“Çox istərdik ki, övladlarımızdan birinə Milli Qəhrəman və ya Vətən Müharibəsi Qəhrəmanı adı verilsin, eyni zamanda, onların adları, xatirəsi əbədiləşdirilsin”-ŞƏHİD MUSA VƏ TURAL HƏSƏNOVLARIN VALİDEYNLƏRİ ÖLKƏ PREZİDENTİNƏ MÜRACİƏT ETDİ

Mingəçevirdən olan İkinci Vətən Müharibəsinin Şəhidləri-Musa və Tural Həsənovların valideynləri-Nəhayət və Tapdıq Həsənovlar ölkə Prezidenti İlham Əliyevə müraciət ünvanlayıblar.

Etikxeber.az-ın xəbərinə görə, Şəhid(lər) ailəsinin müraciətində deyilir:

“Cənab, Ali Baş Komandan!

Yazıb Sizə bildirmək istəyirik ki, biz-Nəhayət və Tapdıq Həsənovlar Mingəçevirdən olan Şəhidlərin- Musa və Tural Həsənovların valideynləriyik. Övladlarımız Tural və Musa Həsənovlar İkinci Vətən Müharibəsi zamanı səfərbərliyə cəlb olunuraq, cəbhə bölgəsinə-Qarabağın işğaldan azad olunması uğrunda döyüşlərə göndəriliblər. Hər iki övladımız da ailəli, iki övlad atası idi. Bugünlərdə isə Şəhidlərimizdən Musanın bir yaşlı övladını-İncini də itirdik və dərdimizin üstünə yeni bir dərd gəldi. Allah heç bir bəndəsinin başına belə bir müsibət gətirməsin. İncimiz Şəhid atasına və Şəhid əmisinə qovuşdu. Hər üçünün də məkanı cənnətlik, nurlu olsun!

Onu da qeyd edək ki, həm Musa, həm Tural İkinci Vətən Müharibəsinin elə ilk günlərində, qanlı döyüşlərdə Vətən, Qarabağ uğrunda Şəhid olublar. Musanın Şəhidliyi 35, Turalın Şəhidliyi isə 69 gündən sonra təsdiq olunub və Musa noyabrın 5-də, Tural isə dekabrın 9-da Mingəçevir Şəhidlər Xiyabanında dəfn olunublar. Övladlarımız ölümlərindən sonra Müzəffər Ali Baş Komandanımız kimi, tərəfinizdən iki medalla təltif olunub. Allah Sizdən dönə-dönə razı olsun”

Müraciətdə sonra deyilir:

“Hörmətli, İlham Heydər oğlu!

İkinci Vətən Müharibəsi zamanı iki övladını itirən 4 ailədən biriyik. Övladlarımızın Qəhrəmanlığı, İgidliyi, Şəhidliyi ilə də fəxr edirik, qürur duyuruq. İstər Şəhid, istərsə Şəhid valideyni olmaq heç də hər kəsə nəsib olmur. Həm Şəhidlik, həm də Şəhid valideynliyi ən müqəddəs dəyərdir. Ona görə, Şəhid(lər) valideyni olaraq, arzumuzdur ki, övladlarımızdan heç olmasa biri Milli Qəhrəman və ya Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülsün. Bu, bizim Şəhid və Şəhidlər valideyni olaraq, istəyimiz və xahişimizdir.

Bu baxımdan çox istərdik ki, bizim istəyimizin, xahişimizin nəzərə alınmasına və onun müsbət həll olunmasına dəstəyinizi, köməkliyinizi əsirgəməyəsiniz. Əgər övladlarımızdan birinə Milli Qəhrəman və ya Vətən Müharibəsi Qəhrəmanı adı verilərsə, bu, həm Şəhidimizin, Şəhidlərimizin ruhunu, ruhlarını sevindirmiş olar, həm də dərdli, kədərli, Qürurlu və Məğrur Şəhid(lər) valideynləri, Şəhidlər ailəsi olaraq, bizlərə mənəvi dəstək, təsəlli, təskinlik olar. İnanırıq və əminik ki, müraciətimiz tərəfinizdən nəzərə alınacaq və yaxın zamanlarda öz müsbət həllini tapacaq”.

“Eyni zamanda, Şəhidlərimizin adlarının, xatirəsinin əbədiləşdirilməsini və bununla bağlı müvafiq qurumlara, o cümlədən, Mingəçevir Şəhər İcra Hakimiyyətinə tapşırıq və göstərişlər verməyinizi istəyir və xahiş edirik. Çox istərdik ki, Mingəçevirdəki küçələrdən birinə Musa və Tural Həsənovların adı verilsin. Həmçinin, Şəhidlərimizin vaxtilə getdikləri və hazırda da Musanın tək qız övladının getdiyi ( həm də ciddi təmirə ehtiyacı olan) 8 saylı uşaq bağçasına Şəhidlərimizin adı verilsin. Bu, elə bilirik ki, Şəhidlərimizin haqqıdır. İnanır və əminik ki, bu məsələlərin həllinə də dəstəyinizi verəcək, köməkliyinizi əsirgəməyəcəksiniz. Bu məsələlər də, bu xahişlərimiz də tərəfinizdən nəzərə alınacaq və öz müsbət həllini tapacaq. Öncədən də özümüz, ailə üzvlərimiz adından Sizə dərin minnətdarlığımızı və təşəkkürümüzü bildiririk. Allah Sizi, gözəl ailənizi, Dövlətimizi, Xalqımızı, Qalib və Müzəffər Ordumuzu, İgid Əsgərimizi qorusun!”-deyə, müraciətdə daha sonra qeyd olunur.

Etikxeber.az

Read Previous

Əslən Cəbrayıllı, özü isə Kürdəmirli olan İkinci Vətən Müharibəsi Qəhrəmanı və Şəhidi-ZİYADXAN İBRAHİM OĞLU ƏLİYEV – FOTOLAR

Read Next

Mikayıl Cabbarov və Suraxanı Məhkəməsi-YENİ BİNADA – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir