CENEVRƏ GÖRÜŞÜNƏ ATILAN GÜLLƏLƏR – Zahid Oruc yazır

Dmitri Medvedevin 24 oktyabrda İrəvana gəlişi statusuna görə 2-ci olan Baş nazirin ötən ilin aprelindəki səfərini xatırlatdı. Həmin günlər Ermənistan-Azərbaycan cəbhəsində atəşkəsdən sonra ən böyük qanlı toqquşmalar baş verdi.Hər halda qəfil həmlədən özünə gəlməyə çalışan mərkəzi hakimiyyəti siyasi cəhətdən ayaqda saxlamaq o qədər də asan deyildi.

Doğrudur,Qafqazlarda yüz ildən artıq davam edən milli münaqişələrdən birinə son qoymaq üçün sabiq dövlət başçısı çox çalışmışdı.O,2008-ci ildə Gürcüstanla yaranan böhrandan sonra təmsil etdiyi dövləti yeni simada təqdim etmək naminə sərəncamında olan məhdud resurslarının hamısını işə saldı.İki ölkə rəhbərini 10 dəfə görüşdürmək xeyli əsəb,diplomatik səriştə və zaman tələb edirdi.Üstəlik, Rusiya mediası düşmənçilik hisləri dərinə işləmiş cəmiyyətləri birgəyaşayışa hazırlayır, sülh dilini təlqin edir,mədəniyyət xadimlərinin və icma nümayəndələrinin qarşılıqlı səfərləri ilə barışa doğru kövrək çağırışlarda bulunurdu.Amma bütün ümidlər Kazanda dəfn olunanda Medvedev qəti hökmünü çıxardı və Putinlə yerini dəyişəndən sonra da öz qənaətindən geri çəkilmədi.Federal bir ölkədə Tatarıstan Respublikasının malik olduğu səlahiyyətləri Xankəndi üçün qanedici saymayanlarla danışmağın mənası yox idi.

Ona görə də məlum aprel günlərində hiddətli və həyəcanlı kütlənin emosiyalarının üstündən adlayıb Sarkisyanla görüşə gedərkən Baş nazir amansız hökmünü küt baxışlarla ondan imdad diləyənlərin hamısının üzünə söylədi:”Qarabağ məsələsinin həlli yoxdur və hər iki xalq bunu qəbul etməlidir”. Beləcə 90-cı illərin siyasi xaosunda ələ keçirilən torpaqların və bufer zonası adlandırılan 7 rayonun Xankəndinin siyasi gələcəyi və təhlükəsizliyində oynadığı rola dair qurulan xəyallara çox böyük zərbə dəydi. Görünür, coğrafi yüksəkliklər və hərbi postlardan daha çox sadə erməni şüurunda daralan “bufer zona”sının ölçüsü qalibiyyət haqda aparılan on illərin təbliğatını əldən alırdı. Rusiyanın 2-ci adamı şahmat taxtasında həlledici mövqeləri tutmasına baxmayaraq, müttəfiqinin qolunu qaldırmır, Azərbaycanı təslim etməyə və kapitulyasiya aktına qol çəkdirməyə qadir olmadığını elan edirdi. İndi əsas məsələ,prezident administrasiyası ilə hərbi kazarmalar arasında çəkilən zirehli xətləri qoruyub saxlamaqdır.Keçmişdə böyük ambisiyaları ilə idarəçiliyə mane olan generallar vəzifələri ilə vidalaşıblar.Ordunun başına birincilik iddiasını hələ ki,peşəkarlıqla pərdələyən və sadiq xidmətçi obrazını ortaya qoyan beynəlxalq münasibətlər üzrə mütəxəssis gətirilib.Seyran Ohanyandan fərqli olaraq,Vihen Sarkisyan silahlı qüvvələrin hakimiyyət əleyhinə ssenarilərə yol verməyəcəyinin başlıca qarantıdır.

Ona görə də Medvedevin hazırki səfəri parlament idarəçiliyi adı altında köhnə komandaya yeni obraz biçməyə və Kremlin son direktivləri ilə onları tanış etməyə yönəlib. Çünki günlər öncə Polşanın Xarici İşlər naziri Vitold Vaşikovski,NATO və Avropa Birliyinin növbəti mesajlarını çatdırmaq üçün İrəvana gəlmişdi.Rəsmi məlumatlarda səfərin məqsədi,Şimali Avroatlantik Birliyin 360 dərəcədə olan təhlükələri öyrənmək üçün erməni ictimaiyyətinin fikirlərini öyrənmək söylənsə də,Brüsselin hədəfləri tamam başqadır.Bəllidir ki,polyak siyasi elitası hazırda Avropada Amerika maraqlarının əsas ötürücüsü rolunda çıxış edir.”Şərq tərəfdaşlığı” sammiti qapının ağzını kəsib və Qərblə gizli gedən oyunlar Moskvanın xoşuna gəlmir.İrəvan üzrə rusiyalı kuratorlar bir müddət əvvəl Amerika səfirinin verdiyi səs-küylü açıqlamanı unutmayıblar.Avropa deyir ki,müstəqillik nümayiş etdirmək və suveren iradə ortaya qoymaq üçün yardım etməyə hazırdılar.Yetər ki,belə instiktləri İrəvan ortaya qoysun.Lakin Sarkisyan devrilmiş prezident Yanukoviçin və gülləbaran edilmiş sələflərinin aqibətini unutmayıb.

O biri yandan Cenevrədə əldə olunan şifahi razılaşmalar heç bir günlük atəşkəsə də yaramadı.Kremlin kölgəsi altında baş tutan danışıqlar bir ildən artıqdır iflasa uğramış vasitəçilik missiyasının təmas xəttindəki vəziyyətə və münaqişənin gələcək çözümünə heç bir təsir göstərmədiyini üzə çıxardı. Lakin beynəlxalq gündəmin Sankt-Peterburq və Vyanadakı öhdəliklərə kökləndiyini öz cəmiyyətinə sırımağa çxalışan Sarkisyan üçün Azərbaycanın “müharibə hüququ”nun əlindən alındığını iddia etmək və demilitaristləşmə yönündə Qərbin rəsmi Bakıya təzyiq etməsinə nail olmaq çox böyük arzu idi.Olmadı.Regiona silah satmaqdan imtina edən qüvvələrin nə sülhə,nə də müharibəyə təsir resursu qalmır.

Əvəzində hərbi diplomatiya fəal bir şəkildə siyasi danışıqları əvəz edir və sanki hamıya meydan oxuyur.O üzdən erməni ekspert camiyəsində belə bir qənaət möhkəmlənib ki,prezident İlham Əliyev heç bir şərt qoyulmayan danışıqlara qarşı tərəfi məcbur edəndən sonra hər iki cəbhədə-diplomatik cinahda və silahlı meydanda sərbəst hərəkət etmək azadlığını qazanıb.Dağlıq Qarabağın qondarma müdafiə naziri Levon Mnatsakanyanın, “Azərbaycanın son günlər tank əleyhinə tətbiq etdiyi artilleriya zərbələri və iki Spayk raketi ilə bağlı ATƏT-ə edəcəkləri şikayət” də dediklərimiz təsdiq edir.

Ona görə Cenevrədə təkbətək görüş formatına çıxarılan iki prezidentdən hansının psixoloji döyüşü qazandığı tam üzə çıxır.Deməli,sülh üçün qarşlıqlı nifrəti müəyyən qədər azaltmaq məramına hesablanan plan baş tutmadı. Azərbaycan əl-qolunu bağlamağa və hər bir güllənin hesabını verməyə xidmət edən təşəbbüsləri neytrallaşdırandan sonra milyardlar xərclədiyi texnika və texnologiyanı köhnəltmək fikrində deyil.Ona görə Cenevrdən sonra münaqişənin son 23 illik tarixində sanki rollar dəyişib-indi şikayətçi tərəf,razılaşmalara əməl edilməsi davasını aparan və “ən pis danışıqlar müharibədən yaxşıdır” devizi ilə hərəkət edən tərəf ermənilərdir.

Ermənistan 93-cü ilin Azərbaycanına çox oxşayır!

Zahid ORUC,

Millət vəkili

Etikxeber.az

Read Previous

“Arsenal”la “Mançester Yunayted” Roys ilə maraqlanır

Read Next

“Bütün gözəlliklər anaların sevindiyi yerlərdədir…” – DEPUTATIN YAZISI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir