Çempionlar Liqasının 2017-2018-ci il mövsümünün qrup mərhələsinə start verildi – NƏTİCƏLƏR – FOTO – YENİLƏNİB

Sentyabrın 12-də UEFA Çempionlar Liqasının 2017-2018-ci il mövsümünün qrup mərhələsinə start verilib.

Etikxeber.az  xəbər verir ki, qrup mərhələsinin “C” qrupunda yer alan Ağdamın “Qarabağ” komandası qitənin ən nüfuzlu klub turnirində keçirdiyi ilk oyunda Londonda “Çelsi” klubunun qonağı olub. Oyun “Çelsi” komandasının 6:0 hesablı qələbəsi ilə başa çatıb.

“Stamford Bridc” stadionunda keçirilən matçı yunanıstanlı Tasos Sidiropoulosun başçılıq etdiyi hakimlər briqadası idarə edib.

Ağdam təmsilçisinin start heyətində İbrahim Şehiç, Qara Qarayev, Maksim Medvedev, Miçel, Dino Ndlovu, Pedro Enrike, Rəşad Sadıqov, Riçard Almeyda, Yakub Jezniçak, Bədavi Hüseynov və Donald Gerye yer alıblar.

Ev sahibi “Çelsi”nin heyətində isə meydana Tibo Kurtua, Markos Alonso, Sesk Fabreqas, Nqolo Kante, Pedro Rodrigez, David Zappakosta, Vilian, Miki Batşuayi, Qari Keyhil, Andreas Kristiansen, Sezar Azpilikueta çıxıblar.

Oyuna sürətli hücumlarla başlayan ev sahibləri ilk dəqiqələrdən “Qarabağ”ın qapısı qarşısında təhlükəli vəziyyətlər yaradıblar. Ardıcıl hücumlar nəticəsində “Çelsi” erkən qolla oyunda hesabı açıb. Matçın 5-ci dəqiqəsində Pedro Rodrigez dəqiq zərbə ilə komandasını hesabda irəli çıxarıb – 0:1. Matçın 15-ci dəqiqəsində Rəşad Sadıqovun yerinə yetirdiyi cərimə zərbəsindən sonra top qapının üstündən keçib. Görüşün 19-cu dəqiqəsində isə Vilian və Batşuayinin qarşılıqlı ötürməsindən sonra zərbə mövqeyinə çıxan Vilianın vurduğu topu İbrahim Şehiç qaytara bilib. Geri qayıdan topa özünü yetirən Batşuayinin zərbəsi isə dəqiq olmayıb.

Matçın 30-cu dəqiqəsində “Qarabağ”ı əks-hücumda “yaxalayan” ev sahibləri hesab arasındakı fərqi artırıblar. “Qarabağ” komandasının sol cinahından təşkil olunan sürətli hücumda İbrahim Şehiçin irəli çıxdığını görən Zappakosta uzaq məsafədən vurduğu dəqiq zərbə ilə hesab arasındakı fərqi iki topa çatdırıb – 0:2.

Oyunun 35-ci dəqiqəsində Pedro Enrikenin qüvvətli zərbəsini qapıçı Kurtua dəf edib.

Görüşün birinci hissəsi “Çelsi”nin 2:0 hesablı üstünlüyü ilə başa çatıb.

Matçın ikinci hissəsinə də sürətli hücumlarla başlayan London təmsilçisi qonaqları üçüncü dəfə topu oyuna mərkəzdən başlamağa məcbur edib. Sezar Azpilikueta 55-ci dəqiqədə topu başla “Qarabağ” komandasının qapısından keçirib – 0:3. Görüşün 67-ci dəqiqəsində sürətlə “Qarabağ”ın cərimə meydançasına daxil olan Vilianın qüvvətli zərbəsindən sonra top qapı tirinə dəyərək meydanı tərk edib.

Qarşılaşmanın 71-ci dəqiqəsində “Çelsi” futbolçularının künc zərbəsindən sonra başlatdıqları hücumda “Qarabağ” komandasının cərimə meydançasına ötürülən topa müdafiəçilərin səhvindən istifadə edərək dəqiq zərbə vuran Bakayoko hesab arasındakı fərqi dörd topa çatdırıb. Bu qoldan beş dəqiqə sonra “Qarabağ” komandasının müdafiəçilərinin növbəti səhvindən yararlanan ev sahiblərinin təşkil etdikləri hücumu Batşuayi dəqiq zərbə ilə tamamlayaraq beşinci topu qonaqların qapısından keçirib. Oyunun sonuna yaxın üstünlüyü tamamilə ələ alan “Çelsi” futbolçularının hücumu nəticəsində hesab arasındakı fərq altı topa çatıb. Belə ki, matçın 82-ci dəqiqəsində Zappakostanın ötürməsindən sonra top Maksim Medvedevə toxunaraq qapıdan keçib – 0:6.

Matçın 87-ci dəqiqəsində “Qarabağ”ın təşkil etdiyi sürətli hücumda rəqibin cərimə meydançasında bir müdafiəçini keçərək zərbə mövqeyinə çıxan Dino Nlovunun vurduğu top qapının bir qədər üstündən keçib.

Beləliklə, “Qarabağ” komandası UEFA Çempionlar Liqasının qrup mərhələsinin ilk oyununda səfərdə “Çelsi”yə 0:6 hesabı ilə məğlub olub. Ağdam təmsilçisi UEFA Çempionlar Liqasının qrup mərhələsində növbəti oyununu sentyabrın 27-də Bakıda “Roma” komandasına qarşı keçirəcək.

Bu qrupun digər oyununda “Roma” komandası İtaliyada “Atletiko Madrid”in müqavimətini qıra bilməyib – 0:0.

***

Onu da qeyd edək ki, qrup mərhələsinin birinci turunun ilk oyun günündə “A”, “B”, “C” və “D” qruplarında yer alan komandalar üz-üzə gəliblər.

“A” qrupunun favoriti hesab olunan “Mançester Yunayted” klubu doğma divarlar arasında İsveçrənin “Bazel” komandasının qapısından üç cavabsız top keçirib. Portuqaliya təmsilçisi “Benfika” isə doğma meydanda Rusiyanın MOİK komandasına 1:2 hesabı ilə məğlub olub.

“B” qrupunda Münxenin “Bavariya” klubu “Anderlext” (Belçika) komandasını 3:0 hesabı ilə məğlub edib. Bu mövsüm yeni və bahalı transferlərlə heyətini xeyli gücləndirən “Paris Sen-Jermen” komandası isə öz gücünü elə ilk oyunda sübut edib. Parislilər səfərdə “Seltik” (Şotlandiya) komandasını 5:0 hesabı ilə məğlubiyyətə uğradıblar. Qollardan ikisini Paris təmsilçisinin yeni transfer etdiyi Neymar və Mbappe vurublar.

“D” qrupunda da məhsuldar hesab qeydə alınıb. Turnirin favoritlərindən sayılan “Barselona” ötən mövsüm dörddəbir finalda məğlub olduğu “Yuventus”u (İtaliya) “Nou Kamp”da qəbul edib. Lionel Messinin dubl etdiyi oyun “Barselona”nın 3:0 hesablı qələbəsi ilə başa çatıb. Yunanıstanın “Olimpiakos” komandası isə evdə “Sportinq” (Portuqaliya) ilə oyunda məğlubiyyətlə üzləşib – 2:3.

UEFA Çempionlar Liqasının 2017-2018-ci il mövsümünün qrup mərhələsinin birinci turu çərçivəsində sentyabrın 13-də “E”, “F”, “G” və “H” qruplarında yer alan komandalar qarşılaşacaqlar.

Etikxeber.az

Read Previous

“Vyetnamın iqtidar partiyasını Qarabağ münaqişəsinin həllinə töhfə verməyə çağırırıq” – MURADOVA – FOTO

Read Next

Aydın Mirzəzadə Yazıçılar Birliyi ilə bağlı parlamentdə məsələ qaldıracaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir