“Çətin olduğu qədər də, şərəfli bir missiyadır…Biz bunu da bacaracağıq, bunu da edəcəyik”-ELDƏNİZ SƏLİMOV PREZİDENTİN SON MÜŞAVİRƏSİNDƏN YAZDI

Bu gün, cəmi saatlar öncə ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirə keçirildi.

Qeyd edək ki, ilin yekunlarına, o cümlədən, ilin dörd rübünə həsr olunmuş müşavirələr ölkəmizdə, dövlətçiliyimizdə artıq bir növ ənənə halını alıb.

Bu müşavirələr də ötən dövrdə görülən işlərə, atılan addımlara, həyata keçirilən siyasətə baxış, dəyərləndirmə, əldə edilən uğurların, o cümlədən, buraxılan nöqsanların bir daha ali, yüksək səviyyədə müzakirəsi, uğurların davam etdirilməsi, nöqsanların isə aradan qaldırılması, problemlərin həlli yollarının axtarılması, tapılması, həlli, növbəti-gələcək hədəflərin, planların müəyyənləşdirilməsi deməkdir.

İkinci müstəqil Azərbaycanın qurucusu, banisi və memarı,Tarixi və Böyük Şəxsiyyət Heydər Əliyevin ikinci hakimiyyət dövründən əsası qoyulan, keçirilən bu cür müşavirələr Ulu Öndərin siyasətinin layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyevin 18 illik hakimiyyəti dönəmində də davam etdirilib və etdirilməkdədir.

Bugünkü uğurlarımızda, naliyyətlərimizdə, Qələbələr və Zəfərlərimizdə də bu müşavirələrin, bu müşavirələr zamanı verilən tapşırıqların, alınan qərarların çox böyük rolu və müstəsna əhəmiyyəti olub.

Ötən ilə gəlincə isə qeyd etmək lazımdır ki, dünyada yaşanan və Azərbaycana da təsirsiz ötüşməyən koronavirus pandemiyası ilə bağlı 2020-ci ilin ilk ayları ölkəmiz, dövlətimiz üçün müəyyən çətinliklər, problemlər yaratsa da, ilin sonları, xüsusilə, payız fəsli bəlkə də son 3 əsrdə xalqımızın tarixində ən gözəl dönəm, ən möhtəşəm dövr oldu.

Koronavirus pandemiyasına, gözəgörünməyən, “gizli düşmən”ə qarşı inadkarlıqla, ardıcıllıqla, qətiyyətliliklə mübarizə aparan, bu məsələdə də dünyaya örənək, nümunə, əməkdaşlıq, tərəfdaşlıq etdiyi qurumlara, Türk Şurasına, Qoşulmama Hərəkətına, Ümumdünya Səhiyyə Təşkilatına (ÜST), 30-dan çox dövlətə mənəvi və maddi dəstək, BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılmasına nail olan ölkəmiz, dövlətimiz Müzəffər, Xilaskar Ali Baş Komandanın başçılığı və rəhbərlik, komandanlıq etdiyi Azərbaycan Ordsusunun, igid, qəhrəman Azərbaycan Əsgərinin gücü, “Dəmir Yumruğu” ilə açıq, murdar və alçaq düşmənə, qandan bəslənən ermənilərə, onların, vassal, əl buyruğu, vassal, terror dövlətinə, Ermənistanı himayə edənlərə qarşı mücadilədə də Dastan, Tarix yazdı, yeni hərb modeli yaratdı.

32 illik qanlı Ermənistan-Azərbaycan münaqişəsini öz gücünə, öz milli həmrəyliyi hesabına-cəmi 44 günə həll etdi, düşməni qarşısında diz çökdürdü, təslimiyyətə uğratdı, öz müqəddəs, ay-ulduzlu, üçrəngli bayrağını qədim Qalamız-Şuşamız daxil olmaqla, işğaldan azad olunmuş, azadlığına qovuşmuş bütün yurd yerlərində əzmlə, şəstlə, qürurla dalğalandırdı.

Bir daha sübut etdi və lal, kar, kor dünyaya bir daha göstərdi ki, Qarabağ sözdə deyil, əməldə, reallıqda Azərbaycanındır və ona uzanan əllər kəsiləcək, necə ki, kəsildi.

Bütün dünya qarşısında bir daha güclü, qüdrətli, qüvvətli, Qalib Azərbaycanı gördü, onu yenidən tanıdı, etiraf etdi.

Bugünkü müşavirədə də geniş nitqi, çıxışı zamanı ölkə Prezidenti cənab İlham Əliyev bildirdi ki, 2020-ci ilin əsas yekunu torpaqlarımızın işğaldan azad olunmasıdır.

Qeyd etdi ki, Azərbaycan 44 gün ərzində tarixi Qələbə qazanaraq öz torpaqlarını azad edib, düşmənə sarsıdıcı zərbələr endirib və Ermənistanı məğlub edib.

“Bizim şanlı Qələbəmiz bizim güclü iradəmizi, xalqımızın güclü əzmini bütün dünyaya nümayiş etdirdi”-deyən Qalib ölkənin Müzəffər Ali Baş Komandanı vurğuladı ki, bizim sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur və Azərbaycan siyasi, iqtisadi, hərbi gücü sayəsində qarşıda duran əsas vəzifəni şərəflə yerinə yetirib.

2020-ci ildə ölkəmizdə parlament seçkilərinin keçirildiyini, siyasi partiyalarla dialoqun gücləndiyini, kadr islahatlarının davam etdirildiyini deyən dövlət başçımız həmçinin, pandemiyanın fəsadlarının aradan qaldırılması istiqamətində görülən işlərdən danışaraq, diqqətə çatdırdı ki, ötən il iqtisadiyyat 4 faizdən bir qədər çox azalsa da, qeyri-neft sənayemiz 11 faizdən çox artıb.

Bəli, pandemiyanın müəyyən zərərlərinə rəğmən, qeyri-neft sektorunda 11 faizdən çox artıma nail olunması özü böyük göstərici və uğurdur.

Bundan əlavə, kənd təsərrüfatı, orta aylıq əməkhaqqı və pensiyalar da artıb, Neft Fondunun vəsaiti azalmayıb, əksinə, o da artıb. Bununla da Azərbaycan öz valyuta ehtiyatlarını qoruyub.

Həmçinin, “Bakı-Tbilisi-Ceyhan”, “Bakı-Tbilisi-Ərzurum”, “ikinci qan damarı” adlandırllan TANAP kimi, Cənub Qaz Dəhlizi (CDQ), onun son seqmenti olan TAP da tam istismara verilib.

Bəli, tarixdə ilk dəfə olaraq Azərbaycan qazı artıq Avropa məkanındadır.

Bu, bizim tarixi nailiyyətimizdir, bu, bizim əsası 1994-cü ildən, “Əsrin müqaviləsi” ilə qoyulan tarixi neft strategiyasının möhtəşəm nəticəsi, töhfəsi, bəhrəsidir.

Bu, bir daha ölkəmizin dünyanın enerji təhlükəsizliyində əsas aktorlardan biri olmasının təsdiqidir.

Bəli, biz hərb meydanında da, diplomatiya səngərində də, informasiya savaşında da, sosial-iqtisadi islahatlar prosesində də örnək, nümunə, Qalib olduğumuz, model yaratdığımız kimi, enerji təminatı, enerji təhlükəsizliyi məsələsində də Lider, Qalib, Diktə edən ölkəyik.

Heç təsadüfi deyil ki, çıxışında da ölkə Prezidenti beynəlxalq qurumların ölkəmizdə gedən işlərə yüksək qiymət verdiyini, Dünya Bankının “Doing Business” hesabatında Azərbaycanın reytinqinin artdığını, 190 ölkə arasında 28-ci yerdə qərarlaşdığını və 10 ən islahatçı ölkə sırasına daxil edildiyini dilə gətirdi. Həmçinin, Davos Dünya İqtisadi Forumunun hesabatında Azərbaycanla bağlı uğurları sadaladı.

Prezidentimiz nitqində Qalib ölkə kimi, işğaldan azad olunan torpaqlarda bu il geniş quruculuq işlərinin aparılacağını vurğulayaraq, bununla bağlı tapşırıqlarını da verdi.

Bəli, bu il bizim üçün çox, hədsiz dərəcədə məsuliyyətli, həssas bir ildir.

Biz torpaqlarımızı işğaldan azad etdik, işğala son qoyduq, indi isə ona tam sahiblənməyimiz üçün həmin ərazilərin, Qarabağımızın bərpası, dircəldilməsi, ayağa qaldırılması, cənnətə çevrilməsi lazımdır.

Çətin olduğu qədər də, şərəfli bir missiyadır.

Biz bunu da bacaracağıq, bunu da edəcəyik.

Biz qısa zamanda Qarabağımızı da cənnətə, gülüstana çevirəcəyik, əvvəlki gözəlliyinə, ecazkarlığına qaytaracağıq.

Biz Vaqif poeziya günlərini bərpa edəcəyik, biz “Xarı bülbül” festivalını bərpa edəcəyik.

Biz bunları göz bəbəyimiz olan Şuşamızda edəcəyik, keçirəcəyik.

Daha nələr, nələr…

Qalib ölkəyə, Qalib Azərbaycana, Müzəffər Ali Baş Komandana da yaraşan budur!

Eldəniz SƏLİMOV,

Millət vəkili

Etikxeber.az

Read Previous

“Ölkə Prezidentinin apardığı siyasətin təzahürüdür ki, bu illər ərzində xalqımız öz bütövlüyünü, humanistliyini itirməyib”-DEPUTAT SEÇİCİLƏRİ İLƏ YENİDƏN BİR ARAYA GƏLDİ, YEVLAXLILAR NÖVBƏTİ DƏFƏ ÖLKƏ PREZİDENTİNƏ DƏSTƏK İFADƏ ETDİLƏR – FOTOLAR

Read Next

“Nə desək, nə etsək, borclarından çıxa bilmərik. Onlar ölmədilər! Onlar hər zaman bizimlədirlər”-JALƏ ƏLİYEVA ŞƏHİDLƏRİN MƏZARLARINI ZİYARƏT ETDİ, ŞƏHİD AİLƏLƏRİNƏ BAŞ ÇƏKDİ – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir