“Çıxış yolunu cərimələrin artırılmasında görürəm…”-ELDAR İBRAHİMOV

Eldar İBRAHİMOV: “Hər bir insanımızın, hər bir vətəndaşımızın ayağına dəyən daş mənim qəlbimə, ürəyimə dəyir. Tam səmimi sözümdür. İstəməzdim ki, kimlərsə bu çətin və həssas dönəmdə çətinliklə üzləşsin, çərimələnsin. Amma məsuliyyətsiz insanların atdıqları addımlar və nəticədə yararanan mənzərə başqa çıxış yolu qoymur”

Etikxeber.az-ın müxbirinin suallarını Milli Məclisin (MM) İntizam komissiyasının sədri, professor Eldar İbrahimov cavablandırır:

-Eldar müəllim, 4 aya yaxın müddət ərizində aparılan işlərə, görülən tədbirlərə baxmayaraq, ölkədə koronavirusa yoluxma və ölüm halları son günlər artmaqdadır. Sizcə, bu artımların qarşısının önlənməsi üçün hansı əlavə addımlar atılmalıdır?

-Bəli, çox təssüflər olsun ki, ölkəmizdə son zamanlar koronavirusa yoluxma və nəticədə ölüm halları artmaqdadır. Son günlərin statistikası hər birimizi ciddi şəkildə narahat edir. Son 3 gündə yoluxma halları 500-ü keçib və 600-ə çatmaq üzrədir. Bu gün yoluxma hallarının sayı 547-yə çatıb, ölüm halları isə 6 olub. Bu, çox narahatedici bir rəqəmdir. Özünüz də bilirsiniz ki, fevral ayından bu yana son 4 ayda koronavirus pandemiyasının qarşısının alınması ilə bağlı ölkəmizdə çox böyük addımlar atıldı. Xüsusilə də, dövlət başçımız cənab İlham Əliyevin birbaşa rəhbərliyi və iştirakı ilə ölkəmizdə koronavirus pandemiyasının təhlükəli həddə çatmasının və böyük fəsadlar törətməsininin ilkin mərhələdə qarşısı alındı. Koronavirusla Mübarizəyə Dəstək Fondunun, Nazirlər Kabineti yanında Operativ Qərargahın yaradıması, əvvəlcə 1 milyardlıq, sonra isə 2, 5 milyardlıq (üst-üstə 3,5 milyardlıq) sosial paketin icrasına başlanıldı, iki ay ərzində əhalinin həssas qruplarından olan 600 min insana 190 manatlıq birdəfəlik ödəmələr həyata keçirildi, 20 mindən çox tələbənin yaz və payız semestrlərindəki təhsil ödənişlərini dövlət özü qarşıladı, bununla yanaşı, ən müasir standartlara cavab verən “Yeni klinika”nın, bir neçə modul tipli xəstəxananın istifadəyə verilməsi reallaşdırıldı. Elə Gəncəyə sonuncu səfərində ölkə Prezidentinin və Birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 1 saylı Gəncə Şəhər Xəstəxananın modul tipli infeksion xəstəliklər korpusunun açılışı gerçəkləşdirildi. Bu sıraya son bir neçə ay ərzində atılan çoxsaylı digər addımları da əlavə etmək olar, amma hesab edirəm ki, qeyd etdiklərim ümumi mənzərini tam genişliyi və aydınlığı ifadə edir, ortaya qoyur.

İndi bu qədər işlərdən, bu qədər atılan addımlardan sonra heç kimin, heç birimizin haqqı yoxdur ki, onların üzərindən bir andaca xətt çəkilsin, silinib, kənara atılsın. Belə bir haqq-hüquq heç kimsəyə verilməyib. Amma çox təəssüflər olsun ki, son günlər yaşananlar bu boyda işləri gölgə altına salır. May ayından etibarən dalbadal verilən yumşaldılma qərarları bəzi vətəndaşlarımızda yenidən arxayınçılıq, məsuliyyətsizlik yaratdı. Çoxları “koronavirus yoxdur, bu, bir oyundur, yalandır”-deyərək, məsuliyyətsizlik, etinasızlıq göstərməyə başladı, tibbi maskalardan və qoruyucu əlcəklərdən istifadə etmədi, sosial məsafəni gözləmədi. Həm özlərinin, həm də yaxınlarının, başqalarının həyatlarını təhlükəyə atdılar. Şəxsən mən özüm də bu cür halların dəfələrlə şahidi olmuşam. Bu yaxınlarda işdən evə gedərkən gözüm bir avtobusa sataşdı. Baxdım ki, avtobusdakı 20-yə yaxın sərnişindən cəmi ikisi-üçü maska taxıb, qalanları özlərini sanki heç nə olmamış kimi aparırdı. Bu mənzərə, eləcə də, qarşılaşdığım bunabənzər hadisələr bir insan, bir vətəndaş kimi, məni çox narat etdi və bu gün də etməkdədir. Axı, bəzi insanlarımız niyə bu qədər məsuliyyətsizdirlər, niyə öz həyatları ilə bu qədər oynayırlar? Özlərini düşünmürlər, barı heç olmasa, başqalarını düşünsünlər? Nəyə görə, onların məsuliyyətsizliyindən kimlərsə zərər çəkməlidirlər? Niyə aylardır ev, ailə üzünə həsrət qalan, sağlamlıqlarını itirən həkimlərimizi, tibb işçilərimizi düşünmürlər? Niyə koronavirusa yoluxan və can çəkişən insanlarımızın nələr çəkdiklərini bir anlıq olsun belə göz önünə gətirmirlər? Niyə belə bir ağır şəraitdə dövlətimizin gördüyü işləri yerə vurmağa çalışırlar? Hesab edirəm ki, artıq bunlara yol verilə bilməz, verilməməlidir və verilməyəcək…

-Konkret olaraq, nəyi təklif edərdiniz?

-Bilirsiniz, hər bir insanımızın, hər bir vətəndaşımızın ayağına dəyən daş mənim qəlbimə, ürəyimə dəyir. Tam səmimi sözümdür. İstəməzdim ki, kimlərsə bu çətin və həssas dönəmdə çətinliklə üzləşsin, çərimələnsin. Amma məsuliyyətsiz insanların atdıqları addımlar və nəticədə yararanan mənzərə başqa çıxış yolu qoymur. Çıxış yolunu cərimələrin artırılmasında görürəm. Əgər zəhmət çəkib, 30 qəpik xərcləyib, tibbi maska alıb taxmırsa, əlcəkdən istifadə etmirsə, sosial məsafəni gözləmirsə, onda buyurub, zəhmət çəkib, cəriməsini ödəsin. Onda bəlkə ağıllanar, anlayar ki, belə bir addıma getmək olmaz. Bəli, cərimələrin miqdarının artırılması heç də pul yığmaq deyil, bu, sadəcə, bəzi insanları məsuliyətsizlikdən, özünün və başqalarını həyatını risqə atmaqdan çəkindirməkdir. Özünüz də görürsünüz ki, dövlət başçısı və birinci xanım hara gedirlərsə, hansı açılışda iştirak edirlərsə, xüsusilə, qapalı məkanlarda, maskalardan istifadə edir, sosial məsafəni gözləyir və bununla bir daha hər kəsə nümunə, örnək göstərirlər. Əgər dövlət başçısı və onun xanımı bunu edirsə, sıravi insanlar, sadə vətəndaşlar niyə etməsinlər? Dövlət başçısı Gəncədəki çıxışında haqlı olaraq dedi ki, əgər mən prezident kimi maskadan istifadə edirəmsə, vətəndaş niyə etməsin?!

Mən maska ilə gəzirəm. Göstərmişəm, bir daha göstərirəm. Bütün qapalı yerlərdə maska taxıram. Yaxşı, indi Prezident bunu edirsə, niyə başqası edə bilməz? Nə çətin şeydi bu? Heç bir əziyyət vermir, heç bir problem yaratmır. Sadəcə olaraq, məsuliyyətsizlik və deyə bilərəm ki, eqoizm və biganəlik”-deyə, ölkə Prezidenti bir daha hər kəsə çağırış etdi, eyni zamanda, nümunə göstərdi.

Dövlət başçımızın da dediyi kimi, gərək indi məsuliyyətsiz adamlar bunu dərk etsinlər.Həmçinin, onun da vurğuladığı kimi, bu adamlara qarşı ictimai qınaq olmalıdır. Hər yerdə, sosial şəbəkələrdə, telekanallarda, mediada bu insanlar qınağa çəkilməlidir. Bu məsələdə ziyalılarımız, nüfuzlu insanlarımız önə çıxmalı, təşəbbüsü ələ almalı və maarifləndirmə, təbliğat işləri aparmalıdırlar. Eyni zamanda, insanlar arasında çaşqınlıq yaratmağa, sadəlövh insanları “koronavirus yoxdur” yalanlarına inandırmağa çalışan bəzi saytların cavabları verilməlidir. Onlar da qınaqdan öz paylarını almalıdır. Bununla yanaşı, qapalı yerlərdə maska taxmayana qarşı, qeyd etdiyim kimi, yüksək məbləğdə cərimələr tətbiq edilməlidir. Amma, eyni zamanda, bunu görən başqa vətəndaş həmin insanı tənbeh etməlidir, onu başa salmalıdır. Gözləməməlidir ki, polis gələcək, onu cərimələyəcək. Polis də insanları qorumaq üçün gecə-gündüz küçələrdədir, gecə-gündüz fasiləsiz işləyir. Onlara da əlavə problem yaratmaq, onları da vətəndaşlarla üz-üzə qoymaq lazım deyil. Əksinə, hər kəs onlara hörmətlə, ehtiramla yanaşmalıdır. Çünki onlar aylardır bizim hər mənada təhlükəsizliyimizin və sağlamlığımızın keşiyində dayanırlar. Fürsətdən istifadə edərək, onlara bir daha minnətdarlığımı ifadə edirəm. Son olaraq, bir daha qeyd etmək istəyirəm ki, əgər bəzi vətəndaşlarımızın məsuliyyətsizliyi üzündən yoluxma və ölüm hallarında artım davam edərsə, daha sərt addlmlara keçilməli, cərimələr daha da artırılmalı və ağırlaşdırılmalıdır. Çıxış yolu yalnız bundadır.

20:40, 25 iyun

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Bu, artıq ikinci tanışımdır ki, koronaya uduzur…COVİD-19 yaş, status, kimlik tanımır…”-MİLLƏT VƏKİLİNDƏN NÖVBƏTİ ÇAĞIRIŞ

Read Next

“Ordumuz hərəkətə keçməlidir….”-FƏZAİL AĞAMALI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir