azərbaycan Prezidentinin həyata keçirdiyi bu siyasət həm xalq, həm də beynəlxalq təşkilatlar tərəfindən yüksək dəyərləndirilir. Birinci-vitse prezident Mehriban Əliyeva dəfələrlə xalqa müraciətində insanları ehtiyatlı olmağa, özlərini, ailələrini qorumağa səsləyib. Dövlətə dəstək göstərməli, qaydalara əməl etməliyik ki, daha ciddi fəsadlarla qarşılaşmayaq”.

Etikxeber.az

Read Previous

“Əgər onların ağlı, gücü, dərrakəsi yetərsə, artıq düşmənçilik və təcavüzkarlıq siyasətindən yavaş-yavaş imtina edib hər iki ölkə ilə münasibətləri normallaşdırmaq xəttini tutarlar…”-DEPUTAT

Read Next

“Üzeyir Hacıbəyov, Abbas Zamanov, Ədil İsgəndərov, Rəsul Rza, Xudu Məmmədov, Aydın Məmmədov, Əbülfəz Elçibəy kimi aydınlar xalqın ön cərgəsində yer alsalar da…”- FAZİL MUSTAFA YAZDI, YENƏ “QARAGÜRUH”DAN SÖZ AÇDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir