“Ciddi sarsıntılar yaşanır…” – HACIBƏYLİNİN BAXIŞI

Bölgəmizdə çox ciddi sarsıntılar yaşanır.

Türkiyədə siyasi proses canlanıb və siyasi mənzərə durulmaqdadır.

Rusiyanı 50 min nəfəri, az qala Putinə salam verən hər kəsi əhatə edəcək, Rusiya iqtisadiyyatını heç vaxt olmadığı səviyyədə çökdürəcək sanksiyalarla zəif və etkisiz hala gətirirlər.

Əslində, Rusiya artıq öz forpostu olan Ermənistanın Avropa Birliyinə inteqrasiyasının qarşısını ala bilməyəcək səviyyədə etkisiz hala gətirilib. İranı- bölgənin ən mühafizəkar dövlətini demokratiya, hüquq, azadlıq şüarlı aksiyalar bürüyüb. Klerikal rejimin xarizması bir daha bərpa olunmayacaq dərəcədə zədələndi.

gultekinn

Bölgəmizin ən güclü və söz sahibi olan bu üç geosiyasi aktorunun köklü siyasi titrəyişlərlə səciyyələnən durumu ölkəmizdə də demokratik dəyişikliklər üçün nəfəslik açır. Digər tərəfdən Azərbaycan məmurlarına qarşı sanksiyalar artıq Konqres və Dövlət Departamenti arasında razılaşdırma mərhələsini keçib və prosesin başlaması düymənin basılmasına bağlıdır.

O düymə yanvarda da basıla bilər, martda da. Bunları “Azərbaycanda dəyişikliklər geosiyasi vəziyyyətə bağlıdır” deyənlərin arqumentlərinə qarşı yazıram. Yəni, kifayət qədər münbit geosiyasi şərait hələ yetişməsə də, artıq yetişməkdədir. Odur ki, yeni ilin ilk gününü “Qoy bu il ölkəmizə sevinc, ruzi-bərəkət, xoşbəxtlik gətirsin!” nidası ilə yox, ” Bu il bir millət, bir xalq olaraq əl-ələ verib ölkəmizə demokratiya, ədalət və onların nəticəsi olaraq sevinc, rifah, xoşbəxtlik gətirək!” qətiyyətilə yaşamalıyıq!

Heç bir ölkəyə azadlıq, xoşbəxtlik və rifah çəkmələrini geyinib öz ayaqları ilə gəlməyib. Heç onları xaricdən tutub ölkəmizə gətirən də olmayacaq. Bu ölkəyə azadlığı, ədaləti, demokratiyanı da, onları vəsiləsilə rifahı, sevinci, xoşbəxtliyi də biz özümüz- Azərbaycan vətəndaşları, bu ölkəyə canı ilə, qanı ilə bağlı bizlər gətirməliyik. Bir az zəhmət çəkməliyik, dinc, qanuni vasitələrlə yorulmadan, usanmadan sistemli mübarizə aparmalıyıq və sonda haqqımızı almalıyıq…

Gültəkin HACIBƏYLİ,

Sabiq millət vəkili, müstəqil siyasətçi

Etikxeber.az

 

Read Previous

Yumurta bəhanəsi və ya… – ALYA YAQUBLU YAZIR

Read Next

Düşmən atəşkəs rejimini 145 dəfə pozub

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir