“Dedi ki, mən arxada gizlənə bilmərəm, mən qorxaq oğul deyiləm…Aqillə Elməddin Nəsibov doğma əmi nəvələridir…”-TOVUZLU İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ, ƏKİZ QARDAŞLARDAN BİRİ, ALİ-HƏRBİ TƏHSİLLİ AQİL MƏCİDOVUN ATASI AYDIN NƏSİBOV – FOTOLAR

Hərbçi olmaq Aqilin uşaqlıq arzusu idi…Uşaqlıqdan hərbi, hərb sənətini çox sevirdi…Arzusuna da çatdı, arzusuna da qovuşdu…Orta məktəbi bitirib Heydər Əliyev adına Ali Hərbi Məktəbə (AAHM) daxil oldu…AHHM-i bitirəndə Leytenant rütbəsi verildi…Bir gün dedi ki, Allah eləsin öz arzuladığım yerə məni göndərsinlər…Arzuladığı yer də, hərbi hissə də Beyləqan-Füzuli istiqamətiymiş…Yenə arzusuna çatdı, hansı ki, biz oranı istəmirdik, Beyləqan-Füzuli istiqamətinə göndərdilər…Biz etiraz etsək də, dedi ki, mən arxada gizlənə bilmərəm, mən qorxaq oğul deyiləm…

Cəmi 3 aya yaxın idi ki, peşəkar hərbçi kimi işləyirdi…Müharibə başladı və müharibənin ikinci günündə, elə arzuladığı yerdə, Füzulidə də qəhrəmancasına Şəhid oldu…Axırıncı dəfə də elə 28-i günü, Şəhidliyindən saatlar öncə danışdıq…Dedi ki, hər şey əladır, bura öndə gedənlərin yeridir…28-i Şəhid oldu, bir gün sonra isə Tovuz şəhər qəbiristanlığında torpağa tapşırdıq…Bir valideyn, bir ata üçün də çox çətindir, çox dözülməzdir oğul, bala yoxluğu…

Bu sözlər Tovuzlu İkinci Vətən Müharibəsi Şəhidi, Leytenant Aqil Məcidovun atası Aydın kişiyə, Aydın Nəsibova məxsusdur.

Şəhid atası bu fikirləri 25 avqust 2026-cı il tarixində Şəhidimizin Tovuz şəhərindəki ocağını, ailəsini ziyarət edərkən dilə gətirdi.

Qeyd etdi ki, Aqil də daxil olmaqla, bütün Şəhidlərimiz millətimizin, xalqımızın əbədi fəxr mənbəyi, müqəddəs and yeridir.

Çünki məhz bu Oğullar 30 ilə yaxın davam edən erməni işğalına son qoyub, torpaqlarımızı azad edib, xalqımızın başını göylərə ucaldıblar.

“Ona görə də bu Oğulları unutmağa kimsənin haqqı yoxdur”-deyə, Şəhid atası əlavə etdi.

Qeyd etdiyim kimi, 25 avqust tarixində Şəhidimizin Tovuzda yaşayan ailəsini, ocağını, məzarını ziyarət etdim.

Ziyarətdə mənimlə birgə Bərdəli Şəhid Elməddin Hüseynzadənin anası Arzu Hüseynova Bərdəli Antiterror Şəhidi Elməddin Lətifovun xanımı ilə oğlu iştirak edirdi.

Öncə Şəhidimizin ailəsinə, valideynlərinə-anası Hicran xanıma, atası Aydın kişiAllahdan səbr və dözüm dilədik.

“Şəhidimizin məkanı cənnətlik, ruhu şad olsun!”-dedik.

Şəhidimizin və cəmi Şəhidlərimizin ruhları qarşısında baş əydiyimizi dilə gətirdik.

Üst-üstə təxminən bir saat çəkən ziyarət zamanı Şəhidimizin valideynləri ilə dərdləşdik, söhbətləşdik, onlara az da olsa, təsəlli verməyə çalışdıq.

Sonda isə xatirə fotoları çəkdirdik.

Onu da qeyd edim ki, Aqil Məcidov 1998-ci ilin aprel ayının 3-də Tovuz şəhərində dünyaya gəlib.

Ailənin altı övladından, üç qardaşdan, özü də əkiz qardaşlardan, sonbeşiklərdən olub.

2005-2016-ci illərdə orta məktəbdə oxuyub.

2016-2020-ci illərdə AAHM-də ali tərbi təhsilə yiyələnib, Leytenant rütbəsinə layiq görülüb, peşəkar hərbçi kimi Beyləqan-Füzuli istiqamətinə göndərilib.

İkinci Vətən Müharibəsinin ikinci günündə Şəhid olub və 29 sentyabr 2020-ci il tarixində Tovuz şəhər qəbiristanlığında Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra medallarla və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

22 yaşlı Aqil həm də subay olub.

Eyni zamanda qeyd edim ki, yaxın qohumları və qonuşaları (əmi nəvələridir) olan Elməddin Süleyman oğlu Nəsibov da Şəhiddir.

O, 2021-ci ilin 16 iyun tarixində Şəhadətə qovuşub.

Məqamları Ali və Uca olsun!

Nurlar içində yatsınlar!

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Bəzi yerlərdə yağış yağacaq, dolu düşəcək, şimşək çaxacaq-SABAH

Read Next

Ailənin tək və subay oğlu idi…Oktyabrın 10-da Şəhid oldu, nəşi 15 gündən sonra Əbədiyyətə uğurlandı – İki qardaşdan biri, ali təhsilli, XTQ-nin Əsgəriydi…Tuğda Şəhadətə qovuşdu, 3 gün sonra İsmayıllıda torpağa tapşırıldı, özündən başqa iki qohumu da Şəhidlik məqamına ucaldı-MİNGƏÇEVİRLİ NİCAT İBİŞOV VƏ İSMAYILLILI AQİL MİRZƏLİYEVİN BU GÜN MÖVLUDLARIDIR – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir