Cibuti parlamenti də Xocalı soyqırımına dair qətnamə qəbul edib

Azərbaycan Respublikasının Əddis-Əbəbədəki səfirliyindən daxil olmuş məlumata əsasən, Cibuti Respublikasının Milli Assambleyası (Parlamenti) plenar iclasında mütləq səs çoxluğu ilə Xocalı soyqırımına dair qətnamə qəbul edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Etikxeber.az-a bildirilib ki, qətnamə Cibuti Respublikasının Milli Assambleyasının spikeri Məhəmməd Əli Huməd ilə görüşdə Azərbaycan səfiri Elman Abdullayevə rəsmən təqdim olunub. Cibuti parlamentinin sədri ölkəsinin Azərbaycanı daim dəstəklədiyini və yanında olduğunu bir daha vurğulayıb.

Qətnamədə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı və 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Xocalı şəhərində dinc əhaliyə qarşı törədilmiş qətliam soyqırımı aktı və insanlıq əleyhinə cinayət kimi tanınır, günahkarların müvafiq beynəlxalq alətlərə uyğun olaraq cəzalandırılmalı olduğu bəyan edilir.

Milli Assambleya bu qətnamədə Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü və suverenliyinə hörmətini bir daha təsdiq edir, habelə BMT Nizamnaməsi və beynəlxalq hüquqa əsasən güc tətbiq etməklə ərazilərin işğal edilməsinin qəbuledilməz olduğunu vurğulayır.

Cibuti parlamenti BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının, eləcə də digər beynəlxalq təşkilatların Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasına dair qətnamələrinin yerinə yetirilməsini tələb edir, eyni zamanda, beynəlxalq ictimaiyyəti və beynəlxalq təşkilatları bu qərarların yerinə yetirilməsi üçün Ermənistana təzyiq göstərməyə çağırır.

Qətnamədə Ermənistanın təcavüzünün qurbanları olan bir milyondan artıq azərbaycanlının taleyi və böhranlı vəziyyəti, eləcə də humanitar problemlərin miqyasından dərin narahatlıq ifadə olunur, beynəlxalq ictimaiyyət münaqişənin həllinə maksimum töhfə verməyə çağırılır.

Etikxeber.az

Read Previous

Atəşkəs 30 dəfə pozulub

Read Next

Həsənov: “Əsgərimizin nəşinin qaytarılması ilə bağlı konkret tədbirlər görülməlidir”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir