Deputat AŞPA-nı qəbul etdiyi qətnamələrin icrasını təmin etməyə çağırdı

Bu gün mən Avropa Məhkəməsinin icra olunmayan qərarlarından, AŞPA-nın uzun illərdir həyata keçirilməyən qətnamələrindən və illərdir Ermənistan tərəfindən qeyri-qanuni olaraq girov saxlanılan azərbaycanlı məcburi köçkünlər Dilqəm Əsgərov və Şahbaz Quliyevdən danışmaq istəyirəm. Azərbaycan dövlətinin səylərinə, sabiq baş katib Torbyorn Yaqlandın çağırışlarına baxmayaraq, Dilqəm Əsgərov və Şahbaz Quliyevin azadlığa buraxılması istiqamətində hələ ki, heç bir müsbət irəliləyiş yoxdur. Ermənistan azərbaycanlı Dilqəm Əsgərov və Şahbaz Quliyevi girov saxlamaqda davam edir. Onlara zülm edilir, işgəncə verilir və sağlamlıqları ilə bağlı vəziyyətləri çox ağırdır. Bu insanların heç bir günahı yoxdur. Onlar, sadəcə, köçkün düşdükləri evlərini, ailə üzvlərinin məzarlarını ziyarətə getmişdilər. Amma Ermənistan neçə ildir ki, bu insanlara işgəncə verir. Dilqəm Əsgərovun oğlu bir neçə gündür Assambleyamızda tədbirlərdə, görüşlərdə iştirak edərək atasına qarşı Ermənistanda verilən işgəncələrin dayandırılmasını və onun azad edilməsi üçün Avropa Şurasının, Parlament Assambleyasının səylərini artırmasını xahiş edir.

Etikxeber.az xəbər verir ki, bu fikirləri AŞPA-nın yay sessiyası çərçivəsində keçirilən azad müzakirələrdə qurumdakı nümayəndə heyətimizin üzvü Qənirə Paşayeva söyləyib.

Deputat bildirib ki, Dilqəm Əsgərov və Şahbaz Quliyevin ailəsi və yaxınları onların qısa zamanda azad edilməsi üçün Avropa Şurasının yardımını gözləyirlər.

O, Assambleyanı bu insanlıqdan kənar, qeyri-qanunu əməllərə son qoyması üçün Ermənistan dövlətinə ciddi etiraz etməyə, Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması üçün Ermənistana təzyiq göstərməyə çağıraraq deyib: “AŞPA-dan azərbaycanlı girovların azad olunması üçün ciddi dəstək gözləyirik”.

65655138_377332493140947_8501118125767393280_n

Q.Paşayeva diqqətə çatdırıb ki, Avropa Məhkəməsinin qərarları üzv ölkələrdə icra olunmalıdır. Amma Ermənistan rəhbərliyi İnsan Haqları üzrə Avropa Məhkəməsinin “Çıraqov və başqaları Ermənistana qarşı” adlı qərarını artıq neçə ildir yerinə yetirməkdən imtina edir:

“Doğma yurduna qayıda bilməyən qaçqın və məcburi köçkünlərin Avropa Məhkəməsinə müraciəti əsasında qəbul edilmiş bu qərarın yerinə yetirilməsi üçün Avropa Şurası qurumları da ciddi addımlar atmalı və qərarın yerinə yetirilməsi üçün Ermənistanın rəhbərliyinə təzyiq göstərməlidir. Avropa Məhkəməsinin qərarlarının yerinə yetirilməməsi Parlament Assambleyasını ciddi narahat etməlidir və onun yerinə yetirilməsi üçün AŞPA, Avropa Şurası təsisatları Ermənistana ciddi təsir və təzyiqlər göstərməlidir. Bu məsələlərə yanaşmada ikili standartlara yol vermək olmaz. Doğma evinə qayıda bilməyən qaçqın və məcburi köçkünlər AŞPA-nı bu məsələlərdə daha həssas olmağa, AŞPA-nın qəbul etdiyi 1416 saylı qətnamənin yerinə yetirilməsi istiqamətində də Ermənistana təzyiq göstərməyə çağırırlar. Ermənistan həmin qətnaməni yerinə yetirməkdən imtina edir və evlərindən didərgin düşən azərbaycanlıların doğma yurdlarına qayıtmasına imkan vermir”.

Azərbaycanlı deputat Parlament Assambleyasının Sərsəng su anbarı ilə bağlı qəbul etdiyi 2085 saylı qətnamədən də danışaraq, Parlament Assambleyasının Ermənistandan su ehtiyatlarından siyasi təsir və təzyiq kimi istifadə etməyə son qoymasını tələb etdiyini xatırladıb. Amma Ermənistan bu qətnamənin həyata keçirilməsi üçün heç bir səy göstərilmir və on minlərlə azərbaycanlının sıx yaşadığı bir neçə rayon bundan ciddi əziyyət çəkir. İndi yay aylarıdır və susuzluqdan əziyyət çəkən bölgələrin əhalisi Assambleyanı bu məsələyə diqqət yetirməyə və qəbul etdiyi qətnamənin yerinə yetirilməsi istiqamətində daha sərt mexanizmlərə əl atmağa və onun yerinə yetirilməsi istiqamətində Ermənistana təzyiq etməyə çağırırıq:

“İyirmi yeddi ildir evlərinə qayıda bilməyən bütün azərbaycanlı köçkünlər onların pozulan haqlarının müdafiəsi istiqamətində daha fəal mövqe tutmağı, bu istiqamətdə səylərinizi daha da artırmağınızı gözləyirlər. İnsan haqlarının müdafiəsi dəyərlərinin qorunması prinsipləri üzərində qurulan AŞPA o insanların səsini dinləməli və onların öz evlərinə qayıda bilməsinə dəstək olmalıdır”.

O, həmçinin vurğulayıb ki, Ermənistan rəhbərliyi, bu ölkənin müdafiə naziri Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməsi istiqamətində heç bir addım atmamaqla yanaşı, bölgədə vəziyyəti daha da gərginləşdirən təxribat xarakterli açıqlamalar verirlər. AŞPA bu açıqlamalara sərt münasibət bildirməli və qəbul etdiyi qətnamələrin yerinə yetirilməsi üçün daha ciddi addımlar atmalıdır.

Etikxeber.az

Read Previous

DİN və Bas Prokurorluq Əli Kərimli ilə bağlı birgə məlumat yaydı

Read Next

“Daha artıq və daha normal demokratiklik gözləyirik” – RAFAEL HÜSEYNOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir