Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Mingəçevir şəhərində yaşayan Şəhid qızı Günel Mustafayeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, ölkənin Birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya, o cümlədən Daxili işlər naziri Vilayət Eyvazova, Baş Prokuror Kamran Əliyevə və Milli təhlükəsizlik naziri Əli Nağıyevə müraciət-şikayət ərizəsi ünvanlayıb.
Etikxeber.az-a ünvanlanan müraciətdə deyilir:
“Çox hörmətli Mehriban xanım!
Yazıb Sizə bildirmək istəyirəm ki, mən-Günel Hamlet qızı Mustafayeva 1991-ci ildə Mingəçevir şəhərində sadə bir ailədə dünyaya gəlmişəm. Cəmi 3 yaşında atamı itirmişəm, əslən Ağdamlı olan atam Hamlet Mustafayev 1994-cü ildə-Birinci Qarabağ Savaşı zamanı qəhrəmancasına Şəhid olub. 3 yaşından mənə və hazırda ailəli olan bacıma anamız Gülxar xanım həm analıq, həm də atalıq edib. 2022-ci ildə isə xərçəng xəstəliyindən əziyyət çəkən anamı itirmişəm. Özüm də illərdir xərçəng xəstəliyindən əziyyət çəkirəm. Səhhətimlə bağlı ailə həyatı da qurmamışam. Hazırda tək-tənha yaşayıram, kimsəm yoxdur.
Qeyd edim ki, Şəhid ailəsi olaraq bizə-anama dövlət tərəfindən 11 min manat sığorta pulu verilmişdi. Həmin pulu da rəhmətlik anam saxlayaraq, xərcləməyərək mənə vermişdi. Qaldığım, yaşadığım mənzil də təmirsiz, çox şəraitsiz idi. Onu təmir etdirmək qərarına gəldim və sosial şəbəklərdə təmir-tikinti şirkəti adı ilə özünü reklam, paylaşımlar edən “Brend” təmir-tikinti şirkəti, onun rəhbəri Vüsal Hüseynağa oğlu Bağırovla əlaqə saxladım. Evə baxış keçirib, cəmi 1 ay ərzində təmir edib mənzili təhvil verəcəyini dedi. Həmin pulu da (üst-üstə 14 min manatı) məndən hissə-hissə alaraq, əvəzində heç bir iş görülmədi. Əksinə, 2 ay ərzində mənzilimizi təmir adı ilə söküb-dağıdıb aradan çıxdılar.
Ötən müddətdə həmin şəxsdən dəfələrlə pulumu geri tələb etsəm də, hər dəfə bir bəhanə, fırıldaqla aradan çıxdı, pulumu qaytarmadı. Yazışmalarımız da ortadadır. Sübutlarla, faktlarla danışıram. 6 aydır da evsiz-eşiksiz qalmışam təkbaşına. Kirayədə qalıram xəstə canımla. Çox təəssüflər olsun ki, yerli hüquq-mühafizə orqanlarına müraciətlərim də cavabsız qalır, heç bir nəticə yoxdur. Məni-Şəhid qızını aldadan yalançı, fırıldaqçı “şirkət” rəhbəri qanun qarşısında məhşər ayağına çəkilmir. Bu isə məni-Şəhid qızını, xəstə və təhna bir Azərbaycan qadınını çox üzür, çox məyis edir, çox incidir. Bəli, mən çox səhv etdim ki, belə bir fırıldaqçının oyununa gəldim, onun toruna düşdüm, kimsə də bundan sığortalanmayıb, amma həmin şəxsin bugünəcən tapılıb ortaya çıxarılmaması, pulumu geri qaytarmaması, cəzalandırılmaması məni çox narahat edir.
Çox dəyərli və çox əziz Mehriban xanım!
Bu müraciəti ünvanlamaqla, həm bu məsələnin, həm də digər iki məsələnin həllində mənə dəstək olmağınızı Sizdən dönə-dönə xahiş edirəm. Xahiş və rica edirəm ki, mənə qarşı dələduzluq edən, təmir adı ilə pulumu alıb qaçan şəxsin tapılıb ortaya çıxarılması, cəzalandırılması, mənə dəyən maddi və mənəvi ziyanın ödənilməsi, eləcə də mənzilimizin təmir olunması üçün aidiyyatı qurumlara və səlahiyyət sahiblərinə göstəriş və tapşırıqlar verəsiniz. Sizdən çox-çox xahiş və rica edirəm ki, bu məsələdə mənə dəstəyinizi, köməkliyinizi əsirgəməyəsiniz.
Eyni zamanda, bir xeyli müddət öncə Bakı şəhərində olarkən marşrutda telefonum oğurlandı. Həmin adamın adı-soyadı bəllidir. Amma təəssüflər olsun ki, bu məsələdə də mənə köməklik göstərilmədi, həmin şəxs cəzalandırılmadı, telefonum geri qaytarılmadı. Ona görə bu məsələnin də aşkarlanıb-həllini tapmasında mənə yardım, köməklik göstərməyinizi xahiş edirəm.
Həmçinin, qeyd etdiyim kimi, illərdir xərçəng xəstəliyindən əziyyət şəkirəm. Ancaq yenə çox təəssüflər olsun ki, heç bir əsas və səbəb gətirilmədən ikinci qrup əlilliyim ləğv olundu, bu yöndə müraciətlərim də nəzərə alınmadı. Sizdən xahiş və rica edirəm ki, bu məsələdə də Haqqımın bərpa olunmasına köməklik və dəstəyinizi göstərəsiniz. Şəfqət, mərhəmət simvolu kimi Sizə çox inanır və güvənirəm. İnanıram və əminəm ki, müraciətim nəzərə alınacaq və hər üç məsələ öz müsbət həllini tapacaq.
Öncədən də Sizə öz dərin minnətdarlıq və təşəkkürlərimi ifadə edirəm!”
Etikxeber.az