Canım Xocalım! Yaralarını sarmağa, dərdlərinə məlhəm olmağa gəlirik! Bizi gözlə! Övladlarını gözlə! -JALƏ ƏLİYEVA XOCALI SOYQIRIMINDAN YAZDI

Zamanın dayandığı, insanlığın uduzduğu gecə…

***

1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə…

Göy üzünün al qana qərq olduğu, zamanın, vaxtın dayandığı, insanlığın öldüyü gecə…

Vəhşətin, dəhşətin, barbarlığın, vandallığın, zülmün, zülmətin yaşandığı gecə…

Kar, kor, lal…dünyanın gözü qarşısında növbəti insanlıq dramının, növbəti Holokostun, növbəti Xatının… yaşandığı, yaşadıldığı, zülmün ərşə dayandığı, ah-nalələrin göylərə bülənd olduğu gecə…

Murdar və alçaq, insanlıqdan nəsibini almamış, qandan bəslənmiş ermənilərin, onların Şimallı, Cənublu, Qərbli,Şərqli qanlı, məkrli havadarlarının azərbaycanlılara, Azərbaycan türklərinə, Xocalıya və Xocalılara qarşı amansız qətliamı, soyqrımı aktı…

Bütöv bir şəhərin yerlə-yeksan, yox  edildiyi, yüzlərlə günahsız insanın amansızcasına, qəddarcasına, şərəfsizcəsinə qətlə yetirildiyi, süngüyə keçirildiyi, yüzlərlə insanın şikəst, əlil, zəlil edildiyi, yüzlərlə (mindən ) çox insanın əsir-girov götürüldüyü,  onlarla insanın itkin düşdüyü, sözün hər mənasında qarlı-boranlı, sazaqlı bir qış gecəsi, Xocalı soyqırımı, Xocalı qətliamı…

İndi də o gecəni, o günü xatırlayarkən,  insanın bədənindən dəhşətli bir sızıltı, gizilti keçir…Sızlamamaq, dəhşətə gəlməmək mümkün deyil…

Necə də sızlamayasan, necə də dəhşətə gəlməyəsən, necə də həyacanlanmayasan, necə də qəzəblənməyəsən, necə də kükrəməyəsən?!

Xocalı bütövlükdə insanlığın faciəsi, üz qarası, qara ləkəsidir!

Həmin gecəni çox yaxşı xatırlayıram.

Hadisələr Azərbaycan xalqından cidd-cəhdlə gizlədilirdi. Dəqiq informasiya ala bilmirdik. Bakıya bir-birini təkzib edən, yarım-yamalaq xəbərlər gəlirdi…

Böyük həyəcan və qəzəb içərisində idik. Qulaqlarımız xarici radiodalğalara kilidlənmişdi.

Xocalıdan, Xocalımızdan xəbər almaq istəyirdik… Aldığımız xəbərlər çox üzücü idi… Dözüləsi, çəkiləsi kimi deyildi…

Xatırlayıram, uşaqların, qocaların, qadınların, əli yalın insanların ermənilər tərəfindən amansızlıqla qətlə yetirildiklərini  öyrəndikdən və bunun çox təəssüflər olsun ki, həqiqət olduğunu bildikdən sonra anam Nurəngiz xanım gözündən yağan yaşlarla kağıza həmin gecənin vəhşətlərini, dəhşətlərini  həkk etməyə başladı…

Sonradan “Xocalı Simfoniyası” poemasına çevrilən misralarla anam həmin gecə yox olan, yox edilən Xocalımıza sanki ağı deyir, bayatı oxuyur, laylay çalırdı… 

Bəli, cahan!

O torpağın adı Məlul Xocalı!

Çəpəri qalın çəkilib…

Hərdən soruşuram

Ondan xəyalən:« –Xocam!..

Məğlubum!. Necəsən?

Yoxsa dağ çəkdi sinənə, tarixi dilənçi –

Bəd Qonşu? –           

Drammatik «Yazıq Erməni» ilə məşhur Qırmızı Qospodin?»

-Sən nələrə qadirmişsən

Köhnə Sovet humanisti?

– Moto-atıcı daşıyankütləvi qırğın maşını?

-«Möhtəşəm» bir Alay!!!

Ax, mənhus düşüncə!

Necə yəni, Allah yaradanı sən,

Bir gecədə yox edəsən?!

Əhsən, ey İnsan, əhsən,

Sən bu antik işinləXirosima dəhşəti, Xatın faciəsini Çox-çox arxada qoydun!          

Bəs əsiri-yesirlər?

Bir deyil, on deyil,min-mindir, yüz mindir əsirlər!

Sarsılan, əzilən həyatlaryüz min, yüz min,yüz min, yüz min…yüz mindir!                                                     (N.Gün) 
***

İnsanlıq həmin gün Xocalıda uduzdu, imtahandan keçə bilmədi,  sınaqdan üzü ağ çıxmağı bacarmadı, qəddarlığa, barbarlığa, vandallığa uduzdu, uduzduruldu…

Köçaryanlar, Sarkisyanlar, Ohanyanlar, Balayanlar…neçə-neçə qanlı yanlar hələ də azadlıqda qaldıqca, hələ də məşhər ayağına çəkilmədikcə, hələ də qanlı cinayətkarlıq əməllərinə görə Haqq divanında əyləşmədikcə və layiqli cəzalarına çatdırılmadıqca…, insanlıq üzərinə düşmüş qara ləkəni üstündən silmiş sayıla bilməz, dünya insan haqları və hüquqlarının aliliyindən danışa, dəm vura bilməz!

Haqqı yoxdur, haqları yoxdur danışmağa, şəstlə gəzməyə.

O gün ki, Xocalı soyqırımı dünya tərəfindən layiq olduğu qiymətini alacaq, o gün ki, Xocalı qətliamçıları Haqq divanında əyləşdiriləcək və layiqli cəzalarına çatdrılacaq, məhz o vaxt, o gün də insanlıq xəcalətdən, üzərindəki qara ləkədən qurtulacaq. 

Cavabdehsiz! 

Cavabdehsiz, Cavabdehsiz,

Cavabdehsiz, belində hərb gəzdirənCahanşümul Şümürlər!

Müntəzirsiz cavaba, Cahan Göreşənləri!

Dünyanı bazar bilənMüstəsna «Alış-veriş Əmiləri!»

…Ah, göyərçin balaları neylədiz?

 Neylədiz, Nəfəsləri? Əmilər!.. 

Hanı Səslərrr?!!….

Heç girirmi yuxunuzasönən işıqlar, həyatlar,lal baxan ləpirlər…

Üşüdürmü Sizləri hərdənbir    xərək-xərək Ölülər?

Təbəssümü qəfil kirimiş olanUşaqların məzlum pıçıltıları? 
                                                      (N.Gün) 

***         

Bəli, ötən illər ərzində Xocalı həqiqətlərinin dünyaya çatdırılması, öz ədalətli qiyməti alması istiqamətində böyük addımlar atıldı və bu gün də atılmaqdadır.

Həm ölkə Prezidenti, Qalib Sərkərdə cənab İlham Əliyev, həm Birinci xanım, Birinci vitse-prezident Mehriban xanım Əliyeva, həm də Heydər Əliyev Fondu və Fondun birinci vitse-prezidenti Leyla xanım Əliyeva tərəfindən Xocalı qətliamının soyqırımı aktı kimi qəbul edilməsi, tanıdılması istiqamətində böyük məsafə aşılmışdır.

Xüsusilə də, “Xocalıya ədalət!” kampaniyası nəticəsində dünya artıq Xocalı həqiqətlərini anlamaqda, dərk və etiraf etməkdədir.

Heç təsadüfi deyil ki, artıq bir necə beynəlxalq qurum, o cümlədən, İslam Əməkdaşlıq Təşkilatı, həmçinin, bir necə dövlət və onun parlamentləri-məsələn, Meksika, Pakistan, Çexiya, Bosniya-Herseqovina, Kolumbiya, Peru, ABŞ-ın bir çox ştatları və bir sıra digər ölkələr tərəfindən Xocalı qətliamı soyqırımı kimi tanınmış və qəbul edilmişdir.

Bu istiqamətdə görülən işlərdə Milli Məclisin rolu və iştirakı da az deyil.

Parlamentimiz və parlamentarilərimiz də əməkdaşlıq etdikləri qurum və ölkələrlə təmaslarda bütün müstəvilərdə Xocalı həqiqətlərini dilə gətirir,  diqqətlərə çatdırır, onun etiraf olunmasına və tanınmasına çalışırlar.

Amma hələ də görüləcək işlər, gediləcək böyük yol var.

Xocalı qətliamının bütövlükdə soyqırımı aktı kimi dünya tərəfindən qəbul edilməsinə qədər, dayanmadan həqiqətlərimizi yaymalıyıq. 

Müqəddəs və tarixi 44 günlük İkinci Vətən Müharibəsi, möhtəşəm Qələbə və Zəfər nəticəsində Qarabağımız   artıq bizimdir, murdar düşmən tapdağından azad edilmişdir!

Qürurluyuq, inanırıq və qəti əminik ki, Xocalımız da ən qısa zamanda  özünün əsil sahibləri ilə, Xocalılılarla görüşəcəkdir.

Biz Xocalını da bütövlükdə qurub-yaradacaq, yenidən Qarabağımızın ayrılmaz, dilbər guşəsinə çevirəcəyik! 

Bax o zaman, Xocalı Şəhidlərimizin didərgin ruhları  rahatlıq tapmış, sevinmiş olacaq! 

Ah, yetim baxır nəbatat…

O küknar hələ də ağlayır…

Yonur tökür saçlarını yoncalar,o balaca qız üçün.

Çöl boyi qaçışanoynayan uşaqlarçün

Darıxır yoncalar, ağaclar!

Bu ayrılıq felinə sizsiniz günahkar,Bəşəri Zalımlar!

Əl çəkin! Qırın hərbin belini!

Dağıdın təbilini siz onun!

Doğrayın müharibə sözünü,Siliniz lüğətlərdən!

İnsanı düşünün! Ürəksiz Məliklər!

Dünya Kələkbazları!

Dü-şü-nünnn!..

Dünya yalnız sizin deyil!

Düşünün!!!

Düşünməyə çox dəyər!..                                               

(N.Gün)

*** 
Canım  Xocalım! Yaralarını sarmağa, dərdlərinə məlhəm olmağa gəlirik!

Bizi gözlə! Övladlarını gözlə!

Allah bütün şəhidlərimizə rəhmət etsin! 

Jalə ƏLİYEVA,

Milli Məclisin Ailə, Qadın, Uşaq məsələləri Komitəsinin sədr müavini, filologiya elmləri doktoru, professor

Etikxeber.az

Read Previous

Xocalı soyqırımından-29 İL ÖTÜR…

Read Next

“Sensasiya xətrinə, həm də olmayan, deyilməyən bir ifadəyə görə kimisə, xüsusən, Azərbaycan qadınını hədəfə almaq yolverilməzdir”-DEPUTAT SPİKERİN MÜDAFİƏSİNƏ QALXDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir