Ceyhun Bayramov-CENEVRƏDƏDİR – XARİCİ İŞLƏR NAZİRLƏRİNİN GÖRÜŞÜ BAŞA ÇATDI – HƏMSƏDRLƏR BƏYANAT YAYDI – YENİLƏNİB – (3)

Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov Cenevrədə işçi səfərdədir.

Etikxeber.az xəbər verir ki, bu haqda Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

09:34

***

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov və Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan bu gün Cenevrədə görüşüblər.

Görüş ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə keçirilir.

Görüşdə həmsədrlər və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik iştirak edir.  

17:17

***

Bu ilin 30 oktyabr tarixində Xarici İşlər naziri Ceyhun Bayramovun Cenevrədə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü baş tutub.

XİN-dən bildirilib ki, görüş zamanı nazir Azərbaycanın mövqeyi barədə qarşı tərəfə məlumat verərək, Ermənistanın destruktiv əməlləri, mülki şəxslərin və yaşayış məntəqələrinin hədəfə alındığı, dinc əhaliyə qarşı qadağan olunmuş silahlardan istifadə edildiyi, müharibə cinayətlərinin törədildiyini qarşı tərəfin diqqətinə çatdırıb.

Daha sonra ATƏT-in Minsk qrupunun həmsədrləri və Azərbaycan və Ermənistan Xarici işlər nazirləri arasında görüş başlayıb.

Görüş hazırda davam edir.

21:38, 30 oktyabr

***

Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovun Cenevrədə ATƏT-in Minsk Qrupunun həmsədrləri və Ermənistan Xarici İşlər naziri ilə görüşü başa çatıb.

XİN-dən  verilən məlumata görə, görüşdə nazir Ceyhun Bayramov münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, eləcə də BMT Təhlükəsizlik Şurasının qətnamələri və beynəlxalq təşkilatların qərar və sənədləri əsasında həllinə dair Azərbaycanın mövqeyini təqdim edib.

Humanitar tədbirlərdən bəhs edən Ceyhun Bayramov Azərbaycanın sərgilədiyi konstruktiv yanaşmanı vurğulayıb. Bu xüsusda, Azərbaycan tərəfindən birtərəfli qaydada cəsədlərin, habelə ahıl erməni qadınının Ermənistan tərəfinə təhvil verildiyini qeyd edib. Nazir Azərbaycanın bu təklifi çox öncədən irəli sürdüyünü bildirib.

Ceyhun Bayramov həmçinin Ermənistanın beynəlxalq humanitar hüququ kobud şəkildə pozaraq mülki şəxsləri və yaşayış məntəqələrini məqsədli şəkildə atəşə tutmasının qəbuledilməz olduğunu vurğulayıb.

01:18, 31 oktyabr

***

ATƏT-in Minsk qrupunun həmsədrləri (Rusiya Federasiyasından İgor Popov, Fransadan Stefan Viskonti və ABŞ-dan Andre Şofer) bu gün bəyanat yayıblar.

Həmsədrlər oktyabrın 30-da Cenevrədə Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov və Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan ilə ayrı-ayrılıqda və birlikdə görüşüblər. 

ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də görüşlərdə iştirak edib. BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi və BQXK Prezidenti Peter Maurer ilə də məsləhətləşmələr aparılıb.

Həmsədrlər bir daha tərəfləri oktyabrın 17-si Paris və Oktyabrın 25-i Vaşinqtonda təsdiqlədikləri 10 Oktyabr Moskva Birgə Bəyanatına uyğun olaraq, humanitar atəşkəsin dərhal qurulması da daxil olmaqla, öz öhdəliklərini tam şəkildə yerinə yetirməyə çağırıblar.

Atəşkəsin və ya digər öhdəliklərin həyata keçirilməsinə xələl gətirmədən, tərəflər təcili əsasda bir sıra addımlar atmağa razı oldular. 

Razılaşmanın bəndləri:

– Tərəflər beynəlxalq humanitar hüquqa uyğun olaraq qəsdən mülki əhalini və ya qeyri-hərbi obyektləri hədəf almayacaq;

– Tərəflər, BQXK və ATƏT-in şəxsi nümayəndəsinə asanlaşdırma üçün lazımi təhlükəsizlik zəmanətlərini verərək döyüş sahəsindəki qalıqların bərpası və mübadiləsinin həyata keçirilməsində fəal iştirak edəcəklər;

– Tərəflər bir həftə ərzində BQXK və ATƏT-in şəxsi nümayəndəsinə giriş və nəticədə mübadilə təmin etmək məqsədi ilə saxlanılan əsirlərin siyahısını çatdıracaqlar;

– Tərəflər 10 oktyabr birgə bəyanatının 2-ci bəndinə uyğun olaraq atəşkəsin təsdiqlənməsi mexanizmləri ilə bağlı şərh və sualları yazılı şəkildə təqdim edəcəklər.

Qeyd edək ki, tərəflər 10 oktyabr birgə bəyanatının 3-cü bəndinə uyğun olaraq hərtərəfli həllin əsas elementləri üzrə danışıqlar mövqelərin aydınlaşdırılmasına yönəlik açıq və əsaslı fikir mübadiləsi aparıblar.

Həmsədrlər münaqişənin sülh yolu ilə həll edilməsi üçün tərəflərlə intensiv şəkildə çalışmağa davam edəcəklər.

Etikxeber.az

Read Previous

“Azərbaycan Ordusu mülki əhaliyə deyil, yalnız hərbi hədəflərə atəş açır”-MN-DƏN “XOCALI” AÇIQLAMASI

Read Next

Türkiyədə növbəti zəlzələ-DAĞINTILAR VAR, DÜNYASINI DƏYİŞƏNLƏRİN SAYI 24-Ə, XƏSARƏT ALANLARIN SAYI 804-Ə ÇATDI, ƏLİYEV ƏRDOĞANA ZƏNG ETDİ, “KEÇMİŞ OLSUN”-DEDİ – FOTOLAR – YENİLƏNİB – (11)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir