DEPUTAT YAZIR: Azərbaycan Xalq Cümhuriyyəti 23 ay müddətində bütün sahələrdə ciddi dönüş yaratmağa müvəffəq oldu…

Tarixdən məlumdur ki, özünü etnos kimi təsdiqləmək niyyətində olan ayrı-ayrı millətlər müstəqil dövlət qurmaq mövcudluğunu qoruyub saxlamış, beləliklədə tarix səhnəsində duruş gətirə bilmişlər.

Hər bir xalqın milli özünədərkinin ali təzahür forması olan müstəqil dövlət ideyasının gerçək həyata vəsiqə alması isə əsrlərlə davam edən tarixi mücadilənin nəticəsi olmuşdur.

Dünyanın ən qədim etnoslarından biri olmaqla bəşər sivilizasiyasına sanballı töhvələr vermiş azərbaycanlılar taleyin qismətindən neçə əsrlərlə milli özünəməxsusluqlarını şərtləndirən keyfiyyətləri, milli dövlətçilik ənənələrini yaşatmaq, azadlıq müstəqilliyinə qovuşmaq üçün çox çətin sınaqlardan keçməli olmuşlar.
Əsrlər boyu ölkə ərazisində müstəqil dövlətin qurulmasına yönəlmiş cəhdlərin müasir dövlət modelində rellaşması məhz 20 əsrin əvvəllərinə təsadüf edir.

Bir əsrdən də artıq çar Rusiyasının əsarətində qalan Azərbaycanın qədim dövlətçilik ənənələri Rusiyada baş verən daxili mübarizələr nəticəsində yaranmış çox mürəkkəb tarixi şəraitdə yenidən dirçəlməyə başladı. Müsəlman Şərqində ilk demokratik respublika kimi adını tarixə yazan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi və tarixi zərurət kimi yarandı. Kökü uzaq minilliklərə gedən tariximizdə baş verən ən əlamətdar və önəmli hadisələrdən biri kimi nəzərdən keçirilən müstəqil Cümhuriyyətin yaranması həm də xalqımızın siyasi şüur səviyyəsindən xəbər verirdi.

1918-ci il mayın 26-da Zaqafqaziya Seyminin sonuncu iclasından sonra gürcü nümayəndələri seymdən çıxıb öz müstəqilliklərini elan etdilər. Səhəri gün bölgədə yaranmış mürəkkəb vəziyyəti müzakirə etmək məqsədilə keçmiş seymin müsəlmanlardan ibarət üzvləri Tiflisdə toplandılar. Burada Nəsib bəy Yusifbəylinin geniş məruzəsi dinlənildi. Hərtərəfli müzakirədən sonra onlar Şərqi Zaqafqaziyanın idarə olunmasını üzərlərinə götürmək üçün Zaqafqaziya müsəlmanlarının Müvəqqəti Milli Şurasını elan etdilər. Müvəqqəti Milli Şuranın yaradılması və onun vəzifələri haqqında məlumat vermək üçün Nəsib bəy Yusifbəyli, Şəfi bəy Rüstəmbəyov və Xosrov bəy Sultanovdan ibarət nümayəndə heyəti Tiflisdən Gəncəyə göndərildi.

1918-ci il mayın 28-də Tiflisdə Qafqaz canişininin iqamətgahında doktor Həsən bəy Ağayevin sədrliyi ilə Milli Şuranın ilk iclası keçirildi. Uzun və hərtərəfli müzakirədən sonra Azərbaycanın Müstəqil Xalq Cümhuriyyəti kimi elanı barədə “İstiqlal Bəyannaməsi” qəbul edildi. Bəyannamənin 4-cü bəndində deyilirdi ki, “Azərbaycan Xalq Cümhuriyyəti millət, məzhəb, sinif, məslək və cins fərqi gözləmədən qəməlrounda (hüdudları daxilində) yaşayan bütün vətəndaşlarına hüquqi siyasiyyə və vətəniyyə təmin eylər”. Mayın 30-da isə Azərbaycanın müstəqilliyini elan etməsi barədə dünyanın əsas siyasi mərkəzlərinə məlumatlar verildi.

XX əsrin əvvəllərində çar Rusiyasında cərəyan edən mürəkkəb ictimai-siyasi proseslər, imperiya daxilində bir araya gətirilmiş xalqların azadlıq uğrunda mübarizəyə qalxması 1918-ci il mayın 28-də Azərbaycana istiqlaliyyətini elan etmək şansı verdi. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ölkəmizin çoxəsrlik tarixinin, sosial-iqtisadi və mədəni inkişafının, əsrin əvvəllərində başlanan, Rusiya imperiyasının süqutu ilə daha da genişlənən milli azadlıq mübarizəsinin məntiqi yekunu oldu. Təbii ki, bu dövrdə müstəqil dövlətçilik ənənələrinin formalaşdırılması istiqamətində həyata keçirilən tədbirlər xalqın gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından da mühüm əhəmiyyət kəsb edirdi.

İstiqlal Bəyannaməsini qəbul edən Milli Şura Azərbaycan hökumətini təşkil etməyi bitərəf Fətəli xan Xoyskiyə tapşırdı. Elə həmin gün F.Xoyskinin təklif etdiyi Nazirlər Şurasının tərkibi təsdiq edildi. Müsəlman Şərqində ilk demokratik və hüquqi dövlət kimi istiqlaliyyətini bütün dünyaya bəyan edən Azərbaycan ilk gündən beynəlxalq aləmdə tanınmağı qarşıya məqsəd qoydu. Hökumətin və ali qanunverici orqanın səlahiyyətlərini eyni zamanda icra edən Milli Şuranın bu istiqamətdə ilk mühüm addımlarından biri 1918-ci il iyunun 4-də qardaş Türkiyə ilə hərbi-siyasi müqavilənin imzalanması oldu.Bu Azərbaycan dövlətinin xarici dövlətlərlə imzaladığı ilk rəsmi sənəd idi. 11 maddədən ibarət olan müqavilənin mühüm əhəmiyyətə malik IV bəndində “Dinclik və asayişi möhkəmləndirmək, ölkənin təhlükəsizliyinin təmini üçün əgər zərurət olarsa, Osmanlı hökuməti Azərbaycan Respublikasına hərbi yardım göstərməyi öz üzərinə götürür” müddəasının yer alması o zaman gənc müstəqil dövlət üçün taleyüklü məsələ idi.

1918-ci il iyunun 16-da isə Azərbaycan Milli Şurası və hökuməti Tiflisdən Gəncə şəhərinə köçdü. Azərbaycan Respublikasının müvəqqəti paytaxtının Gəncədə yerləşməsi haqqında dünyanın əsas siyasi mərkəzlərinə rəsmi bəyanat göndərildi. Lakin orada müxtəlif irticaçı qüvvələr Azərbaycan Milli Şurası və Müvəqqəti hökumətin işini pozmağa cəhd göstərirdilər. İyunun17-də Milli Şuranın buraxılması və bütün qanunverici hakimiyyətin hökumətin səlahiyyətinə keçməsi haqqında qərar qəbul edildi. Qərarda bildirilirdi ki, hökumət hər vasitə ilə Azərbaycanın müstəqilliyini qorumalı, siyasi azadlıqlar, torpaq və başqa vacib qanunları ləğv etməmək şərti ilə qalan məsələlərin həllində tam ixtiyar sahibi olmalıdır. Müvəqqəti hökumət altı aydan gec olmayaraq Müəssislər Məclisinə seçkilər keçirib hakimiyyəti ona təhvil verməlidir.

Nazirlər Şurasının tərkibində bəzi dəyişikliklər edildikdən sonra yeni kabinet işə başladı. Müxtəlif qüvvələr arasında mübarizə gücləndiyi üçün iyunun 19-da Azərbaycanda yaranmış gərgin vəziyyət nəzərə alınaraq ölkə ərazisində hərbi vəziyyət elan edildi. Bakı quberniyası Xalq Komissarları Sovetinin Gəncə üzərinə hazırladığı hücumun qarşısını almaq və daha sonra Qafqaz İslam Ordusunun köməyi ilə Bakını azad etmək üçün milli qoşun hissələrinin yaradılması sahəsində əməli işlər görülməyə başladı. Hökumət vaxt itirmədən bu istiqamətdə ciddi addımlar atırdı. Nazirlər Kabinetinin 1918-ci il 26 iyun tarixli, 164 saylı sərəncamı ilə Azərbaycan Milli Ordusunun yaradılması Xalq Cümhuriyyəti hökumətinin tarixi qərarlarından biri oldu. Eyni zamanda hökumət ictimai asayişin, qanunçuluğun qorunması, vətəndaşların təhlükəsizliyinin təmini üçün iyulun 2-də ilk polis bölüyünün təşkilinə qərar verdi. Sonrakı aylar müvəqqəti hökumətin Azərbaycanın paytaxtına sahib olması uğrunda mübarizəsinə həsr edildi.

1918-ci il iyunun 24-də üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan qırmızı bayraq, noyabrın 9-da isə yaşıl, qırmızı və mavi zolaqlı, üzərində ulduz olan bayraq (Azərbaycanın hazırkı dövlət bayrağı) dövlət bayrağı kimi qəbul edildi. Tarixi qərarlardan biri də gənc respublikanın milli qürur yerinə çevrilən dövlət himninin qəbulu idi. Azərbaycanın milli valyutasının – manatın dövriyyəyə buraxılması da cümhuriyyət hökumətinin uğurlu islahatlarından biri kimi böyük əhəmiyyət kəsb edirdi.

1918-ci il iyul ayının 15-də hökumət Fövqəladə Təhqiqat Komissiyası yaratmaq barədə qərar vermişdi. Komissiya I Dünya müharibəsi zamanı Cənubi Qafqazda erməni millətçiləri, daşnaklar tərəfindən türk-müsəlman əhalisinə qarşı törədilən soyqırımı cinayətlərini, onların əmlaklarının talan olunması faktlarını araşdırıb cinayətkarları məsuliyyətə cəlb etməli idi. Təhqiqatın materialları cəmləşdirilib əsasən Avropa dillərində çap olunmalı və yayılmalı idi. Həmin il avqustun 11-də “Hərbi mükəlləfiyyət haqqında” qərar qəbul olundu, avqustun 23-də isə “Azərbaycan Xalq Cümhuriyyətinin vətəndaşlığı haqqında” fərman imzalandı.

Milli hökumət eyni zamanda Azərbaycan ətrafında mövcud informasiya blokadasını yarmağa, respublikanı dünya miqyasında tanıtmağa, fəaliyyəti haqqında xalqı məlumatlandırmağa ciddi ehtiyac duyurdu. Sentyabrın 15-də Gəncədə rəsmi dövlət orqanı olan “Azərbaycan” qəzetininın ilk sayının çapdan çıxması da bu zərurətdən irəli gəlirdi. Qəzet həmin dövrə qədər çap olunan bir çox nəşrlərdən fərqli olaraq tarixi bir missiyanı həyata keçirir, gənc, müstəqil Azərbaycan dövlətinin həyatında baş verən ictimai-siyasi və iqtisadi prosesləri işıqlandırır, hökumətin rəsmi mövqeyini ifadə edirdi.

1918-ci ilin mayında Azərbaycanın müstəqilliyinin elan olunmasına baxmayaraq, respublika ərazisinin müəyyən hissəsi, o cümlədən Bakı və ətraf rayonlar erməni-bolşevik birləşmələrinin nəzarəti altında idi. Birinci Dünya müharibəsindən, habelə Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən istifadə edən ermənilər mənfur iddialarını bolşevik bayrağı altında reallaşdırmağa nail olmuş, Azərbaycanın bəzi bölgələrini, o cümlədən Bakını işğal etmişdilər.

Gərginliyin son həddə çatdığı bir vaxtda -1918-ci ilin iyununda Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu iyun-avqust aylarında Gəncədə, Yevlaxda, Göyçayda, Kürdəmirdə və digər bölgələrdəki ağır döyüşlərdə eser-menşevik və daşnak qoşunlarını darmadağın edərək sentyabrın 15-də Bakıya daxil oldu. Bakı və digər rayonların azad olunması ilə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti hakimiyyətini ölkənin bütün hüdudlarında təmin etdi. Beləliklə, 1918-ci ilin martından başlayaraq erməni daşnaklarının və bolşeviklərin Bakıda və Azərbaycanın digər bölgələrində birgə həyata keçirdikləri qanlı qırğınlara, özbaşınalıqlara son qoyuldu. Ermənilərin xalqımızı cismən məhv etmək və “böyük Ermənistan” yaratmaq xülyasının qarşısı qətiyyətlə alındı. Bakı “Sentrokaspi diktaturası”ndan azad edildikdən sonra Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı sentyabrın 17-də Gəncədən Bakıya köçdü, mühüm dövlət təsisatları məhz burada yerləşdirildi, ölkədə quruculuğun əsas mərhələsinə start verildi.

Bu illərdə Azərbaycan torpaqlarının ərazi bütövlüyünü qoruyub saxlamaq sahəsində hökumət əzmlə mübarizə aparırdı. O zaman Xalq Cümhuriyyətinin ərazisi 97,3 min kvadratkilometr idi. Bundan başqa, 15,6 min kvadratkilometrlik Azərbaycan torpaqları isə Gürcüstan və Ermənistanla mübahisəli ərazi sayılırdı və milli hökumət həmin torpaqların qaytarılması uğrunda mübarizəni daim davam etdirirdi. Bundan başqa, həmin dövrdə ölkənin inzibati ərazi quruluşu geniş şəraitə uyğun olaraq dəyişdirilirdi. Qarabağda erməni iğtişaşlarını yatırtmaq və Ermənistanın əlini bu torpaqlardan kəsmək üçün burada xüsusi valilik yaradıldı, yerli ermənilərə mədəni sahədə muxtariyyət verildi.

Çox mürəkkəb şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq, Cümhuriyyət hökuməti və parlamenti elmin, təhsilin, xalq maarifinin, səhiyyənin inkişafını diqqət mərkəzində saxlayırdı. Ölkənin hər yerində müxtəlif pillədən olan məktəblər, gimnaziyalar, qız məktəbləri, uşaq bağçaları, qısa müddətli müəllim kursları, kitabxanalar açılır, kənd yerində xəstəxana və feldşer məntəqələri şəbəkəsi yaradılır, yoluxucu xəstəliklərə qarşı mübarizə aparılırdı. Bu baxımdan parlamentin 1919-cu il sentyabrın 1-də qəbul etdiyi “Bakı Dövlət Universitetinin təsis olunması haqqında” qanunu xüsusi qeyd etmək lazımdır. Universitetin açılması cümhuriyyət xadimlərinin doğma xalq qarşısında çox mühüm tarixi xidməti idi. Sonralar Azərbaycan Xalq Cümhuriyyəti süqut etsə də, onun ideyalarının yaşamasında, habelə xalqımızın yenidən müstəqilliyə qovuşmasında Bakı Dövlət Universiteti misilsiz rol oynadı.
Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti və parlamenti ölkənin başı üstünü almış xarici müdaxilə təhlükəsini sovuşdurmaq üçün gənc respublikanın beynəlxalq aləmdə tanınması istiqamətində də fəal, ardıcıl iş aparırdı. Parlamentin xüsusi diqqət yetirdiyi problemlərdən biri də Azərbaycanın qonşu dövlətlərlə münasibətlərinin tənzimlənməsi idi. Gərgin müzakirələrdən sonra Gürcüstanla münasibətlər nizama salındı, İranla Azərbaycan arasında dostluq əlaqələri haqqında müqavilə imzalandı. Məlum səbəblərdən daşnak Ermənistanı və sovet Rusiyası ilə münasibətləri sahmanlamaq isə mümkün olmadı.

Əsrlərin mücadiləsi kimi XX əsrin əvvəllərində – 1918-ci ilin 28 mayında müstəqilliyini elan etmiş Azərbaycan xalqı müəyyən obyektiv və subyektiv səbəblərdən bu nemətin şirinliyini uzun müddət dada bilmədi: Xalqın düşüncəsində dərin iz salmış milli müstəqillik və dövlətçilik amalı növbəti dəfə amansızlıqla boğuldu. Respublikamız uzun illər sovet imperiyasının ideoloji buxovları altında fəaliyyət göstərməyə məcbur oldu.
Lakin zəngin mədəniyyətə malik Azərbaycan xalqının genetik birliyi milli dövlətçilik təfəkkürü bu kimi amillərə qarşı kəsgin qadağalar müəyyənləşdirmiş sovetlər birliyi dövründə də məhdudlaşdırıla bilmədi.

Azərbaycan Xalq Cümhuriyyəti 23 ay müddətində bütün sahələrdə ciddi dönüş yaratmağa müvəffəq oldu. Bu, cümhuriyyətin xalqın maraqlarına xidmət etdiyini təsdiqləyən fakt kimi hər zaman qiymətləndirilə bilər. Mövcud olduğu qısa vaxt ərzində Cümhuriyyət hökuməti cəmiyyət həyatının müxtəlif sahələrini əhatə edən əsaslı islahatlar apardı, bununla da ölkədə davamlı inkişaf prosesinin əsası qoyuldu. Azərbaycanın görkəmli ziyalıları və ictimai-siyasi xadimləri bu prosesin daim ön sıralarında getdilər və məhz onların fərdi təşəbbüskarlığı, qətiyyəti və intellektual səviyyəsi həmin islahatların müvəffəqiyyətlə həyata keçirilməsinə geniş imkanlar yaratdı.

1991-ci ildə Azərbaycan ikinci dəfə özünün dövlət müstəqilliyini elan etdi. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycan cəmiyyətində dövlətçilik ideyalarının bərqərar olması fundamental mahiyyət kəsb etməyə başladı. Ölkə başçısı İlham Əliyevin 21 yanvar 2011-ci il tarixli “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında” sərəncamında qeyd edildiyi kimi, “1993-cü ilin iyun ayından ölkədə formalaşmağa başlayan yeni siyasi kurs vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı, separatçılıq meyillərinə son qoydu və Heydər Əliyevin dövlət quruculuğu siyasətinin gerçəkləşməsinə gətirib çıxardı”.

Bu gün Prezident İlham Əliyev irs-varislik ənənələrinə sadiq qalmaqla, Azərbaycanın müstəqil ölkə kimi möhkəmlənməsinə və inkişafına, demokratik, hüquqi dövlət quruculuğuna çalışır. Cəmiyyətin və ayrılıqda hər bir vətəndaşın maddi rifah halının yüksəldilməsi, onların sosial müdafiəsi və layiqli həyat səviyyəsinin təmin olunması, habelə şəxsiyyətin azad inkişafı üçün bərabər imkanların yaradılması isə bu siyasətin əsas qayəsini təşkil edir. Ümumilikdə həyata keçirilən siyasət Azərbaycanın bölgədə tam müstəqil respublika kimi mövcudluğuna ədəbi təminatdır.

Ulu öndərimiz Heydər Əliyevin dediyi kimi “Azərbaycanın müstəqillliyi əbədidir, daimidir və dönməzdir!”

Sona ƏLİYEVA,

Millət vəkili

Etikxeber.az

Read Previous

MİLLƏT DUASI – Rafael Hüseynov yazır

Read Next

Bu gün 28 may-Respublika Günüdür!

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir