Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün-26 iyul 2024-cü il tarixində, səhər və günorta saatlarında daha iki Şəhid ailəsində oldum…
Daha iki Şəhidimizin, Vətən sevdalımızın ocağına, ailəsinə baş çəkdim…
Daha iki Şəhidimizin-Sumqayıtlı Birinci Qarabağ Savaşı Şəhidi-itkin Şəhidlərimizdən biri Əli Əkbər oğlu Quliyev və 2023-cü il Antiterror Şəhidi Zamin Xəqani oğlu Abbasovun ailəsi, valideynləri, doğmaları ilə bir araya gəldim…
Qeyd edim ki, öncə itkin Şəhidimiz Əli Quliyevin ocağını, “Corat bağları”nda yaşayan və 30 ildir övlad yolu gözləyən anası Anaxanım ananı və qardaşı Akif Quliyevi ziyarət etdim…
Onlara Allahdan səbr və dözüm dilədim…
Şəhidimiz nəşinin tapılmasını, gözləri yolda qalan anasının, ailəsinin az da olsa, təskinlik, təsəlli tapmasını Böyük Yaradınımızdan dilədim…
72 yaşlı, Dərddən, Kədərdən, övlad Acısından saçları dümağ ağaran, sakit, həlim xasiyyətli Anaxanım ana və Şəhidimizin qardaşı-1992-96-cı illərdə həqiqi hərbi xidmətdə olmuş, Birinci Qarabağ Savaşında iştirak etmiş, gözləri ilə odlar görmüş Akif bəylə dərdləşdim, söhbətləşdim…
“Otuz ildir ki, gözüm yollardadır…Hər qapı açılanda elə bilirəm ki, Əli içəri girəcək…Amma balam gəlmir ki, gəlmir (Gözləri dolur)…Yenə də ümidliyəm, heç zaman ümidimi itirməmişəm…Bəlkə də bu ümiddir məni yaşadan elə..Amma… İstəyirəm ki, heç olmasa, balamın nəşi tapılsın və gedib qucaqlamağa, doyunca ağlamağa bir məzarı olsun…Eyni zamanda istəyirəm ki, balama, Birinci Qarabağ Müharibəsində Şəhid olmuş balalarımıza da medal və orden verilsin…Medal və orden də balamın, digər Şəhidlərimizin Haqqıdır…”-deyə, Anaxanım Quliyeva söhbət-ziyarət zamanı bildirir…
Bu yerdə qeyd edim ki, əslən Şamaxılı, Dəmirçili olan Əli Əkbər oğlu Quliyev 1975-ci ilin 13 iyul tarixində Sumqayıt şəhərində, sadə bir ailədə dünyaya gəlib…
O, ailənin üç övladından, iki qardaşdan biri və evin ortancılı olub…
1981-1992-ci illərdə Sumqayıt şəhərində yerləşən 4 saylı tam orta məktəbdə oxuyub…
Orta məktəbi bitirdikdən, 18 yaşını tamamladıqdan sonra, 1993-cü ilin oktyabr ayında həqiqi hərbi xidmətə, Əsgərliyə çağırılıb, “Nasosnı”da (indiki Hacı Zeynalabdin Tağıyev qəsəbəsində) yerləşən “N” saylı hərbi hissədə qulluğa başlayıb…
1992-cü ilin yanvar ayında isə əvvəlcə Ağdam, sonra Ağdərə istiqamətinə göndərilib, Azərbaycan Ordusunun Əsgəri kimi Birinci Qarabağ Savaşına qatılıb…
Və 1994-cü ilin yanvar ayının 19-da Ağdərə istiqamətində Şəhid olduğu deyilsə də, uzun müddət Əlidən xəbər almaq mümkün olmayıb…
Onun Şəhid olduğu xəbəri, daha doğrusu, itkin düşdüyü atasına, ailəsinə 1994-cü ilin mart ayının əvvəllərində bildirilib…
Və o vaxtdan ailəsi, mərhum atası Əkbər kişi nə qədər axtarsa da, Əlinin nəşini əldə etmək, tapmaq mümkün olmayıb…
Əliyə Şəhidlik statusu isə yalnız iki ildən sonra-1996-cı ildən verilib…




Cəmi 19 yaşında Şəhidlik məqamına ucalan-itkin düşən Əli Quliyev həm də subay olub…
Eyni zamanda qeyd edim ki, Əli Quliyevin ata tərəfdən yaxın qohumu, Şamaxılı, Dəmirçili, cəmi 23 yaşlı Rəcəb Elşən oğlu Quliyev də Şəhiddir, o, İkinci Vətən Müharibəsi zamanı Şəhidlik zirvəsinə yüksəlib.

Məqamı Uca olsun!
***
Şəhid övladı 3 yaşlı Turan: “ATAM QARA MAŞINA MİNİB GETDİ…”
Əli Quliyevin ailəsini təxminən iki saat çəkən ziyarətdən sonra Sumqayıtlı digər Şəhidimiz, Antiterror Şəhidi Zamin Xəqani oğlu Abbasovun ocağına üz tutdum, daha doğrusu, məcburi köçkün kimi 56 saylı uşaq bağçasına sığınmış ailəsinə, anası Sevda xanıma baş çəkdim…
Sevda xanıma da Uca Tanrıdan səbr və dözüm dilədim, “Şəhidimizin ruhu şad, məkanı cənnətlik olsun!”-dedim…
Şəhidimizin müqəddəs ruhu qarşısında baş əydiyimi bildirdim…
Təxminən bir saat çəkən ziyarət zamanı Sevda xanımla da dərdləşdim, söhbətləşdim, Şəhidimizin Dərdli, Yaralı, həm də Qəhrəman anasına təsəlli, təskinlik verməyə çalışdım…
Daha sonra onunla birlikdə Sumqayıt Şəhidlər Xiyabanını, Zamin Abbasovun məzarını ziyarət, ruhuna dualar etdim…
Onu da qeyd edim ki, əslən Qubadlılı olan Zamin Abbasov 1993-cü ilin mart ayının 3-də dünyaya gəlib…
Dünyaya gəlişindən cəmi aylar sonra, 1993-cü ilin yayında ailəsi ilə birlikdə məcburi köçkün düşüb, Sumqayıt şəhərinə pənah gətiriblər…
Ailənin iki oğlan övladından biri və evin böyük oğlu olub…
Ondan 6 yaş kiçik, 1999-cu il təvəllüdlü olan 25 yaşlı və ali təhsilli qardaşı Zahid isə hazırda Qəbələ rayonunda həqiqi hərbi xidmətdədir…
Zamin 2000-ci ildə Qubadlı rayon Mehman Ağayarov adına Kavdadıq kənd tam orta məktəbinə, birinci sinfə gedib…
2008-ci ildə 8-ci sinfi bitirən Zamin təhsilini Cəmşid Naxçıvanski adına Hərbi Liseydə davam etdirib…
2011-ci ildə oranı bitirdikdən sonra Heydər Əliyev adına Ali Hərbi Akademiyaya daxil olub və 2015-ci ildə ali hərbi təhsilini başa vurub…
Ali təhsilini başa vurduqdan sonra isə zabitlik kursunda oxuyub…
Əvvəlcə “Leytenant”, sonra isə “Baş Leytenant” hərbi rütbəsini daşıyıb…
Aprel döyüşlərinin iştirakçılarından olub…
Eyni zamanda, peşəkar hərbçi kimi İkinci Vətən Müharibəsində-ilk gündən, son günəcən Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Laçın istiqamətlərində döyüşlərdə iştirak edib, qəhrəmanlıqlara imza atıb…
Həmçinin, 2022-ci ilin “Qisas” və 2023-cü ilin 23 saatlıq lokal xarakterli antiterror əməliyyatlarında iştirak edib…
Və 2023-cü ilin 19 sentyabr tarixində Xocavənd istiqamətində qanlı döyüşlərdə qəhrəmancasına Şəhidlik məqamına ucalıb…
Şəhidlik xəbərin isə ailəsinə ayın 20-si günü bildirilib, bir gün sonra, 21 sentyabr tarixində nəşi Sumqayıt şəhərinə gətirlib və 22 sentyabr tarixində Sumqayıt şəhər Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb…
O, həm də Sumqayıtın dörd Antiterror Şəhidindən biridir…
Zamin eyni zamanda, ailəli olub…
2018-ci ildə Kürdəmirli Aidə xanımla ailə həyatı qurub və 2021-ci ildə tək övladı-oğlu Turan dünyaya gəlib…
Balaca Turanın hazırda üç yaşı var və ondan atasını soruşanda deyir ki, “atamı qara maşına minib getdi..”
İkinci Vətən Müharibəsindən sonra İgidliyinə və Qəhrəmanlığına görə 6 medalla təltif edilən Zamin Şəhidliyindən sonra “Vətən uğrunda” medalına və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeninə layiq görülüb…
Anası Sevda xanım isə övladının “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adına layiq görülməsini istəyir, “balamın Haqqıdır”-deyir…
Haqqıdır və Haqqını da alsın!
Və Şəhidimizin dərgahı bir daha mübarək olsun!
Nur içində uyusun!
***
FOTOLAR:









Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az