“Daha güclü Azərbaycan naminə atılacaq addımlar və ya…”-ELDƏNİZ SƏLİMOVUN YAZISI – (ÜÇÜNCÜ-SONUNCU HİSSƏ)

Milli Prioritetlər, Milli Hədəflər, Milli Yüksəliş

(Yazının davamı: Üçüncü-sonuncu hissə)

Ölkənin bütün təbəqələri cəmiyyətin ayrılmaz hissəsidir və dövlət onların qayğısında durur.

Aparılan islahatlar ölkədə yoxsulluq səviyyəsinin minimuma endirilməsi və aşağı işsizlik səviyyəsi, eləcə də yoxsul təbəqənin ehtiyaclarının qarşılanmasına yönələn ünvanlı yardımların əhatə dairəsinin genişləndirilməsi vətəndaşların sosial müdafiəsinə əlavə imkanlar yaradır.

Bu kontekstdə regionların inkişafını paytaxtın inkişaf səviyyəsinə uyğunlaşdırmaq önəmli vəzifələrdəndir.

Bunun üçün regionlarda zəruri olan bütün iqtisadi və sosial infrastruktur yaradılmışdır. Regionlarda iqtisadi aktivliyin daha da artırılması üçün mövcud iş qüvvəsi və bütün resurslar tamamilə iqtisadi dövriyyəyə cəlb edilməlidir.

Regionların sürətli inkişafı insanların keyfiyyətli iqtisadi imkanlara və fiziki infrastruktura çıxışı ilə müşayiət olunmalıdır. Regionların milli gəlirdə payının artırılması təmin edilməlidir; Son dövrlərdə dünya iqtisadiyyatında müşahidə olunan inqilabi texnoloji dəyişikliklər şəraitində ölkələrarası rəqabət daha da artmışdır.

Dünyada artan rəqabətə hazır olmaq üçün hər bir ölkənin prioriteti yüksək rəqabətli insan kapitalını formalaşdırmaqdır. Bunun üçün müasir təhsil, innovasiyaları təşviq edən münbit şərait və insanların sağlamlığı əsas şərtdir. Azərbaycanda XXI əsrin tələblərinə uyğun olan təhsil sisteminin formalaşmasında dövlətin iqtisadi potensialının payı mütləq artırılmalıdır. Dünyada artan rəqabətə davam gətirə bilmək üçün iqtisadiyyatın uzunmüddətli inkişafı müasir və güclü təhsilə arxalanmalıdır.

Məhz təhsil vasitəsilə insan kapitalının milli sərvətdə iştirak payı davamlı şəkildə artırılmalıdır. Strateji dövrdə kompetensiya, sosial vərdişlər və bacarıqların harmoniyada inkişafına əsaslanan “ömürboyu təhsil”ə xüsusi önəm verilməlidir. Güclü təhsil hesabına yüksək peşə bacarıqlarına malik insan kapitalı yaratmaq üçün ali təhsil müəssisələrinin beynəlxalq səviyyədə keyfiyyət baxımından rəqabətədavamlığı təmin olunmalıdır. Həyata keçiriləcək vəzifələr sırasında ətraf mühitin qorunması və ekoloji tarazlığın təmin edilməsi də diqqətdən kənarda qalmamalıdır.

Qlobal iqlim dəyişikliklərinin miqyasını nəzərə alaraq ekoloji təmiz texnologiyaların tətbiqinə əhəmiyyətli yer verilməli, təmiz enerji mənbələrindən istifadə, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpası təşviq edilməlidir. Bu, istilik effekti yaradan qaz emissiyasını beynəlxalq normalara uyğun səviyyədə saxlanılması istiqamətində göstərilən səylərə mühüm töhfə olacaqdır. Ölkənin perspektiv iqtisadi inkişafı ilə bərabər ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların sürətli bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə təmin edilməlidir.

Proqramda qeyd olunan prioritetlərin həyata keçirilməsi ilə qarşıdan gələn növbəti on il ərzində Azərbaycanın qüdrəti dəfələrlə artmış olacaqdır. Proqramın hərtərəfli və detallı olması hər bir istiqamət üzrə işlərin icrasına göstərilən xüsusi münasibət sayəsində onun uğurlu nəticələrə səbəb olacağına təminat verir.

Bizi qarşıda aktiv və məsuliyyətli bir onillik gözləyir və dövlətimiz, vətəndaşlarımız bu müddətdə həmişə olduğu kimi nümunəvi həmrəylik göstərməklə qarşıya qoyulan bütün hədəflərə nail olacaqdır.

Ölkəmizin inkişafı, iqtisadi potensialının yüksəldilməsi və beynəlxalq arenada nüfuzunun artırılması üçün hər birimiz əlimizdən  gələni əsirgəməməli, uğurlu gələcəyə, nəticələrə nail olmaq üçün birgə səy göstərməliyik.

Daha güclü Azərbaycan naminə atılacaq bütün addımlarda hər birimizə sonsuz sevgi, dəmir iradə və tükənməz enerji arzu edirəm.

Eldəniz SƏLİMOV,

Millət vəkili

Etikxeber.az

Read Previous

23 yaşlı…Şəhid Şahmar Seyidov…Haqsızlıqla üzləşən-ŞƏHİD ANASI…-KAMİL HƏMZƏOĞLU YAZDI – (İKİNCİ HİSSƏ)

Read Next

“Səhər açılar-açılmaz Şəhidlər Xiyabanına, həm Turalın, həm Musanın məzarı üstünə getdim… Yuxumu mollaya danışdım, dedi ki, Turalın məzarının baş hissəsindən aşağısınacan su tök…Mən də elə etdim, məzarını yudum, bəlkə ona, özünə də agah olar…”-ŞƏHİD ANASI – KAMİL HƏMZƏOĞLU YAZDI – (ÜÇÜNCÜ-SONUNCU HİSSƏ)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir