“Cavid yaradıcılığına yenidən nəzər salınmalı, əlyazmaları daha dərindən tədqiq edilməlidir…” – AKADEMİK – FOTO

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) böyük dramaturq və şair Hüseyn Cavidin anadan olmasının 135-ci ildönümünə həsr edilən “Hüseyn Cavidin sənət fəlsəfəsi” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.

Etikxeber.az xəbər verir ki, ADMİU-nun rektoru Fərəh Əliyeva ölkəmizin müxtəlif elmi təşkilatlarında, təhsil və mədəniyyət ocaqlarında böyük dramaturqun xatirəsinə həsr olunan silsilə tədbirlərin keçirildiyini söyləyib.

Bildirilib ki, H.Cavid Azərbaycan tarixinin, mədəniyyətinin, ədəbiyyatının və bu günümüzün ayrılmaz parçasıdır. Onun yaradıcılığında vaxtilə toxunduğu məsələlər və problemlər təkcə bədii-ədəbi müstəvidə deyil, bugünkü mənəvi və siyasi həyatımızda baş verən hadisələrə işıq salan məsələlərdir.

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli qısa yaradıcılıq ömrü yaşamış unudulmaz dramaturqun zəngin fəaliyyətindən söz açıb. Bildirilib ki, H.Cavid sənəti janr və forma cəhətdən zəngindir. O, Azərbaycan ədəbiyyatında milli romantik şeirin, mənzum dram və faciə janrlarının əsasını qoyub, mədəni irsimizə maraqlı, dərin fəlsəfi düşüncəyə malik obrazlar bəxş edib. Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının əsas yaradıcısı olan Cavid milli romantik şeirin və mənzum dramın qiymətli nümunələrini yaradıb. Onun ölməz sənəti dünya romantizminin görkəmli nümayəndələrinin əsərləri ilə səsləşir. Görkəmli ədibi ədəbiyyatımızın romantik korifeyi adlandlrırlar.

Akademik İ.Həbibbəyli qeyd edib ki, dramaturqun tarixi-romantik faciələri ədəbiyyat tariximizdə ilk və mükəmməl mənzum dram əsərləri hesab olunur. Cavidin dramlarında işlənən lirik ünsürlərin əsasını təşkil edən şeirlər həm ideya-məzmun, həm də janr etibarilə zəngindir. Onun dram əsərlərinə lirik ünsür kimi daxil etdiyi şərqi və marşlar Azərbaycan şeiri tarixində yeni poetik formalardandır. H.Cavidin “Maral”, “Şeyx Sənan”, “Uçurum”, “İblis”, “Afət”, “Peyğəmbər” və başqa dram əsərləri ədəbiyyatımızın inciləri sırasına daxil olub.

Diqqətə çatdırılıb ki, H.Cavidin yaradıcılığına ən böyük qiyməti ulu öndər Heydər Əliyev verib. Ümummilli Liderin səyi və qətiyyəti sayəsində ədibin nəşi uzaq İrkutskdan doğma vətənə gətirilərək doğulduğu Naxçıvan torpağında dəfn edilib.

Akademik Rafael Hüseynov görkəmli ədibin faciəli ömür yolundan və zəngin yaradıcılığından danışıb. Cavid şəxsiyyətinin böyüklüyündən söz açan R.Hüseynov onun zəngin dünyagörüşünə malik olduğunu söyləyib, ədibin həyatının müxtəlif məqamlarına aydınlıq gətirib. Bildirilib ki, bu gün H.Cavid yaradıcılığına yenidən nəzər salınmalı, onun əlyazmaları daha dərindən tədqiq edilməli və əsərlərinin akademik nəşri hazırlanmalıdır.

Akademik R.Hüseynov diqqətə çatdırıb ki, ildən-ilə ölkəmizdə Cavidin yubileyləri daha yüksək səviyyədə qeyd olunur. Ümummilli lider Heydər Əliyev dahi sənətkarın irsinə hər zaman diqqət və qayğı ilə yanaşıb. Hələ keçmiş sovet dönəmində Ulu Öndərin təşəbbüsü və rəhbərliyi ilə H.Cavidin yubileyinin keçirilməsi üçün tədbirlər planı hazırlanıb.

Konfransda H.Cavidin sənət fəlsəfəsinin azərbaycançılıq məfkurəsinin formalaşmasında rolu, Azərbaycan cavidşünaslığının estetik problemləri, XX əsrin əvvəllərində yaranan Azərbaycan romantizmi ilə Avropa romantizmi arasında fərqli və oxşar cəhətləri, “Cavid teatrı”nın milli mədəniyyətimizin tərkib hissəsinə çevrilməsi kimi problemlər müzakirə olunub, məruzələr dinlənilib.

ADMİU-nun tələbələri görkəmli ədibin yaradıcılığından şeirlər səsləndirib, “İblis” tamaşasından parçalar təqdim ediblər.

Konfrans işini bölmələr üzrə iclaslarla davam etdirib.

Oktyabrın 25-də başa çatacaq konfransın materialları toplu şəklində nəşr olunub.

Etikxeber.az

Read Previous

Deputat QDİƏT PM-in Hüquqi və siyasi məsələlər üzrə komitəsinin sədr müavini seçildi – FOTO

Read Next

Qaliblər mühakimə olunmur – ƏLİ HƏSƏNOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir