Dayısı Birinci Qarabağ Savaşı, özü isə İkinci Vətən Müharibəsi Şəhidi olan, atasını və tək bacısını itirən-GORANBOYLU SƏMƏD RZAYEVİN BU CƏNNƏTDƏKİ DÖRDÜNCÜ DOĞUM GÜNÜDÜR… – FOTOLAR – YENİLƏNİB – (1)

Goranboyun rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Səməd Füzuli oğlu Rzayevin doğum günüdür.

Səməd Rzayevin bu gün 29 yaşı tamam olur.

Bu, həm də Şəhidin Cənnətdəki dördüncü doğum günü, mövlududur.

Bu gün səhər saatlarında Səməd Rzayevin Cənnətdəki dördüncü doğum günü ilə bağlı Səfikürd qəbiristanlığındakı Şəhidlər məzarlığında məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar edilib, “Quran” oxunub.

Cənnətdəki dördüncü doğum günü təbrik olunub, ailəsinə-anası Zərqələm xanıma və tək qardaşı-Bəxtiyara Allahdan səbr və dözüm arzulanıb.

Məzarını ziyarətdən sonra Səməd Rzayevin Tatarlı kəndində, ailəsinin yaşadığı evdə Cənnətdəki dördüncü doğum günü ilə əlaqədar mərasim düzənlənib, adına ehsan süfrəsi açılıb, bir daha ruhuna dualar oxunub.

Şəhidin məzarını ziyarətdə və Anım mərasimində ailə üzvləri, doğmaları, kənd sakinləri, Goranboy, Naftalan və digər bölgələrdən olan Şəhid ailələri, Qazilər, keçmiş Xüsusi Təyinatlılar, din xadimləri və digər şəxslər iştirak ediblər.

Etikxeber.az xəbər verir ki, Goranboy rayonunun Tatarlı kəndindən olan Səməd Rzayev 1995-ci ilin 19 aprel tarixində sadə bir ailədə dünyaya gəlib.

Ailənin 3 övladından, 2 qardaşdan biri olub.

İllər öncə-2010-cu ildə atasını itirib, anası Zərqələm xanım onlara həm analıq, həm də atalıq edib.

Səməd Rzayev orta məktəbi bitirdikdən və hərbi xidmətini başa vurduqdan bir müddət sonra yenidən həyatını Ordu, hərb ilə bağlayıb, Azərbaycan Ordusunda MAXE kimi fəaliyyət göstərib.

İkinci Vətən Müharibəsində hərbçi-MAXE kimi iştirak edib.

Müharibənin, qanlı döyüşlərin 3-cü günündə, sentyabrın 29-da qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Səmədin nəşini uzun müddət əldə etmək mümkün olmayıb.

Yalnız iki ay bir gündən sonra nəşi əldə edilib və noyabr ayının 30-da Səfikürd qəbiristanlığındakı Şəhidlər məzarlığında Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra bir neçə medalla təltif olunub.

Ancaq ailəsi-anası övladının ölkənin ali ordenlərindən biri ilə təltif olunmasını istəyir və tələb edir.

Səmədin Əbədiyyətə uğurlanmasından bir il keçməmiş isə tək və ailəli bacısı Əfsanə uzun sürən xəstəlikdən dünyasını dəyişib.

Bir ilin içində Rzayevlər ailəsi, Zərqələm xanım iki itki, iki acı, iki faciə yaşayıb.

Eyni zamanda, Şəhidin dayısının biri Birinci Qarabağ Savaşı Şəhidi, biri isə Birinci Vətən Müharibəsi Qazisidir.

Səməd həm də subay olub.

Məkanı cənnətlik, Cənnətdəki dördüncü doğum günü mübarək olsun!

Nur içində yatsın!

13:28

***

FOTOLAR:

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Qəbristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanıldı-LƏNKƏRANDA

Read Next

Qazax rayonunun 4 kəndinin qaytarılması razılaşdırılıb-RƏSMİ – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir