Dastan yazmış İgidlərimiz-Şəhidlərimiz: KƏNAN, ŞAHİN, RUSLAN, XALİD, ORXAN…

Sentyabrın 27-də başlayan və noyabrın 10-da başa çatan tarixi İkinci Vətən Müharibəsi, 32 ildən sonra torpaqlarımızın işğaldan azad olunması Ali Baş Komandanın rəhbərlik etdiyi müzəffər, rəşadətli Azərbaycan Ordusunun, Vətən övladlarının igidliyi, qəhrəmanlığı sayəsində mümkünləşdi.

Yüzlərlə, minlərlə Vətən övladı işğal altındakı torpaqlarımızın murdar erməni tapdağından qurtulması üçün canlarından, sağlamlıqlarından keçdilər.

Ağır yaralandırlar, ciddi xəsarətlər aldılar, itkin düşdülər, Şəhid oldular.

Yaralılarımıza Allahdan şəfa diləyir, tezliklə sağlamlıqlarına qovuşmalarını arzulayır, baş tacımız olan Şəhidlərimizə isə məkanları cənnətlik, məzarları behiştlik olsun, nur içində yatsınlar, əzizlərinə, cəmi Azərbaycan xalqına başın-başınız sağ olsun deyirik.

Etikxeber.az olaraq, Vətən torpaqları uğrunda İgidlik, Qəhrəmanlıq göstərmiş, Dastan yazmış, canını fəda etmiş Şəhidlərimizi bir daha oxucularımıza, izləyicilərimizə, ölkə ictimaiyyətinə yaxından tanıtmağı nəzərdə tuturuq.

Beləliklə,

Şəhid-20 yaşlı, əslən Goranboyun Qaradağlı kəndindən olan Şahin Rəhim oğlu Tağıyev…

Şahin Dövlət Sərhəd Xidmətinin (DSX) kiçik giziri olub…

Müharibənin ilk günlərindən döyüşlərə atılıb, Füzuli istiqamətində döyüşlərdə iştirak edib…

Müharibənin 14-cü günündə döyüşlərdə qəhrəmanlıqla Şəhid olub və oktyabrın 10-da Qaradağlı kənd qəbiristanlığında dəfn olunub…

Ailədə 3 övladın, 3 qardaşın sonuncusu idi…

Şəhid Ruslan Azər oğlu Bayramov…

Əslən Qubadandır…

Üzünü görmədiyi 3 aylıq övlad-qız atası idi…

Döyüşlərdən birində qəhrəmanlıqla həlak olub, Şəhidliyə qovuşub…

Şəhid Orxan Rəşid oğlu Rəhimli

Əslən Oğuzdan olan Orxan ailənin tək-yeganə övladı olub…

Cəmi bir il öncə atasını itiribmiş…

Özü isə Şuşa uğrunda döyüşlərdə (Şuşanın alınmasına bir gün qalmış) qəhrəmancasına Şəhid olub…

Şəhid Kənan Müşfiq oğlu Ələkbərli…

Kənan Birinci Vətən Müharibəsi (1988-1994-cü illər) zamanı 20-dən çox Şəhid vermiş və 3 Şəhid Milli Qəhrəmanı olan Goranboyun Qızılhacılı kəndində (qəsəbəsində) dünyaya gəlib…

Müharibəyə, döyüşlərə könüllü yolanıb və oktyabrın 10-da Suqovuşan (Madagiz) istiqamətində qanlı döyüşlərdə qəhrəmancasına Şəhid olub…

Oktyabrın 11-də Qızılhacılı qəbiristanlığında-ikinci Şəhidlər Xiyabanında dəfn olunub…

Atası Müşfiq Birinci Vətən Müharibəsinin qazilərindəndir…

Kənanın əmisi Cabbar Ziyyəddin oğlu Ələbərov isə Birinci Vətən Müharibəsinin Qəhrəmanlarından, Şəhidlərindəndir…

Cabbar 1994-cü ilin yanvarında Ağdərə istiqamətində ağır döyüşlərdə Şəhidliyə qovuşub…

26 yaşlı Kənan yenicə nişanlanmışdı…

Şəhid Xalid Həsən…

26 yaşlı Xalid noyabrda döyüşlərdən birində Şəhidliyə yüksəlib və ayın 5-də Bərdədə dəfn olunub…

Şəhid Xalidin anası Maya xanımın dediklərindən:

“Şəhidlər Xiyabanı və Qarqarın qırağında böyütdün sən bu uşaqları …”

Son günlər kimisi qınaqla, kimisi də fəxrlə deyir bu sözü mənə.

Heç də peşiman deyiləm. Narkoman, oğru, şərəfsiz böyütməmişəm ki?!

Vətənin sevən iki kişi böyütmüşəm…

Sübutu da…

Bakıda Xiyabanlara, rayona gələndə də Qarqarın qırağına gedib kəndə boylanan mən…

İndi budur-işğaldan azad olunmuş torpaqlarıma getməyə, ora ayaq basmağa qorxuram…

Elə bilirəm ürəyim dayanacaq…

Mən kəndimizin, Saybalımın yollarının tezliklə təmizlənməyini gözləyirəm…”

Etikxeber.az

Read Previous

BNA-dan sürücülərə-XƏBƏRDARLIQ…

Read Next

“Azərbaycanın milli maraqlarına cavab verməyən bütün təkliflər qəbuledilməzdir: Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”-ZİYAD SƏMƏDZADƏ YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir