Ceyhun Bayramov Türk Şurasının və ECO-nun baş katibi ilə-DANIŞDI, ONLARI ERMƏNİSTANIN TƏXRİBATI BARƏDƏ MƏLUMATLANDIRDI – YENİLƏNİB

21 iyul 2020-ci il tarixində Xarici İşlər naziri Ceyhun Bayramovla Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyev arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuatı xidməti idarəsindən Etikxeber.az-a verilən məlumata görə, Baş katib Azərbaycan Respublikasının Xarici İşlər naziri vəzifəsinə təyin olunması münasibətilə C. Bayramovu təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb.

C. Bayramov səmimi təbrikinə görə Baş katibə təşəkkürünü bildirib.

Tərəflər Azərbaycanla Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası arasında əməkdaşlığın hazırkı səviyyəsindən məmnunluq ifadə edib və bu əməkdaşlığın gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

Baş katib Azərbaycanın təşkilat çərçivəsində fəal rolunu və təşkilatın işinə verdiyi töhfələri yüksək qiymətləndirib və ölkəmizlə əməkdaşlığın bundan sonra da yüksək səviyyədə davam edəcəyinə əminliyini ifadə edib.

Nazir Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədində törətdiyi hərbi təxribat və bölgədə hələ də davam edən gərgin vəziyyət barədə Baş katibi məlumatlandırıb. 

O, Ermənistan silahlı qüvvələrinin son hərbi təxribatı və Azərbaycan-Ermənistan sərhədində yaşanan gərginliklə bağlı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası tərəfindən verilmiş ədalətli, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan bəyanata görə Baş katibə təşəkkürünü ifadə edib.

***

C. Bayramovun həmçinin, İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Baş katibi Hadi Süleymanpurla telefon danışığı baş tutub.

Baş katibin səmimi təbriklərini qəbul edən nazir C. Bayramov Azərbaycanın ECO-da fəal iştirakına verilən dəstəyə görə qarşı tərəfə təşəkkürünü bildirib.

Tərəflər İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində ticarət, informasiya və kommunikasiya texnologiyaları, nəqliyyat, logistika və digər sahələrdə əməkdaşlığın inkişafı imkanları ətrafında fikir mübadiləsi aparıblar.

Nazir Ermənistan tərəfindən iki dövlətin beynəlxalq sərhədində törədilən hərbi təxribat və yeni təcavüz cəhdi, eləcə də hazırda bölgədəki vəziyyət barədə Baş katibi məlumatlandırıb.

Bölgədə yaşanan gərginliyin kökündə Ermənistanın Azərbaycana qarşı davam edən təcavüz siyasətinin və 30 ilə yaxındır ki, Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonunda hərbi işğalın davam etməsinin durduğu qarşı tərəfin diqqətinə çatdırılıb.

Nazir Ermənistanın son hərbi təxribatı ilə bağlı Baş katibin məktubuna istinad edərək, burada münaqişənin tezliklə həllinə çağırışı və bu xüsusda Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə dəstəyi bir daha ifadə etdiyinə görə H. Süleymanpura təşəkkürünü ifadə edib.

Etikxeber.az

Read Previous

“Biçinçi jurnalistikası” o zaman effektli ola bilər ki, “əkinçi”lik ənənəsinə dayansın…”-TANINMIŞ TELEJURNALİST-MİLLƏT VƏKİLİ

Read Next

Prezident Qəbələ ilə bağlı növbəti-SƏRƏNCAM İMZALADI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir