“Çingiz Aytmatovla çəkdirdiyim şəkilləri onların qarşısına qoyub, “baxın” dedim, özüm isə nə üçünsə bir neçə dəqiqəliyə bayıra çıxdım…Çıxan kimi dostlarımdan biri deyibmiş ki, bu şəkillər “montaja” oxşayır…”-EKS-DEPUTAT

Dostluq mənim üçün çox ağır dəyərdir. Düşünürəm ki, bu ağırlığı daşımaq hər kişinin hünəri deyil. Birinci sinifdən dostluq münasibətlərini qoruduqlarım var. İllərin sınağından çıxan çoxlu dostlarım da olub, yenə də var. Milli Məclis də mənə çox dəyərli dostlar qazandırıb. Bu həyatda kiməsə dost deyib sonra yarıyolda qoyanları da görmüşəm. Belələrindən dərhal özüm uzaqlaşmışam ki, başqasına dost ola bilməyən mənə də dost ola bilməz.

Etikxeber.az xəbər verir ki, bunu yazıçı-dramaturq, sabiq millət vəkili Hüseynbala Mirələmov deyib.

“Qəribə bir xasiyyətim də var, qoy ondan da danışım. Tale elə gətirib ki, özüm həmişə vəzifə sahibi olduğumdan dostlarımın, oturub-durduqlarımın da əksəriyyəti elə məmurlar olub. İllərlə çörək kəsdiyim, dost dediyim bu məmurların qəfildən sadə insanlara qarşı kobud davranışını, işçilərinə yuxarıdan aşağı baxmasını və bu kimi digər vərdişlərini görəndə onlardan uzaqlaşmışam, münasibətləri soyutmuşam və tədricən tam kəsmişəm.Çünki anlamışam ki, bizi birləşdirən səmimiyyət, mənəvi dəyərlər deyil, əslində, inzibati mənsubiyyətdir, maddiyyatdır, vəzifədir. Bu gün kasıba, ona möhtac olana rişxənd, lağ edənə, etinasız yanaşana mən necə dost deyə bilərəm?!”-deyən eks-millət vəkili qeyd edib ki, amma özü belə olmayıb, indi də elə deyil.

“İşçilərimlə, mənə tabe olanlarla hər zaman birmənalı ehtiramla, anlayışla davranmışam. Onlara hörmət edib, hörmətlərini, təəssübkeşliklərini, canıyananlıqlarını da görmüşəm. Mənim qarşımdakı adi bir insan bəzən çox vəzifəlidən, dost bildiklərimdən daha kişi adam olub!.. Bir dəfə Moskva qəzetlərindən birinə müsahibə verərkən jurnalist məndən soruşdu ki, sən insanları hansı prinsiplə qəbul edirsən? O dəqiqə fikirləşmədən dedim: O insan qapıdan içəri girən kimi mən özümlə onun yerini dəyişirəm və mən özümü onun yerində hiss edirəm.

Hətta elə anlar olub ki, süfrəmin başında otura-otura məni yumşaq şəkildə şantaj ediblər. Planetin ən böyük yazıçılarından biri olan Çingiz Aytmatovla dost idik. Bizi bir- birimizə bağlayan yaradıcılıq telləri olub. O, Brüsseldə səfir işləyərkən bir dəfə ora getmişdim. Bir neçə gün bir yerdə olduq. Çoxluca şəkillər çəkdirdik. Dediyim kimi, ənənəvi olaraq yenidən dostlarla bir yerdə idik. Süfrə açmışdım. Çingiz Aytmatovla çəkdirdiyim şəkilləri onların qarşısına qoyub, “baxın” dedim, özüm isə nə üçünsə bir neçə dəqiqəliyə bayıra çıxdım. Mən çıxan kimi dostlarımdan biri deyibmiş ki, bu şəkillər “montaja” oxşayır. Əlbəttə, çox keçməmiş orda oturanlardan biri bunu mənə çatdırdı. Düzü, pərt oldum. Heç gözləmirdim. Bax, belə “dost”larım da olub. Həyatdır da…”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

“Nə qədər çətin olsa da, əsəblər nə qədər tarıma çəkilsə də…”-DEPUTATDAN ÖLKƏ VƏTƏNDAŞLARINA NÖVBƏTİ SƏSLƏNİŞ

Read Next

Qərbi Azərbaycan İrəvan Respublikasının dövlət bayrağı-QƏBUL EDİLDİ VƏ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir