“Deputat seçicilərin seçimini doğrultmaq, istəklərini həll etmək iqtidarında olmalıdır” – SƏMƏD SEYİDOV “YAŞLI-CAVAN DEPUTATLAR” MƏSƏLƏSİ BARƏDƏ NƏ DEDİ?

Səməd SEYİDOV: “2020-ci ildə təşkil olunacaq parlamentə xalqın səsi, seçimi əsasında kim seçiləcəksə, onlar da gələcək, fəaliyyət göstərəcək…”

Etikxeber.az-ın suallarını Milli Məclisin (MM) Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, professor Səməd Seyidov cavablandırır:

-Səməd müəllim, son günlər ölkə prezidenti tərəfindən növbəti kadr dəyişiklikləri, kadr və struktur islahatları həyata keçirilir. Bu prosesi necə qiymətləndirirsiniz, eyni zamanda, bunun parlamentə, qarşıdan gələn parlament seçkilərinə də təsiri mümkündürmü?

– Bilirsiniz, nəsillər dəyişir, insanlar dəyişir. Bunlar təbii prosesdir. Biz özümüz də bu fonda cənab prezidentin verdiyi son bir necə çox mühüm, vacib, əhəmiyyətli fərman və sərəncamları görürük, izləyirik, müsbət qiymətləndiririk. Ancaq  burada kadr dəyişiklikləri ilə yanaşı, struktur dəyişiklikləri haqqında da söhbət açmaq lazımdır. Çünki islahatlar yalnız insanların, kadrların dəyişdirilməsinə, əvəzlənməsinə yox, o cümlədən, idarəetmənin təşkil olunması ilə bağlı dəyişikliklərin baş verməsinə dəlalət edir.

Biz görürük ki, doğurdan da, yeni strukturlar yaranır, yeni metodlar tətbiq edilir, yeni, müasir yanaşmalar baş verir. Bunlar hamısı göz qabağındadır.Belə olan təqdirdə də, təbii ki, bu müasirlik yeni insanları, yeni kadrları da vəzifələrə çəkir, onların məsuliyyətini artırır. Ona görə bu, məntiqli bir prosesdir. Yəni, Azərbaycanda islahatlar müasirləşmə istiqamətində çox  məntiqli şəkildə aparılır və bu islahatlar həm struktur, həm də kadr dəyişikliyini tələb edir.

-Bu islahatlar parlamentə də təsir edəcəkmi? Siz özünüz də hələ bir neçə ay bundan əvvəl parlamentdə müasirləmənin, dəyişikliyin, yeniləşmənin olmasını vurğulamışdınız…

samad-metbuat kon-foto

SAMAD

samed-yeni

– Parlamentdə işləyən, təmsil olunan insanlar xalqın, seçicilərin seçimi, fikri, mövqeyi əsasında gəlib burada fəaliyyət göstərirlər. Ona görə 2020-ci ildə təşkil olunacaq parlamentə xalqın səsi, seçimi əsasında kim seçiləcəksə, onlar da gələcək, fəaliyyət göstərəcək. Təbii ki, idarəetmə sistemi dəyişirsə, ümumiyyətlə, dövlətin inkişafı göz qabağındadırsa, o zaman xalq da öz münasibətini bu proseslərə uyğunlaşdırıb bildirəcək və bu nöqteyi-nəzərdən 2020-ci ildə keçiriləcək parlament seçkiləri çox vacib və əhəmiyyətlidir.

-Səməd müəllim, son günlər deputatların yaş və neçə dəfə seçilə bilməsi məsələsi gündəmdədir. Hətta, sosial şəbəkələrdə yaşlı deputatlar az qala məsxərəyə qoyulmaqda, lağ hədəfinə çevrilməkdədir…Hansı ki, nəinki Azərbaycanda, dünyanın heç bir yerində yaş senzi və neçə dəfə seçilməklə bağlı məhdudiyyət yoxdur. Siz bu barədə hansı mövqedəsiniz?

– Söhbət bu istiqamətdə gedirsə,  o zaman bir daha təkrar etmək istəyirəm ki, hər bir millət vəkili seçildiyi ərazidən seçicilərin seçimini doğrultmaq, onların mövqeyini, problemlərini, istəklərini çatdırmaq və  həll etmək iqtidarında olmalıdır. Ona görə ki,  deputatlıq mandatını həmin şəxslər millətdən və seçicilərdən alırlar. Bu nöqteyi-nəzərdən də burada ən vacib məsələ həmin kriteriyalara uyğun gəlməkdir.

Siz özünüz də çox yəqin görmüsünüz, şahidsiniz ki, Almaniya Bundestaqında, yaxud da, hansısa başqa ölkələrin – Fransanın, İtaliyanın, Amerika Birləşmiş Ştatlarının, digər müasir dövlətlərin parlamentlərində müxtəlif insanlar var. Cavanı da var, yaşlısı da var, əlil deputatlar da var, hansısa başqa problemləri olan deputatlar da var. Ancaq burada ən əsas məsələ odur ki, bunların düşüncəsi, məntiqi və xalqın maraqlarının müdafiə etmək qabiliyyəti yerində olsun.

Bunlar əsas kriteriyalar, əsas tələblərdir. Və bu əsas kriteriyaları da müəyyən edən yenə seçicidir. Seçici etimad göstərirsə, seçici seçirsə, deməli, bu insan onun maraqlarını müdafiə etmək iqtidarındadır.

-Siz özünüz hakim Yeni Azərbaycan Partiyasını (YAP) parlamentdə təmsil edirsiniz və təbii ki, deputatlığa namizədlər məsələsində də söz sahibi partiyanın rəhbərliyi, rəhbər orqanlarıdır. Bununla belə, növbəti-5-ci dəfə deputat olmaq, özünüzü yenidən sınamaq fikriniz varmı?

–  Siz özünüz qeyd etdiniz axı mən partiyanı təmsil edirəm… Ona görə bu nöqteyi-nəzərdən birincisi, partiyanın və təmsil etdiyim siyasi qurumun mövqeyi, ikincisi- ən əsası xalqın və seçicilərin rəyi burada vacib rol oynayır. Hər şey onların qərarından, rəyindən asılıdır. Ona görə indidən heç nə demək olmaz.

-Qarşıdan 6-cı çağırış parlament seçkiləri gəlir. Hər dəfə parlament və prezident seçkiləri yaxınlaşanda hansısa ssenarilərin həyata keçirilməsinə cəhdlər göstərilir. Bu baxımdan, növbəti parlament seçkiləri ərəfəsində  də hansısa ssenarinin baş verməsinə cəhd göstərilməsi gözləniləndirmi?

– Məncə, siz çox müxtəlif-konsperoloji internet saytlarına baxmısınız. Ancaq  məsləhət görürəm ki, daha çox Azərbaycanın bugünkü durumu ilə bağlı obyektiv və real faktlara söykənəsiniz. Siz bunlara söykənsəniz, bunları əsas götürsəniz görərsiniz ki, Azərbaycanda daimi sabitlik var və hər hansı, belə demək mümkünsə,  destruktiv qüvvələrin hansısa məsələlərə nail olmaq şansı yoxdur. Sadəcə, hər bir cəmiyyətdə olduğu kimi, müxtəlif marginal, destruktiv qüvvələr ictimaiyyətin fikrini başqa səmtə yozmaq, ictimaiyyətə hansısa təsir göstərmək, onu düzgün istiqamətə yönəltməmək cəhdləri  göstərirlər.

Bu, o qədər də qeyri-adi deyil. Hər bir demokratik cəmiyyətdə müxtəlif fikirlər, mövqelər var.  Ancaq ən əsas məsələ odur ki,  həmin o destruktiv qüvvələr, bu haqda son brifinqimdə də danışmışam, nəhayət, qanun çərçivəsində hərəkət, qanunun aliliyinə riayət etsinlər. Qanunun aliliyinə riayət etməyənlər qanun çərçivəsindən çıxırlarsa, deməli, qanunun da bütün gücü bu istiqamətdə tətbiq olunmalıdır.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Müsavat”da müxalifətin Dəyirmi Masası – NOYABRIN 5-DƏ BAŞ TUTACAQ

Read Next

Səfir – AŞPAZLIQ ETDİ – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir