Daxili Qoşunların düzgün istiqamətdə təşkil olunması çox əhəmiyyətli məsələdir – RAMİL USUBOV – FOTO

Martın 12-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunlarının yaranmasından 26 il ötür.

DİN-in mətbuat xidmətindən Etikxeber.az-a bildiriblər ki, əlamətdar hadisə münasibətilə Daxili Qoşunların komandanlığı və bir qrup hərbi qulluqçusu Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçək dəstələri düzülüb.

Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının unudulmaz xatirəsinə ucaldılmış “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

Daxili Qoşunların Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş hərbi qulluqçularının xatirəsinə ucaldılmış abidə də ziyarət olunub.

Daha sonra Daxili Qoşunların Baş İdarəsində bu qurumun yaranmasının 26-cı ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilib.

Mərasimdə daxili işlər naziri, general-polkovnik Ramil Usubov və Azərbaycan Respublikası Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov iştirak ediblər.

Əvvəlcə Daxili Qoşunların döyüş bayrağı salona gətirilib və ulu öndər Heydər Əliyevin, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda, xidməti borclarını yerinə yetirərkən qəhrəmanlıqla həlak olmuş hərbi qulluqçuların, ümumilikdə bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

Daxili işlər nazirinin müavini-Daxili Qoşunların komandanı, general-leytenant Şahin Məmmədov qurumun yaranması, inkişafı və hazırkı dövrdə fəaliyyəti barədə geniş məruzə ilə çıxış edib. Məruzədə qeyd edilib ki, ümummilli lider Heydər Əliyevin 1995-ci il 9 mart tarixli Fərmanı ilə 12 mart – Daxili Qoşunlar Günü kimi müəyyən edilib. Torpaqlarımızın azadlığı uğrunda aparılan döyüş əməliyyatlarında Qoşunların 510 hərbi qulluqçusu həlak olub, 1166 nəfəri yaralanıb, 268 nəfəri itkin düşüb. Hərbi qulluqçulardan 9 nəfəri “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

Məruzəçi qeyd edib ki, atəşkəs dövründə Qoşunlarda idarəetmənin təkmilləşdirilməsi, döyüş və peşə hazırlığının yüksəldilməsi, hərbi intizamın möhkəmləndirilməsi, normativ hüquqi və maddi-texniki bazanın yaradılması istiqamətində əməli tədbirlər həyata keçirilib. Xalqımıza, dövlətimizə, dövlətçiliyimizə sədaqət və fədakarlıqla xidmət edən Daxili Qoşunların hərbi qulluqçuları polis orqanlarının əməkdaşları ilə birgə qarşıya qoyulmuş tapşırıqları hər zaman uğurla yerinə yetiriblər. Ötən il ölkəmizdə keçirilən mötəbər beynəlxalq idman yarışları – IV İslam Həmrəyliyi Oyunları, atıcılıq üzrə Dünya Kuboku, Formula 1 Azərbaycan Qran-Prisi, Bakıda və Göygöl rayonunda keçirilən qadınlar arasında voleybol üzrə Avropa çempionatının final mərhələsi və digər beynəlxalq tədbirlərdə qarşıya qoyulmuş tapşırıqların icrası tam təmin edilib. Bu ilin aprelində keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisində də Daxili Qoşunların qarşısında mühüm tapşırıqlar qoyulub. Şübhə yoxdur ki, şəxsi heyət bu dəfə də üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcək.

fuaddddd

Azərbaycan Respublikası Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov çıxışında təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu ənənələrinin bu gün də uğurla davam və inkişaf etdirildiyini bildirib. Prezidentin köməkçisi ali diqqət və qayğı, eyni zamanda, ciddi nəzarət, tələbkarlıq sayəsində Daxili Qoşunların qarşıya qoyulan, qanunvericiliklə üzərinə düşən bütün vəzifələrin öhdəsindən gələ bilən, yüksək peşəkarlığa, döyüş və fiziki hazırlığa malik mobil bir quruma çevrildiyini məmnunluqla vurğulayıb. Fuad Ələsgərov ölkə iqtisadiyyatının davamlı inkişafının və mövcud ictimai-siyasi sabitliyin əməliyyat-xidməti fəaliyyətin təkmilləşdirilməsi, maddi-texniki təminatın daha da yaxşılaşdırılması istiqamətində təşkilati-praktiki addımların atılması üçün əlverişli zəmin yaratdığını qeyd edib.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov tədbirdə çıxış edərək “Dövlət quruculuğu prosesində Daxili Qoşunların düzgün istiqamətdə təşkil olunması çox əhəmiyyətli məsələdir”, – deyən ulu öndər Heydər Əliyevin ordu quruculuğu prosesində Daxili Qoşunların təkmilləşməsinə böyük önəm verdiyini, məhz onun xüsusi diqqət və qayğısı ilə formalaşıb inkişaf etdiyini məmnunluqla xatırladıb.

Ramil Usubov vurğulayıb ki, bu gün dövlətimizin başçısının ali diqqət və qayğısının, tələb və göstərişlərinin nəticəsi olaraq, Daxili Qoşunlar qarşısına qoyulan istənilən döyüş tapşırığını yüksək keyfiyyətlə yerinə yetirməyə qadirdir. Nazir deyib ki, Daxili Qoşunların inkişafı üçün qəbul edilən qərarlar, göstərilən diqqət və qayğı şəxsi heyət tərəfindən həmişə dərin minnətdarlıq və ruh yüksəkliyi ilə qarşılanır. Ölkə rəhbərinin Daxili Qoşunların müxtəlif tədbirlərində iştirakı, eləcə də Qoşunların xidməti fəaliyyətinə verdiyi yüksək qiymət, haqqında söylədiyi dəyərli fikirlər, verdiyi tövsiyələr hər zaman fəaliyyət proqramı kimi qəbul olunmaqla şəxsi heyəti daha böyük uğurlara ruhlandırır. Məhz dövlətin əvəzsiz dəstəyi sayəsində Daxili Qoşunların maddi-texniki bazasının, kazarma-yaşayış fondunun yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilib, hərbi hissələr beynəlxalq standartlara uyğun texnika, xüsusi vasitələr və rabitə sistemləri ilə təchiz edilib.

Diqqətə çatdırılıb ki, Daxili Qoşunlar 1997-ci ildən Türkiyənin Jandarma Qüvvələri Baş Komandanlığı ilə sıx əməkdaşlıq edir. Nazir Ramil Usubov əldə edilmiş uğurlarda danılmaz roluna, təmənnasız yardımlarına görə dost və qardaş dövlətin Jandarma Qüvvələri Baş Komandanlığının rəhbərliyinə, hərbi mütəxəssislərinə təşəkkürünü bildirib.

Çıxışının sonunda general-polkovnik Ramil Usubov daxili işlər orqanlarının fəaliyyətini hər zaman yüksək qiymətləndirən, peşə bayramı ərəfəsində bir qrup hərbi qulluqçunu dövlət mükafatları ilə təltif edən, həmçinin şəxsi heyətin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı müvafiq sərəncamlar imzalayan Prezident İlham Əliyevə minnətdarlığını ifadə edərək və əminliklə bildirib ki, hərbi qulluqçular bundan sonra da müstəqilliyin, sabitliyin və təhlükəsizliyin keşiyində ayıq-sayıq dayanacaq, vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən qorunmasında səy və bacarıqlarını əsirgəməyəcək, döyüş hazırlıqlarını daim artıracaqlar.

Daxili Qoşunların yaranmasının 26-cı ildönümü ilə əlaqədar bir qrup hərbi qulluqçunun təltif edilməsi haqqında dövlətimizin başçısının Sərəncamı, həmçinin daxili işlər nazirinin və nazir müavini-Daxili Qoşunların komandanının imzaladıqları əmrlər elan olunduqdan sonra xidmətdə fərqlənənlərə dövlət təltifləri və yeni rütbələrin paqonları təqdim edilib.

Etikxeber.az

Read Previous

Azərbaycan Avrasiyanın nəqliyyat mərkəzinə çevrilir – ELDƏNİZ SƏLİMOV

Read Next

Mikayıl Müşfiq təhqir olundu, etirazlar ard-arda gəldi…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir