“Çağrılmamış qonaq” bütün bəşəriyyətin qapısını döydüyü kimi, təəssüflər olsun ki, Azərbaycana da təşrif buyurub…”-JALƏ ƏLİYEVA YAZDI VƏ ÇOX ÖNƏMLİ TƏKLİFLƏR VERDİ

COVİD-19 adlı “çağrılmamış qonaq” bütün dünyanın, bəşəriyyətin qapısını döydüyü kimi, təəssüflər olsun ki, Azərbaycana da təşrif buyurub.

Xəstəliyin qeydə alındığı ilk günlərdən hələ çox-çox əvvəl bu bəla ilə mübarizə üçün ölkəmizdə ən optimal və effektiv tədbirlər görüldü.

Ardıcıl bütün sosial qrupların problemləri, imkan və maraqları dolğutusunda kompleks addımlar atıldı.

Əlbəttə ki, bütün fəaliyyətlər və görülən tədbirlər cənab Prezidentin nəzarəti və rəhbərliyi altındadır.

Ölkəyə qısa zaman kəsiyində profilaktik yardım vəsaitlərinin, dərman pereparatlarının, tibbi ləvazimatların, diaqnostika laboratoriyalarının gətirilməsi, Operativ Qərargahın yaradılması, Koronovirusla Mübarizəyə Dəstək Fondunun yaradılması tədbirləri birbaşa ölkə Prezidentinin göstəriş və sərəncamları ilə baş tutdu.

Həm ölkə Prezidenti, həm Birinci vitse-prezident bir illik əmək haqlarını fonda ianə etdilər.

Bu addımlar bütün ölkənin hər bir vətəndaşının səfərbər olmasına zəmin yaratdı.

Bir çox dövlət qurumlarının əməkdaşları bir aylıq əmək haqları qorunmaqla məzuniyyətə göndərildilər.

Dövlət özəl sektoru, biznes strukturlarını da unutmadı.

Cənab Prezident büdcədən bir milyard manat vəsait ayıraraq, məsələyə bütün istiqamətlər üzrə yanasılması gərəkliyini önə çəkdi.

İş yerlərinin qorunub saxlanmasının vacibliyi, hər bir vətəndaşın sosial müdafiəsinin diqqətdə saxlanılması da dövlət başçısının əhəmiyyət verdiyi prioritetlərdən biridir.

Koronavirus böhranının iqtisadiyyatda mənfi təsirinin azaldılması ilə bağlı Prezident sərəncamına uyğun olaraq yaradılan dörd işçi qrupu tam gücü ilə fəaliyyət göstərir.

Turizm, ictimai-iaşə, ticarət, nəqliyyat və sair sahələr daxil olmaqla hələlik on iki sektor müəyyənləşdirilib.

Hazırda muzdlu işçilərin sosial müdafiəsinin gücləndirilməsi, zərərə düşən müəssisələrin öz işçilərini kütləvi şəkildə ixtisar etməməsi, eyni zamanda, məşğulluq tədbirlərinin həyata keçirilməsi yönümündə iş aparılır.

Verilən məlumatlara görə, özünəməşğulluq, ödənişli ictimai işlər və ünvanlı sosial yardımın əhatə dairəsinin genişləndirilməsi, aztəminatlı insanların böhranın təsirindən qorunması üçün önümüzdəki günlərdə əlavə tədbirlər görüləcək.

Bu, “çağırılmamış qonaq” bütün dünyanı, eyni zamanda, ölkəmizi də bir anın içərisində “hazırlıqsız” yaxalayıb.

Bu gün ölkə həm xəstəliyin yayılmaması üçün önləyici tədbirlər görür, həm də hələ bundan sonra nə qədər sürəcəyi və daha hansı problemlərə yol açacağı bilinməyən bu xəstəliyin iqtisadiyyata, bütünlükdə sosiuma vurduğu və vuracağı ziyanları aradan qaldırmaqdadır.

Hər gün vətəndaşlardan çox sayda online müraciətlər alırıq.

Görülən bütün tədbirlər, ölkəmizin bu xəstəliyin “işğalı”ndan hələlik minimum ziyan və itkiylə çıxa bilməsi üçün aparılan mübarizə, atılan addımlar, əlbəttə ki, vətəndaşımız tərəfindən birmənalı olaraq təqdir edilir.

Vətəndaş sözün əsl mənasında arxasında dövlətini, onun gücünü görməkdən məmnundur.

Biz hər bir vətəndaşın Prezidenti olmağı bacaran ölkə rəhbərinə, bu günlərdə ölkənin bütünlükdə xilası üçün göstərdiyi əzmkarlığa, ard-arda verdiyi sərəncamlarla, tapşırıqlarla hər an vətəndaşın yanında olan cənab Prezident İlham Əliyevə minnətdarıq və buradan təşəkkürümüzü bildiririk.

Bü günlər həssas günlərdir.

Hər bir bəşər övladı kimi Azərbaycan insanı da gözlənilməz hadisələrin şokunu, stresini yaşayır.

Bəziləri daha böyük həyəcan və təlaş içərisindədirlər.

Söhbət aztəminatlı ailələrdən, kimsəsizlərdən, tək analardan, günəmuzd, günərzi işləyən və faktiki olaraq işsiz qalan insanlardan, kredit ödənişləri olanlardan və sair bu kimi təbəqədən gedir.

Bu qəbildən olan vətəndaşlara birdəfəlik-müəyyən miqdarda vəsait ayrılması, müavinət verilməsi, bu qəbildən ailələrin minimum ərzaq məhsulları ilə təmin edilməsi, karantin tədbirlər dövründə bir sıra ödənişlərdən azad edilmələri, kredit ödənişlərində güzəştlərin tətbiq edilməsi istiqamətində təcili və təxirəsalınmaz önləmlərin alınması vacibdir.

Ölkəyə kifayət qədər tibbi maska və spirt gətirilsə də, hələ də bu məhsullarla bağlı qıtlıq yaşanır.

Bugünlərdə Azərbaycanın özünün tibbi maska istehsalına başlayacağı gələn gözəl xəbrlər arasındadır.

Lakin hələlik bu maskalar istehsal edilənədək məhz bu məhsullarla bağlı məsələlərdə möhtəkirliyə, fürsətçiliyə son qoyulması üçün nəzarət daha da gücləndirilməli, xüsusilə rayonlarda, kənd və qəsəbələrdə bu məsələnin həlli daha ciddi şəkildə diqqətdə saxlanılmalıdır.

Bu gün bütün ölkə boyu Operativ Qərargah fəaliyyət göstərir.

Yaxşı olardı ki, bölgələrdə, hətta hər bir rayonumuzda bu Operativ Qərargahın, belə demək mümkünsə, şöbələri, növbətçi bölmələri yaradılsın.

Həmin rayonun hətta ən ucqar kəndində belə məlum situasiya ilə bağlı olaraq ortaya çıxan hər hansı bir problemi həmin növbətçi hissə tərəfindən yerindəcə həll etmək mümkündür.

Başqa bir məsələyə də toxunmaq istəyirəm.

Bu gün həyat əhəmiyyətli bir çxox qurumlar demək olar ki, 24 saat tam kadrla işləyirlər.

Prezident Administrasiyası, Nazirlər Kabineti, Səhiyyə Nazirliyi, Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi, hüquq-mühafizə orqanları, televiziya işçiləri, mətbuat və sairə dediyimiz kateqoriyadandılar.

Məsələn, Respublika Prokurorluğunun rayon şöbələrinin bütün əməkdaşları tam kadrla işə çıxırlar. Və deyək ki, onlardan birində nəsə aşkarlanarsa, bütün o həmin təşkilat tamamilə karantinə alınacaq.

O zaman baş verən hansısa bir hadisəni kim araşdıracaq, kim istintaqın aparacaq?

Dövlət qurumlarının daimi işini, daimi işlək potensialının olmasını təmin etmək üçün əgər işçi sayı imkan verərsə, onları üç yerə bölüb bir hissəsini 15 günlük məzuniyyətə, başqa sözlə, evdə karantinə buraxmaq olar.

Bununla da daimi işçi potensialımız olacaq.

Vətəndaşlar öz dövlətinin gücü ilə, qüdrəti ilə fəxr edir.

Və dünyamızın bu cür gözlənilməzliklərlə dolu olan fors-major dönəmində belə ölkəmizin bu imtahan qarşısında da ləyaqətlə duruş gətirəcəyinə hər bir vətəndaşımız inanır və əmindir!

Jalə ƏLİYEVA,

Milli Məclisin (MM) Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, professor.

Etikxeber.az

Read Previous

Daha 64 nəfərdə koronavirus aşkarlandı, 11 nəfər isə sağaldı-OPERATİV QƏRARGAH

Read Next

Dövlətimizi qoruma səngərlərimiz evlərimizdir-ƏFLATUN AMAŞOV YAZIR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir