“Dedi ki, “komandir, onsuz da yuxudan doymaq olmur, yorğun deyiləm, bir azdan yataram”…”-FƏRƏC KƏRİMLİ ŞƏHİD RAMİN NURƏHMƏDOVDAN YAZDI

İkinci Vətən Müharibəsinin iştirakçılarından, qəhrəmanlarından, Qazilərindən olan müsavatçı Fərəc Kərimli öz sosial şəbəkə hesabında Şəhid Ramin Nurəhmədovla bağlı paylaşım edib, status yazıb.

Etikxeber.az həmin paylaşımı-statusu təqdim edir:

“Döyüşlərə qatıldığım andan tabeliyimizdə olan döyüşçülərin hərəkətlərinə diqqət edirdim.

MAXE Nurəhmədov Ramin Maarif oğlu məndə xüsusi güvən yaradan döyüşçülərdən biri idi.

Gecə tapşırıqlarında əsasən Manqa komandiri kimi yanımda onu götürürdüm.

Hətta Gecəgözlü kəndində bir Taborun yerinə döyüşməyə 15 nəfər heyətlə getdikdə iki dəfə onu yanımda götürdüm. Tapşırıqları çox məsuliyyətlə yerinə yetirirdi, gecələri yatmırdı… Taborumuzun Fizuli rayonunda gedən döyüşlərdə Müdafiə Nazirliyi tərəfindən fərqləndirildiyini bildirib, bizi XTQ-lə birlikdə Şuşa istiqamətinə gətirmişdilər.

Bir gün XTQ-dən bir polkovnik-leytenant bizim bölüyü Çanaqçı kəndi yaxınlığındakı meşədə qarşılayıb əməliyyata apardı. Sol cinahımızdan Naxçıvandan gələn XTQ qrupu, sağdan Yaşmanın XTQ-sindən bir qrup düşmən arxasına sızdı. Biz isə “Qırmızı Bazar”a gedən əsas yolu kəsdik. Ermənilərin “Qırmızı Bazar”a köməyə gətirdikləri qüvvələrin qarşısını almalı idik.

Tapşırıqlarımızı aldıqdan sonra hərə öz istiqamətinə getdi… Bir neçə saatdan sonra yolda pusqumuzu qurduq və döyüşlər başladı. Üç qrupa bölünüb tapşırığı yerinə yetirirdik. Yolun içindəki qrupa mən, məndən solda meşənin qurtaracağındakı 8 nəfərlik qrupa MAXE Nuriyev Xalid, mənimlə üzbə-üz yolun o biri tərəfindəki qrupa isə baş leytenant Heydərli Heydər rəhbərlik edirdi.

İki gün idi ki tapşırığı itkisiz yerinə yetirirdik. MAXE Nurəhmədov Ramin bölgüdə Heydərlinin qrupuna düşmüşdü. Günorta saatlarında gecəgörmə cihazına batareya götürmək üçün Nurəhmədov və bir neçə əsgər biz tərəfə keçdi. Nurəhmədovu gördükdə təklif elədim ki, mənim yanımda uzanıb yatsın. Çünki gecələr çox məsuliyyətli xidmət aparırdı. Ona görə də istəmirdim yorğun olsun.

Mənə dedi ki, “komandir, onsuz da yuxudan doymaq olmur, yorğun deyiləm, bir azdan yataram”-deyib, getdilər.

Təxminən yarım saat sonra ermənilər yenidən həmləyə başladı. Əsgərlər qaçaraq yanıma gələrək Nurəhmədovun vurulduğunu dedilər. Biraz sonra Nurəhmədov güllə yağışı altında mən olan tərəfə keçirildi. Çatan kimi yarasını açıb yarasına baxdıq.

Snayperlə qarın nahiyəsindən vurulmuşdu.

Mənə dedi ki, “komandir, bax, gör, öləcəm?” Dedim ki, “narahat olma, güllə həyati vacib orqanlara dəyməyib, indi səni hospitala çatdıracağıq”.

Yarasını sarıdıqdan sonra plaş-çadırın üzərinə qoyaraq və 6 əsgərlə birlikdə qaçaraq Çanaqçıya çatdırmalarını tapşırdım. Rabitə əlaqəmiz kəsildiyi üçün təxliyə qrupu çağıra bilmirdik.

Əsgərlərim dayanmadan əllərində bir neçə km məsafəni qaçıraraq Nurəhmədovu kəndə çatdırıb, ermənilər qoyub qaçdığı maşınlardan biri ilə hospitala çatdırmışdılar. Hospitala çatana qədər də huşu özündə olmuşdu…

Həmin döyüşlərdə Nurəhmədov Səhid oldu, 6 nəfər də yüngül yaralandı.

Atəşkəs elan olunduqdan sonra Şuşada Nurəhmədovun şəhid olduğunu eşitdik. Bütün bölük yasa batdıq…”

Etikxeber.az

Read Previous

“Qafqazın sülh, əmin-amanlıq, sabitlik regionuna çevrilməsi mesajı və ya…”-ZİYAD SƏMƏDZADƏ YAZDI – (BEŞİNCİ-SONUNCU HİSSƏ)

Read Next

Sagirdlərin yerdəyişməsi yenidən dayandırılacaq-RƏSMİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir