Daha bir Şəhid verdik-MÜDAFİƏ VƏ XARİCİ İŞLƏR NAZİRLİKLƏRİ BƏYANAT YAYDI…-YENİLƏNİB

Azərbaycan Müdafiə Nazirliyi (MN) bəyanat yayıb.

Nazirlikdən Etikxeber.az-a daxil olan bəyanatda deyilir:

“Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində və Ermənistanla dövlət sərhədi istiqamətində vəziyyət düşmən tərəfindən məqsədyönlü şəkildə getdikcə daha da gərginləşdirilir.

Son zamanlar Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin kobud şəkildə pozulması hallarının artması, təmas xəttinə yaxın yaşayış məntəqələrimizin, mülki əhalinin və infrastrukturun müntəzəm atəşə tutlması, daha iriçaplı silahlardan istifadə olunması, mövqelərimizə qarşı keçirilən kəşfiyyat-təxribat fəaliyyətləri, o cümlədən pilotsuz uçuş aparatlarının (PUA) geniş tətbiqi cəbhədə vəziyyətin ciddi kəskinləşməsinə səbəb olub.

Bütün hallarda Azərbaycan Ordusunun qoşun növlərinin tətbiqi ilə düşmən təxribatlarının qarşısı alınıb və o, ağır itkilərə məruz qalıb. Belə ki, dünən gecə saatlarında Hava Hücumundan Müdafiə bölmələrimizin fəaliyyəti nəticəsində düşmənin daha bir taktiki PUA-sı məhv edilib.

Sentyabrın 21-də saat 09:20 radələrində Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində düşmənin növbəti təxribatı nəticəsində isə Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Məmmədov Elşən Əli oğlu şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir! Bəyan edirik ki, cəbhədə vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”.

***

Həmçinin, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu istiqamətində törətdiyi növbəti təxribata dair açıqlama yayıb.

Açıqlamada Ermənistan silahlı qüvvələrinin sentyabrın 21-də Ermənistan-Azərbaycan beynəlxalq sərhədinin Azərbaycanın Tovuz rayonu istiqamətində növbəti təxribata əl atdığı bildirilir. Qeyd edilir ki, düşmən qüvvələrinin atıcı odlu silahdan açdığı atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Məmmədov Elşən Əli oğlu şəhid olub.

Açıqlamada deyilir ki, Ermənistan XİN-in bölgədə sülh və regional təhlükəsizliyin təminatından bəhs edən ən son açıqlaması və bu ölkənin Xarici İşlər nazirinin münaqişənin sülh yolu ilə həllinə çağırış edən bəyanatının ardınca bu qanlı təxribatın törədilməsi Ermənistan rəhbərliyinin əsl niyyətinin sülh yox, təcavüzün davam etdirilməsi olduğunun bariz nümayişidir:

“Düşmən qüvvələrinin Ermənistan-Azərbaycan sərhədində törətdiyi bu qanlı cinayətin bütün məsuliyyətini Ermənistanın hərbi-siyasi rəhbərliyi daşıyır.

Azərbaycanın beynəlxalq tanınmış sərhədlərini qoruyaraq, dövlətimizin suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidimizə Allah rəhmət eləsin!

Etikxeber.az

Read Previous

“Gələcəkdə deputat könüllülərinin içərisindən bir çoxunu seçərək, onları işlə təmin olunmaları üçün dövlət orqanlarına təqdim edə bilərik”- ADİL ƏLİYEV DEPUTAT KÖNÜLLÜLƏRİNİN SEÇİLMƏSİ TƏKLİFİNİN DEPUTAT MÜŞFİQ CƏFƏROV TƏRƏFİNDƏN İRƏLİ SÜRÜLDÜYÜNÜ DEDİ… – YENİLƏNİB – (1)

Read Next

“Azərbaycan üçün yeganə maneə Rusiyadır…”-POLİTOLOQ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir