“Çalışacağam ki, Azərbaycanda növbəti dəfə daha çox qalım və burada olanda heç zaman özümüzü yad ölkədəki kimi hiss etmirəm…Elə bil ki, sanki Təbrizdəyəm, Ərdəbildəyəm… Sanki doğulduğumuz, böyüdüyümüz, yaşadığımız İran Azərbaycanındayıq…”-PEZEŞKİAN – FOTO – YENİLƏNİB – (1)

Aprelin 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian mətbuata bəyanatlarla çıxış ediblər.

Etikxeber.az xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti bəyanatla çıxış etdi.

Prezident İlham Əliyevin bəyanatı

-Hörmətli cənab Prezident.

Hörmətli qonaqlar, xanımlar və cənablar.

Cənab Prezident, Sizi Azərbaycanda bir daha səmimiyyətlə salamlayıram, Azərbaycana xoş gəlmisiniz. Əminəm ki, Sizin səfəriniz Azərbaycan-İran dostluq, qardaşlıq münasibətlərinin inkişafına öz dəyərli töhfəsini verəcək.

Xalqlarımız əsrlər boyu mehribanlıq, qardaşlıq şəraitində yaşayıb. Bu gün dövlətlərarası münasibətlərimiz bu möhkəm təməl üzərində inkişaf edir. İran Prezidentinin Azərbaycana rəsmi səfəri əlaqələrimizin yüksək səviyyədə olmasının təzahürüdür.

Bu gün apardığımız danışıqlar və fikir mübadiləsi əsnasında bir çox önəmli məsələlər haqqında söhbət etdik, fikirlərimizi bildirdik, Azərbaycan-İran strateji münasibətlərini bir daha təsdiqlədik. Biz bütün məsələlərə səmimi şərait əsnasında öz fikirlərimizi bildirmişik. Əsas məsələ ondan ibarətdir ki, hər iki tərəf Azərbaycan-İran əlaqələrinin inkişafına çalışmalıdır və çalışır. Hörmətli Prezidentin böyük heyətlə Azərbaycana gəlməsi və bu gün bir çox önəmli sənədlərin imzalanması, o cümlədən prezidentlər səviyyəsində imzalanmış sənəd bir daha bizim xoş niyyətimizi göstərir, onu göstərir ki, biz bütün istiqamətlər üzrə bir-birimizə daha yaxın olmağa çalışırıq.

Biz beynəlxalq təşkilatlar çərçivəsində bir-birimizi ənənəvi olaraq dəstəkləyirik. Bu barədə bu gün də fikir mübadiləsi aparıldı və gələcək birgə əməkdaşlıq çərçivələri müzakirə edildi. İstər BMT olsun, istər İslam Əməkdaşlıq Təşkilatı, ECO, Qoşulmama Hərəkatı və digər təşkilatlar çərçivəsində daim bizim nümayəndələrimiz bir-birinin yanındadır.

Biz bu gün geniş gündəlik əsasında fəaliyyət göstəririk. Burada həm regional təhlükəsizlik məsələləri önəmli rol oynayır, – bu barədə fikir mübadiləsi aparılmışdır, – eyni zamanda, çoxtərəfli əməkdaşlıq üçün gözəl şərait var. Təbii olaraq bizim ticarət əlaqələrimizin inkişafı ilə bağlı konkret göstərişlər verildi. Nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüş də çox məhsuldar olmuşdur. Birinci mərhələdə hörmətli Prezidentlə təkbətək və məhdud tərkibdəki görüş əsnasında fikir mübadiləsi aparılmışdır. Yəni, məramımız, məqsədimiz birdir – Azərbaycan-İran dövlətlərarası əlaqələrini yüksək səviyyəyə qaldırmaqdır. Bunun üçün yenə də deyirəm, müvafiq göstərişlər verildi və əminəm ki, bu göstərişlər yerinə yetiriləcək.

Prezidentin səfərinə qədər çox fəal təmaslar həyata keçirilirdi, yüksəkvəzifəli şəxslər qarşılıqlı səfərlər edirdilər, həm Prezidentin səfərinə hazırlıq məqsədilə, eyni zamanda, konkret layihələrin icrası üçün. Bütün bu işlərdə əməyi olan vəzifəli şəxslərə öz təşəkkürümü bildirmək istəyirəm. Səfər doğrudan da çox yaxşı hazırlanıb, çox yaxşı sənədlər ərsəyə gəlib. Əminəm ki, qəbul edilmiş qərarlar bizim əlaqələrimizi uzun illər bundan sonra yüksələn xətlə aparacaq.

Biz bu gün təbii olaraq üçtərəfli əməkdaşlıq layihələrini geniş müzakirə etdik. Onların arasında təbii olaraq Şimal-Cənub nəqliyyat dəhlizi xüsusi yer tutur. Bu layihə bu layihədə iştirak edən bütün ölkələrə çox böyük səmərə gətirəcək, böyük fayda verəcək. Azərbaycan öz ərazisində bu nəqliyyat dəhlizinin fəaliyyəti üçün bütün lazımi infrastruktur layihələrini həyata keçirib. Hazırda biz, sadəcə olaraq, artacaq yükləri nəzərə alaraq öz nəqliyyat imkanlarımızı və infrastrukturumuzu genişləndiririk. İstər dəniz limanı olsun, dəmir yolu olsun, avtomobil nəqliyyatı olsun – bütün bu istiqamətlər üzrə gözlənilən böyük yük həcmlərini qəbul etmək və ötürmək üçün biz böyük sərmayə qoyuluşu layihələrinə başlamışıq.

Biz bu gün, eyni zamanda, humanitar sahədə, mədəniyyət sahəsində ənənəvi dostluq əlaqələrinin davam etdirilməsi üçün konkret göstərişlər verdik. Müəyyən etdik ki, sonuncu qarşılıqlı mədəniyyət günləri səkkiz il bundan əvvəl keçirilmişdir və birgə qərar əsasında yaxın gələcəkdə qarşılıqlı mədəniyyət günləri keçiriləcək. Xalqlarımızın tarixi ortaqdır, mədəniyyətimiz də ortaqdır. Biz əsrlər boyu bir məkanda yaşamışıq, bir dövlət çərçivəsində yaşamışıq. Yəni, qohumluq əlaqələri də çox genişdir. Bu gün iki müstəqil dövlət kimi biz bölgəmizdə önəmli rol oynayırıq. Bölgə məsələlərinin bölgə ölkələri tərəfindən həll olunması da hər iki tərəfin fikridir və siyasətidir.

Mən heç şübhə etmirəm ki, bu səfər bizim münasibətlərimizin inkişafında çox önəmli rol oynayacaq. Biz Prezident Pezeşkianı səbirsizliklə gözləyirdik. Çox təəssüf edirik ki, bir neçə gün bundan əvvəl İranda baş vermiş faciə insan itkiləri ilə nəticələndi. Bir daha qardaş İran xalqına başsağlığı veririk. Allah həlak olanlara rəhmət eləsin, yaralananlara Allah şəfa versin. Bu faciəyə baxmayaraq, Prezident Pezeşkian Azərbaycana öz səfərini gerçəkləşdirir. Biz bunu çox yüksək qiymətləndiririk və Allah xalqlarımızı bu bəlalardan qorusun, həmişə bizim bölgəmizdə sülh olsun, əmin-amanlıq olsun və hər iki ölkə bu istiqamətdə öz səylərini göstərəcək. Hər halda ikitərəfli formatda bölgədəki vəziyyət, sülhün dayanıqlı olması, əmin-amanlığın təmin edilməsi, ölkələrin suverenliyi, ərazi bütövlüyü, ölkələrin daxili işlərinə qarışmama kimi prinsiplər də üstün tutuldu.

Mən yenə də Prezident Pezeşkiana “Xoş gəlmisiniz!” deyirəm, mənim dəvətimi qəbul edib Azərbaycana səfər etdiyi üçün təşəkkürümü bildirmək istəyirəm.

Onunla birlikdə gələn bütün qonaqlarımıza da “Xoş gəlmisiniz!” deyirəm.

Əminəm ki, səfəriniz uğurlu, nəticələr də çox gözəl olacaq.

Sağ olun.

***

Sonra İran Prezidenti bəyanatla çıxış etdi.

Prezident Məsud Pezeşkianın bəyanatı

-Hər şeydən əvvəl əziz qardaşım, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə səmimi qarşılanma, qonaqpərvərlik və göstərdiyi münasibətə, həmçinin onun regionla, Azərbaycanla bağlı və ümumən, ikitərəfli münasibətlərimizdə atılacaq addımlar və mümkün olan bütün sahələrdə əməkdaşlığı genişləndirmək və dərinləşdirmək üçün göstərdiyi əzmkarlığına görə təşəkkürümü bildirmək istərdim.

Bizim münasibətlərimiz yeni başlamış münasibətlər deyil. Biz qədim dövrlərdən üzü bəri həmişə bir yerdə olmuşuq. Tarixin lap qədim dövrlərindən birlikdə, yan-yana olmuşuq. Sərhəd qonşuluq deməkdir, evlərin qonşuluğu kimi. Qonşuların həyəti var, evi var. Lakin onların bir-birinin arasında gediş-gəliş olur. Bir-birinə dayaq durarlar, kömək edərlər, səsinə səs verərlər.

Bizim bu bölgədə mədəniyyət, din, etiqad, siyasət kimi bütün bu sahələrdə həddindən artıq oxşar cəhətlərimiz var. Bununla fəxr edirik. Bunlara ürəkdən bağlıyıq. Çalışacağıq ki, bundan sonra da bu müştərək dəyərlər əsasında münasibətlərimizi davam etdirək. Biz bir çox sahələrdə əldə edilmiş təcrübə ilə bölüşə bilərik. Bu bölgədə bazarlarımızdan birgə istifadə edə bilərik. Bu gün əldə edilmiş razılaşmalara, imzalanmış sənədlərə əsasən, hörmətli Prezident İlham Əliyev müəyyən müddət çərçivəsində gələcək üçün strateji planın hazırlanması haqqında müvafiq nazirlərə, məsul şəxslərə göstəriş vermişdir. Biz də öz tərəfimizdən xarici işlər nazirinə tapşırıq verdik ki, hökumətlə razılaşdırıb, bu addımları davam etdirsin. Çalışacağıq ki, gələcək üçün geniş, əhatəli və daha yaxşı strateji planımız olsun. Bütün sahələrdə – sənaye, elm, mədəniyyət, iqtisadiyyat, siyasət, təhlükəsizlik üzrə planlarımız olsun. Biz birlikdə bölgədə sülh, təhlükəsizlik və əmin-amanlığı təmin edəcəyik və öz çətinliklərimizi həll edəcəyik. Əminəm ki, əgər biz müsəlman ölkələri, regional dövlətlər və qonşular, qədim dövrlərdən bir yerdə olmuş qardaş və bacılar əl-ələ verib bir-birinin ərazi bütövlüyünə hörmətlə yanaşsaq, dünyaya baxışlarımız qarşılıqlı qaydada razılaşdırılmış olacaq.

Beləliklə, bütün sahələrdə əməkdaşlıq edə bilərik. Elə bir bölgə yarada, ölkələr arasında elə bir əlaqə qura bilərik ki, Avropa ölkələri arasında olan əlaqələrdən daha üstün olsun. Bunun üçün yolları birləşdirək, maliyyə, ticarət əlaqələrimizi düzəldək, Şimal-Cənub, Şərq-Qərb dəhlizlərini yaradaq. Bütün bunları qarşılıqlı dəstək sayəsində həyata keçirək. İş adamlarımız birgə istehsal proseslərini həyata keçirsinlər, birgə sərmayələr yatırsınlar, işlər qursunlar. Biz istehsal, elm, mədəniyyət, iqtisadiyyat, siyasət sahələrində birgə hərəkət etməli, digərlərinə bunları pozmağa imkan verməməliyik. Onlar aramızda ixtilaf yaratmaq istəsələr, buna yol verməyəcəyik. Bizim aramızda bizi birləşdirən çoxlu ortaq amillər, hətta ailə, qohumluq əlaqələrimiz var. Bu, elə bir məsələdir ki, heç kəs bunları poza bilməz.

Əziz qardaşım, Prezident İlham Əliyev böyük əzm və iradə nümayiş etdirir. Biz də öz tərəfimizdən, inamımıza, iradəmizə və əzmkarlığa əsaslanaraq, Allahın köməyi ilə bütün əldə olunmuş nailiyyətləri artıracağıq, öhdəlik götürdüyümüz sənədləri icra edəcəyik. Bəzi məqamlar var ki, hələ yazılmayıb. Amma gərəkdir ki, onları da yazaq və imzalayaq, onları mütləq həyata keçirək. Biz bunların həyata keçirilməsinə, icrasına qəti şəkildə qərarlıyıq. Mən həmin qətiyyəti, həmçinin qardaşımızda görürəm. Allahın köməyi ilə digər layihələri bölgə üçün, İranın və Azərbaycanın gələcəyi üçün, hətta Yaxın Şərq bölgəsi üçün birlikdə yaradacağıq.

Əziz qardaşıma qonaqpərvərliyə görə bir daha böyük minnətdarlığımı bildirirəm. Ölkəmizdə bəzi hadisələr baş verdiyinə görə burada əlavə müddətə qala bilmirəm. Lakin çox vaxt keçməyəcək ki, dostumla yenidən görüşəcəyik. Çalışacağam ki, Azərbaycanda növbəti dəfə daha çox qalım və burada olanda heç zaman özümüzü yad ölkədəki kimi hiss etmirəm. Elə bil ki, sanki Təbrizdəyəm, Ərdəbildəyəm. Sanki doğulduğumuz, böyüdüyümüz, yaşadığımız İran Azərbaycanındayıq.

Çox şadam ki, Sizinlə bir yerdəyəm. İqtisadi, mədəni, elmi, təhlükəsizlik, hərbi və digər sahələrdə əl-ələ verib özümüz, övladlarımız və sonrakı nəsillər üçün möhkəm gələcək quraq.

Gələcək nəsillər fəxr etsinlər ki, bu cür sağlam əlaqələr qurmuşuq.

Bir daha Sizə təşəkkür edirəm.

21:11

***

Aprelin 28-də Bakıda, Heydər Əliyev Mərkəzində Azərbaycan-İran biznes-forumu keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian tədbirdə iştirak ediblər.

Dövlətimizin başçısı biznes-forumda çıxış edib.

Prezident İlham Əliyevin çıxışı

-Hörmətli cənab Prezident, əziz qardaşım.

Hörmətli qonaqlar, xanımlar və cənablar.

Bu gün İran İslam Respublikasının Prezidenti cənab Pezeşkianın Azərbaycana rəsmi səfəridir. Deyə bilərəm ki, səfər çox uğurlu keçir. Səfər zamanı əldə edilmiş razılaşmalar, imzalanmış sənədlər bir daha Azərbaycan-İran dostluğunu, qardaşlığını təsdiqləyir. Bir sözlə, bu rəsmi səfərin çox gözəl siyasi nəticələri vardır. İmzalanmış sənədlər arasında xüsusilə prezidentlər tərəfindən imzalanmış Birgə Bəyannaməni qeyd etmək istərdim. Çox ciddi sənəddir və gələcək əməkdaşlıq üçün bizə yol göstərən sənəddir. Əlbəttə, biz istərdik ki, ticarət, iqtisadi əməkdaşlığımız da eyni nəticələri hasil etsin. Əfsuslar olsun ki, bu günə qədər bu, belə olmayıb. Ancaq əminəm ki, bu səfərdən sonra və biznes-forumun nəticələrindən irəli gələrək biz növbəti illərdə ticarət, iqtisadi, sərmayə qoyuluşu və digər bu kimi sahələrdə ciddi irəliləyiş görəcəyik. Mən şadam ki, hörmətli cənab Prezidentlə bərabər Azərbaycana böyük biznes heyəti gəlib. İrandan gələn 120-dən çox iş adamı əminəm ki, Azərbaycanda öz həmkarları ilə artıq təmaslar qurublar və biznes-forum nəticəsində real layihələr meydana gələcək.

Əminəm ki, növbəti dəfə biz biznes-forum keçirəndə bu toplantı salonu tam dolu olacaq. Halbuki indi də nümayəndələrin sayı az deyil, biznes-forumda 400-dən çox iştirakçı vardır. Bu onu göstərir ki, qarşılıqlı maraq kifayət qədər böyükdür. Təbii ki, siyasi əlaqələr güclü olanda biznes dairələri də öz fəaliyyətlərini buna uyğun şəkildə qururlar və hesab edirəm ki, növbəti illərdə ticarət dövriyyəsinin artırılması üçün konkret addımlar atılmalıdır. Bu gün biz statistik rəqəmlərə baxdıqda görürük ki, iki ölkə arasındakı ticarət dövriyyəsi heç bir milyard dollara çatmır və əlbəttə ki, bu, bizi qane edə bilməz. Ona görə ticarət dövriyyəsinin artırılması, qarşılıqlı sərmayə qoyuluşu, müştərək müəssisələrin yaradılması və digər buna oxşar təşəbbüslər əlbəttə ki, təqdirəlayiq olacaq. Hesab edirəm ki, burada aparıcı rol Azərbaycan-İran hökumətlərarası komissiyaya məxsusdur. Mən komissiyanın fəaliyyətini yüksək qiymətləndirirəm. Komissiyanın həmsədrləri, üzvləri müntəzəm olaraq görüşürlər və hər bir görüşün böyük əhəmiyyəti var.

Azərbaycan və İran, eyni zamanda, önəmli beynəlxalq layihələrdə iştirak edir, o cümlədən Şimal-Cənub nəqliyyat dəhlizi üzrə biz sıx əməkdaşlıq edirik. Biz istəyirik ki, bu, sadəcə, nəqliyyat dəhlizi olmasın, həm Azərbaycan, həm də İran ərazisində yol boyunca yeni bizneslərin açılması, yeni sənaye müəssisələrinin yaradılması üçün imkan yaratsın. Bunun üçün kifayət qədər imkanlar var. Çünki hər iki ölkənin çox böyük iqtisadi potensialı var, hər iki ölkədə sahibkarlar sinfi kifayət qədər fəaldır. Sadəcə olaraq, biz gərək iş adamlarımızı bir araya gətirək, necə ki, bu gün biz bunu edirik. Onlara konkret layihələr təqdim olunmalıdır. Ölkələrimizin vergi sistemi, tariflər, sərmayə iqlimi, biznes sahəsindəki qanunvericilik – bütün bunlar iki ölkənin iş adamlarına aydın olmalıdır. Yəni, qaydalar nədir, qanunlar nədir? Ondan sonra əlbəttə ki, böyük sərmayə qoyuluşundan söhbət gedə bilər. Mən hesab edirəm ki, uzun fasilədən sonra Azərbaycan və İran iş adamlarının belə mötəbər toplantısı, xüsusilə prezidentlərin iştirakı ilə biznes-forumun keçirilməsi çox ciddi bir addımdır və əlbəttə ki, biz iş adamlarımızdan konkret nəticələr gözləyirik.

Azərbaycanda dövlət xətti ilə bir çox infrastruktur layihələri həyata keçirilir. Biz İran şirkətlərini bu layihələrdə iştirak etməyə dəvət edirik. Burada həm dəmir yolları, avtomobil yolları, kommunikasiya xətləri, elektrik xətləri – bütün bu layihələr bizdə bu gün əsas gündəlikdədir. Eyni zamanda, erməni işğalından azad edilmiş ərazilərdə hazırda geniş quruculuq işləri gedir. Biz kəndləri, şəhərləri demək olar ki, sıfırdan qururuq. Çünki işğal dövründə Ermənistan bizim bütün şəhər və kəndlərimizi yerlə-yeksan etmişdir. Ona görə orada böyük iş imkanları yaradılır və istərdim ki, İrandan, bizim dost, qardaş ölkədən olan biznesmenlər bu istiqamətdə də işləsinlər.

Biz bu gün müzakirə etdiyimiz məsələlər arasında elektroenergetika məsələlərinə də böyük diqqət ayırdıq. Burada təkcə elektrik stansiyalarının tikintisi yox, eyni zamanda, ötürücü xətlərin tikintisi məsələsi nəzərdə tutulur. Burada da bu sahədə təcrübəsi olan şirkətlər üçün yaxşı fürsətlər, yaxşı imkanlar yaradılır. Biz gələcəkdə iki ölkə arasında həm ikitərəfli, həm də çoxtərəfli – qonşu ölkələrlə birlikdə formatda enerji mübadiləsi layihələrinə də baxa bilərik. Daha doğrusu, bu gün artıq bu, gündəlikdə duran məsələlərdən biridir. Azərbaycanda yaşıl enerjinin istehsalı prosesi artıq başlamışdır və bunun böyük gələcəyi var. Biz beş ildən sonra 6500 meqavat gücündə Günəş, külək və su enerji potensialımızı ortaya qoyacağıq və bunun böyük hissəsi ixracyönümlü enerji növləridir. Bu istiqamətdə əlbəttə ki, indidən hazırlıq işləri aparılmalıdır. Eyni zamanda, Araz dəhlizi layihəsi böyük diqqət cəlb edir, həm bölgəmizdə, həm dünyada, bu layihə ilə bağlı müxtəlif fərziyyələr, müxtəlif şayiələr gəzir. Əslində, buna heç bir əsas yoxdur. Çünki bu, sadəcə olaraq, yeni bir nəqliyyat, bağlantı layihəsidir və Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə İran ərazisindən birləşdirən bir layihədir. Burada, eyni zamanda, böyük tranzit imkanları yaranacaq. Bu, sadəcə olaraq, bu bölgənin layihəsi deyil. Biz hesab edirik ki, bu, Asiyadan Avropaya uzanan nəqliyyat dəhlizinin bir qolu olmalıdır. Bir tərəfi Aralıq dənizinə, bir tərəfi Fars körfəzinə uzanan yeni nəqliyyat bağlantı dəhlizi olmalıdır və bir çox ölkələr bundan fayda götürəcək. Təbii olaraq, bu layihənin ərsəyə gəlməsində əsas rol yenə də bizim ölkələrimizin üzərinə düşür və bu istiqamətdə Azərbaycan tərəfindən aparılan işlər demək olar ki, tamamlanıb. Araz çayı üzərində Azərbaycan tərəfinə düşən körpünün inşası demək olar ki, hazırdır, o cümlədən sərhəd-keçid məntəqəsinin inşası prosesi gedir. Əgər hər şey istədiyimiz kimi olsa, bu ilin sonuna qədər avtomobil körpüsü istismara verilə bilər.

O ki qaldı, dəmir yolu körpüsünə, bu məsələ də müzakirə mövzusudur. Biz dəmir yolumuzu artıq gələn il İran sərhədinə, Zəngilan-Ağbənd istiqamətinə çatdıra bilərik və təbii olaraq İran ərazisində dəmir yolu inşası da nəzərdə tutularsa, o zaman bu da beynəlxalq nəqliyyat dəhlizi olacaq. Yəni, çox geniş perspektivlər açılır və bütün bunları həyata keçirmək üçün əsas amillər var. Birincisi, Azərbaycan-İran arasındakı dostluq, ikincisi, qarşılıqlı siyasi iradə, üçüncüsü bu layihələrin bir çox ölkələrə xidmət göstərməsi və qarşılıqlı fayda verməsi məsələsi. Bu, yəni, əsas məsələlərdən biri olan layihədir.

Təbii ki, kiçik və orta sahibkarlığın inkişafı da həmişə bizim diqqət mərkəzində olub və hesab edirəm ki, biznes dairələri, Azərbaycan, İran iş adamları rəhbərlikdən, yəni siyasi rəhbərlikdən gələn bu mesajları düzgün qəbul edəcəklər və öz fəaliyyətlərində bunu rəhbər tutaraq, konkret iş görməklə bizim ticari-iqtisadi əlaqələrimizi daha da gücləndirəcəklər. Yenə də ümid edirəm ki, növbəti dəfə biz burada görüşəndə bu salon tam dolu olacaq.

Bir daha xoş gəlmisiniz, hörmətli cənab Prezident, əziz qardaşım.

Hörmətli iranlı dostlarımıza da xoş gəlmisiniz deyirəm.

Sağ olun.

X X X

Sonra İran Prezidenti çıxış etdi.

Prezident Məsud Pezeşkianın çıxışı

-Azərbaycan Respublikasının möhtərəm Prezidenti, əziz qardaşım cənab İlham Əliyevə bizə göstərdikləri qonaqpərvərliyə, bizi səmimi qarşıladıqlarına, qarşılıqlı əlaqələrimizin konstruktiv şəkildə davam etməsi ilə əlaqədar ümidverici bəyanatına görə bir daha təşəkkürümü bildirirəm. Burada Sizin xidmətinizdəyik və inanırıq ki, əlaqələrimiz əvvəllər olduğu kimidir, – biz onsuz da bir yerdə idik, – aramızdakı sərhəd elə bil qonşu və ailə arasında olan sərhəddir, hərəsi bir tərəfdə bir divar və bir qapıya malikdir, amma həmişə bir yerdədirlər, bir-birini görürlər və bir-biri ilə əlaqələrə malikdirlər. Biz gərək bir-birimizə kömək edək, Azərbaycan xalqı və İran xalqı üçün nailiyyətlərimizi, istehsalımızı, elmimizi və mədəniyyətimizi qarşılıqlı olaraq bölüşək və ondan faydalanaq, hər iki tərəfin qazanacağı bir mühiti yaradaq.

Əziz qardaşımın vurğuladığı kimi, Azərbaycan və İran nəqliyyat marşrutlarının kəsişməsində yerləşən ölkələr olaraq aramızdakı əsas nəqliyyat dəhlizlərini və marşrutlarını – bizimlə Rusiya arasında Şimal–Cənub, həmçinin Şərq–Qərb nəqliyyat marşrutlarını həyata keçirə bilərlər. Bu isə ticarətin, elmin, mövcud təcrübənin və texnologiyanın ötürülməsinə lazımi şərait yaradır.

Bizim bir çox qonşu ölkələrin rəhbərləri ilə görüşlərimdə həmişə belə bir ideyanı qaldırmışam və bu, hətta tələbəlik illərimdə də daim beynimdə olub ki, niyə biz birlikdə bir qatara minərək Pakistandan İrana, Azərbaycana, Türkiyəyə, İraqa, Ərəbistana səfər etməyək. Axı, bir-birimizlə bu əlaqələri rahat şəkildə yaratmaq üçün nə problem var ki…

Oxşar mədəniyyət və sivilizasiyaya, qədim tarixə və qohumluq əlaqələrinə malik İslam ölkələri, – bütün qonşularımız bir-biri ilə bir neçə minillik əlaqələrə malikdir, – nəyə görə biz belə əlaqələr üçün münasib mühit yaratmayaq. Belə bir mühitin yaradılması üçün ilk addım ticarətlə, mədəniyyətlə, elmlə başlayır. Universitetlərimiz bir–biri ilə əlaqə yarada, elm, texnologiya və mədəniyyət sahələrində əldə etdikləri təcrübələri bölüşə bilərlər. Ticarət və sənaye sahələrində çalışan insanlarımız bu istiqamətlərdə təcrübələrini regionun və bizim özümüzün ehtiyaclarımız üçün bir-birinə ötürsünlər. Regionumuzda mövcud olan bazar bizim ehtiyacımızı təmin edir və bütün dünyanı təmin edə bilər. Bu bazar İran üçündür, Azərbaycan üçündür, Pakistan üçündür, Əfqanıstan üçündür. Biz özümüz üçün belə bir bazar yarada bilərik və bu, bizim iradəmizdən asılıdır. Bizim iş adamlarımız, tacirlərimiz, Azərbaycandakı siz əzizlər bir–birinizlə müştərək olub birgə investisiya qoyuluşunu həyata keçirin. Biz Azərbaycanda, siz İranda, biz və siz İraqda, Pakistanda, pakistanlılar isə bizimlə, yəni, bir-birimizlə sıx əlaqələrə malik bir birlik yarada bilərik. Daha sonra yollarımızı açarıq, mövcud texnologiyanı, təcrübəni, elmimizi bir-birimizə ötürə bilərik. Rifahın, sülhün və sabitliyin, inkişafın və azadlığın mövcud olduğu bir gələcəyi özümüz, bölgəmiz və cəmiyyətlərimiz üçün yarada bilərik. Regionun təhlükəsizliyini biz özümüz qoruya bilərik. Başqa yerdən gəlib bizim üçün təhlükəsizliyin yaradılmasına ehtiyacımız yoxdur. Böyüklərimiz bir yerdə oturub problem və ixtilafları həll ediblər. İnanmıram ki, yuxarı səviyyədə ixtilaf mövcud olsun, aşağıda bəziləri var və əlbəttə, onları da xaricdən təhrik edirlər. İstəmirlər ki, eyni mədəniyyət və ənənələrə malik qonşu ölkələr arasında və bölgədə sağlam əlaqələr yaransın. Biz aramızda mövcud olan uzun tarixə malik sağlam əlaqələrin bəziləri tərəfindən müxtəlif bəhanələrlə pozulmasına və pisləşməsinə imkan verməməliyik. İranda, elə öz cəmiyyətimizdə bu hadisələrin baş verməsini ürəyi istəməyənlər var. Ehtimal ki, ola bilər burada da olsun. Ehtimal ki, İraqda, Əfqanıstanda da ola bilər olsun. Lakin vacib olan odur ki, ticarət və investisiya biri-birini tamamlasa və biz təhsildə, sənayedə, elmdə, mədəniyyətdə səmimi və dərin əlaqələr qura bilsək, idmançılarımız və incəsənət xadimlərimiz bir-biri ilə görüş keçirsələr, əlaqələri olsa sülh və təhlükəsizlik dolu bir region yarada bilərik. Mən burada əziz qardaşım, möhtərəm cənab Prezident İlham Əliyevin yanındayam. İlk saatlardan bir-birimizə səmimiyyətimizi və sədaqətimizi bildirdik. Bütün sahələrdə əməkdaşlıq etməyə hazır olduğumuzu bildirdik. Bizim və Azərbaycanın ərazisi Şərqin Qərbə, Şimalın Cənuba birləşməsi üçün dördyol ola bilər. Biz elə bir coğrafi məkanda yerləşirik ki, bu bağlantıları bərqərar edə bilərik. Belə bir iş təbii olaraq avtomobil yolu, dəmir yolu, liman, ticarət əlaqələri, habelə keçə biləcəyimiz sərhədlər istəyir. Əlbəttə, rabitə və proqram təminatları sistemlərinin mütləq şəkildə öz prinsipləri var. Birlikdə əyləşə və bunları planlaşdıra bilərik. Rahat, etimad və arxayınlıqla irəliyə gedə bilərik. Qəti və mütləq şəkildə bir-birimizin ərazi bütövlüyünə, siyasətinə və təhlükəsizliyinə hörmət etməliyik. Bir-birimizin daxili işlərinə müdaxilə etmək niyyətimiz olmamalıdır. Bu, bizim inandığımız amildir. Qardaşımla danışıqlarda doğmalıq hissinə malik oldum. Biz burada həqiqətən qardaşlıq və qohumluq hiss edirik. Qonşuluqla yanaşı, bura bizim üçün həqiqətən də fərqli yerdir, mənim Avropaya və ya Afrikaya getməyimlə Azərbaycana gəlməyim arasında böyük fərq var. Ümumiyyətlə, müqayisə olunası deyil. Yəni, bura o yerdir ki, adam mədəniyyəti, dili və insanları ilə tanış olduğunu hiss edir. Yeməyi, ümumiyyətlə, hər şeyi tanışdır. Baxırsan və elə bilirsən ki, səninkidir. Bu tanışlıq hissinin nəticəsi olaraq, həqiqət, birlik və yoldaşlıq hissləri qanunlarda, qaydalarda və əlaqələrdə də özünü göstərməlidir. Biz bu amilin özünü göstərməsinə hazırıq və qərarlıyıq.

Mən bu gün səhər buraya gəlməmişdən əvvəl Ali Rəhbərin qəbuluna getdim, o da Sizə salam göndərdi və təkid etdi ki, buradakı bacı və qardaşlarımızla əlaqələrimizi daha səmimi və dərin edək. Bu, Ali Rəhbərin inancı və etiqadıdır, mənə verdiyi tövsiyədir. Burada olmağımız bir-birimizlə əlaqə qurmaq üçündür. Mən inanıram ki, biz əl-ələ verərək problemlərimizi həll etməyə qadirik. Bütün sahələrdə qüdrətli ölkələrə çata bilərik ki, onların özləri də bunu təsəvvür edə bilməzlər. Kifayətdir ki, bir-birimizə etimad göstərək, elmimizi, təcrübəmizi, bacarıqlarımızı bölüşək, cəmiyyətlərimizi inkişafa, başucalığına və vəhdətə çatdıraq. Əminəm ki, əgər bizim istehsalçılar və investorlar bir-biri ilə şərik olsalar, qarşılıqlı investisiya yatırsalar, çərçivə və qaydalarda vahid baxışa nail olsalar, regionumuzda kənar qüvvələrin varlığına ehtiyacımız olmayacaq. O yerdəki ki, bir sərhəddən digər sərhədə iqtisadiyyat və ticarət hərəkət edir, artıq o sərhəddən silah və hərbi qüvvə keçməyəcək. Ticarət təhlükəsizlikdir, sülhdür, qardaşlıqdır. Biz bunu ölkələrimizin qanunlarını, bir-birimizə hörməti və ya məhdudiyyətlərimizi, üzrlərimizi qəbul etməklə gücləndirə bilərik.

Mən əziz qardaşım möhtərəm cənab Prezident İlham Əliyevə bizə və ümumiyyətlə, İrandan gələn əzizlərimizə göstərdiyi qonaqpərvərliyə görə minnətdarlıq edirəm. Həqiqətən də minnətdarlıq ediləsidir. Ümid edirəm ki, bu, növbəti uğurun başlanğıcı olacaq. Şəhriyardan iki bənd şeir deyərək sözlərimi tamamlayıram:

Bir uçaydım bu çırpınan yelinən,

Bağlaşaydım dağdan aşan selinən,

Ağlaşaydım uzaq düşən elinən,

Bir görəydim ayrılığı kim saldı?

Ölkəmizdə kim qırıldı, kim qaldı?

Mən sənintək dağa saldım nəfəsi,

Sən də qeytər, göylərə sal bu səsi,

Bayquşun da dar olmasın qəfəsi,

Burda bir şir darda qalıb bağırır,

Mürüvvətsiz insanları çağırır.

Sağ olun.

Etikxeber.az

Read Previous

“Beynəlxalq təşkilatlar çərçivəsində bir-birimizi dəstəkləyirik…”-Pezeşkianın Azərbaycana səfəri başladı, qarşılanma mərasimi oldu-AZƏRBAYCAN VƏ İRAN LİDERLƏRİNİN MƏHDUD VƏ GENİŞ TƏRKİBDƏ GÖRÜŞÜ KEÇİRİLDİ, SƏNƏDLƏR İMZALANDI, BƏYANATLAR VERİLDİ – FOTOLAR – YENİLƏNİB – (9)

Read Next

Bu yollarda sıxlıq və tıxac müşahidə olunur-BAKIDA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir