Danışıqlar prosesi nəticə verəcəkmi? – “AZ DA OLSA ÜMİDLİYİK Kİ…” – DEPUTAT – RƏYLƏR

Qarabağ probleminin, Ermənistan-Azərbaycan  münaqişəsinin başlamasından 31 ildən artıq vaxt ötür. Ancaq çox təəssüflər olsun ki, 1988-ci ilin qışından başlanan, 1991-92-ci illərdən şiddətlənən bu münaqişə 1994-ci ilin yazından atəşkəsin əldə edilməsinə baxmayaraq, ötən illər ərzində hələ də öz ədalətli və müsbət həllini tapmayıb. Təcavüzkar və işğalçı Ermənistan destruktivliyi, təxribatçılıq əməlləri, atəşkəsi mütəmadi pozması, həmçinin, Minsk qrupunun, həmsədrlərin biganəliyi, laqeydliyi, bir çox hallarda isə işğalçı ilə işğala məruz qalanı eyniləşdirilməsi üzündən bu münaqişə illərdir həll olunmamış vəziyyətdə qalır.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Hüseynbala Mirələmov bildirib.

O, qeyd edib ki, çevriliş yolu ilə hakimiyyətə gələn Paşinyan hakimiyyəti də əvvəlki hakimiyyətlərdən heç nə ilə fərqlənmmir:

“Paşinyan hakimiyyəti hərbi canilər -Kocaryan və Sarkisyan hakimiyyətinin yolu ilə gedir, bəzən onlardan da daha çox ifrata varır, münaqişənin həllini tapmaması üçün hər cür təxribatçılıq əməllərinə əl atır. Atəşkəsin mütəmadi pozulması, sərhəd bölgələrimizin, dinc, mülki sakinlərin atəşə tutulması, hərbçilərimizin qətlə yetirilməsi və sair Ermənistan, Paşinyan hakimiyyətinin əsl mahiyyətini, danışıqlara neçə yanaşmasını ortaya qoyur.

Paşinyan inqilab və çevriliş yolu ilə hakimiyyətə yiyələnəndə çoxlu vədlər vermişdi. Həmin vədlərin heç birini yetirə bilmədiyi üçün indi ona yönələn hücumları, etirazları başqa səmtə yönəltməyə çalışır, yenə də erməni ictimaiyyətini Qarabağ məsələsinə kökləyir, “Qarabağ nağılı” ilə uyudur, münaqişənin həll olunmaması üçün hər cür yollara əl atır – təki ona, hakimiyyətinə heç nə olmasın. Ancaq bu cür siyasətin axırı yoxdur, ən böyük zərbəsi siyasət oyunu oynayanların özünə dəyəcək.

Azərbaycan istənilən vaxt  münaqişəni öz xeyrinə həll etməyə hazır və qadirdir. 2016-cı ilin Aprel döyüşləri, 2018-ci ilin “Cünnüt əməliyyatı” Azərbaycanın və onun Ordusunun nəyə qadir olduğunu və ola biləcəyini bir daha ortaya qoydu. Bunu ermənilər də, bütün dünya da gördü, şahidi oldu. Amma Azərbaycan yenə də qan tökülməsini istəmir, münaqişənin sülh və danışıqlar yolu ilə həllinə üstünlük verir. Bu istiqamətdə öz səmimi və əməli addımlarını ortaya qoyur. Ona görə də ermənilər, Ermənistan hakimiyyəti, həmçinin, münaqişənin həllində vasitəçilik missiyasını üzərinə götürənlər Azərbaycanın bu mövqeyini, bu güzəştini ciddi dəyərləndirməlidirlər. Ermənistan sülhə məcbur edilməlidir, işğalçı qoşunlarını Azərbaycan ərazilərindən çıxarmalıdır”.

huseynbala

sktr-1

Millət vəkili Eldəniz Səlimov da hesab edir ki, Qarabağ münaqişəsi nəhayət, öz ədalətli və müsbət çözümünü tapmalıdır.

Millət vəkilinin dediyinə görə,artıq Azərbaycanın xalqının və dövlətinin səbr kasası daşmaq üzrədir:

“İnsanlarımız, vətəndaşlarımız illərdir ki, münaqişənin müsbət və ədalətli həll olunacağı günü, anı gözləyirlər. Ancaq Ermənistan və onun gizli-aşkar himayədarlarının işğalçılıq siyasəti, bəzi dairələrin imperiya maraqları, bu bölgəni öz nəzarətlərində saxlamaq niyyətləri, Minsk qrupunun, BMT-nin dişsizliyi, həmsədrlərin etinasızlığı üzündən Azərbaycanın insanının, xalqımızın arzuları elə arzu olaraq qalır, münaqişənin həlli uzana-uzana, uzadıla-uzadıla gedir.

Artıq Azərbaycan xalqı və dövləti buna dözmək fikrində deyil. Xalqımız bir an bu münaqişənin tezliklə çözülməsini istəyir və BMT-dən, Minsk qrupundan, həmsədr dövlətlərdən bunu tələb edir. Bunu gözləmək və tələb etmək bizim, xalqımızın haqqıdır. Ermənistanın, erməni işğalçılarının nazı ilə oynamağın vaxtı artıq çmoxdan keçib, onların “ağılları” başlarına gətirilməlidir. Ermənistan, onun qana həris, qana susayan dairələri sülhə məcbur olunmalıdırlar.

Bunu etmək istəmədikdə də Ermənistana, Ermənistan siyasətçilərinə ciddi sanksiyalar, təzyiq mexanizmləri tətbiq edilməlidir. Böyük güclərə özlərinə lazım gələndə istəilən dövləti cəzalandırmağa çalışır və bu cəzalandırma üçün də beynəlxalq hüquq normalarını belə açıq şəkildə tapdalayıb keçirlər. Çox yaxşı olardı ki, onlar Ermənistana qarşı da bu cəzalandırmadan istifadə etsinlər, onları “ağıllandırsınlar” və sülhə, işğal olunmuş ərazilərdən geri çəkilməyə vadar etsinlər. Bu, onların borcudur, vəzifəsidir.

Ermənistan sülh danışıqlarına nə qədər əngəl törətməyə, ona mane olmağa çalışsa da, proses bilərəkdən uzadılsa da, amma bizim danışıqlara yenə ümidimiz qalır. Az da olsa ümidliyik ki, danışıqlar, sülh yolu ilə bu problem öz həllini tapacaq, Ermənistan haqq etdiyi cəzasını alacaq. Əgər bunlar olmasa, Azərbaycan öz qəti sözünü deyəcək və işğal olunmuş ərazilərində, Qarabağımızda öz üçrəngli, ay-ulduzlu bayrağını dalğalandıracaq. Bunu qəti şəkildə unutmasınlar”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az 

 

 

 

 

 

Read Previous

“Musiqi alətləri: birlik və müxtəliflik” sərgisi açılacaq – BAKIDA

Read Next

Prezident qəzetlərə pul ayırdı – SƏRƏNCAM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir