Delimitasiya tezliklə başa çatmalıdır – NAZİR MÜAVİNİ

XƏLƏF XƏLƏFOV: Körtis Skaparrotti ilə  Valeri Gerasimov arasında görüşün Bakıda keçirilməsi Azərbaycana olan etimadın göstəricisidir

Gürcüstan və Azərbaycan arasında sərhədlərin delimitasiyası ilə bağlı komissiyaların fəaliyyəti davam edir.

Etikxeber.az xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

Nazir müavini bildirib ki, müəyyən müddət komissiyaların iclaslarının keçirilməsində fasilə yaranmışdı:

“Bu da ondan irəli gəlir ki, Gürcüstan tərəfində həmkarım tez-tez dəyişirdi. Artıq yeni nazir müavini təyin olunub. Bu məsələ artıq ona həvalə olunub. Düşünürəm ki, yeni ildən başlayaraq biz işçi səviyyəsində məsləhətləşmələrin, sonra işçi qruplarının görüşünün, daha sonra isə 2019-cu ilin ilk rübündə komissiyanın növbəti iclasının keçirilməsinə nail ola bilərik.

Düşünürəm ki, məsələnin dinamikasını artırmalıyıq. Bu, hər iki dövlət üçün vacib məsələdir. Çünki delimitasiya tezliklə başa çatmalıdır. Komissiyalar 1996-cı ildən fəaliyyət göstərir. Bu dövr ərzində sərhəd xəttinin üçdəiki hissəsi demək olar ki, komissiyalar səviyyəsində razılaşdırılıb, protokollaşdırılıb. Üçdəbir hissəsi ilə bağlı işlər isə davam etdirilməlidir”.

Nazir müavini həmçinin, NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı Körtis Skaparrotti ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov arasında görüşün Bakıda keçirilməsinə toxunub və deyib ki, bu,  Azərbaycana olan etimadın göstəricisidir.

Nazir müavini bildirib ki, Azərbaycan ilə Rusiya arasında strateji tərəfdaşlıq münasibətləri mövcuddur:

“Həmçinin ABŞ-la Azərbaycanın münasibətləri strateji xarakter daşıyır. Bu, hər iki tərəfin Azərbaycana olan etimadının göstəricisidir. Azərbaycan belə yüksək səviyyəli görüşlərin keçirilməsi və çox vacib məsələlərin müzakirə olunması üçün platforma seçilib. Bu, ölkəmizin beynəlxalq səviyyədə nüfuzunun artmasının göstəricisidir. Biz böyük sammitlər, konfranslar, dövlət və hökumət başçıları, nazirlər səviyyəsində görüşlər, beynəlxalq təşkilatların sessiyalarını keçirmişik. Xüsusilə son zamanlar ölkəmizdə qlobal xarakter daşıyan problemlərin həllinə yönəlmiş forumlar keçirilib. Bir sözlə, Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi mərkəzə çevrilib”.

Etikxeber.az

Read Previous

Avropa Parlamentində AXC-nin 100 illiyi qeyd olundu

Read Next

İlham Əliyev Valeri Gerasimovu qəbul etdi – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir