DEPUTAT YAZIR: Başqalarını anlamaq müdriklikdir, özünü anlamaq isə…

Müdriklər keçmişi düşünməzlər, bu günə yapışıb qalmazlar, gələcəyə görə narahat olmazlar, sadə Yolu izləyərlər deyir Zen fəlsəfəsi. Takuan Soho isə “adi insan şəklin arxasındakı bütünlüyü görə bilməz” – deyirdi. Gerçəkdən də belədir. Tokioda sabahın erkən saatlarında qalxıb, huzur dolu bir baxça içərisində qəhvə içərək bu barədə düşünür və dostların oyanmasını gözləyirdim. Tokioda gəzintiyə qələbəlik olmasına baxmayaraq, çox əyləncəli və qələbəlik hesab etdiyim bölgələrdən biri olan Harajukudən başlayırıq.

Bu bölgə butikləri, mağazaları və qalareyaları ilə məşhurdur. insanlarla dolu olan Takeshita küçəsində dolaşdıqdan sonra yaxınlıqda yerləşən Tokionun ən böyük şəhər parklarından biri olan Yoyogiyə baş çəkirik. Park təqribən 550.000 kvadrat metrlik sahəni əhatə edir və içində məşhur Meiji Məbədi yerləşir. 1915-ci ildə inşası başlanan məbəd 1921-ci ildə tamamlanmışdır. Evlənən cütlüklər üçü ən ideal yerlərdən biridir. Məbədlə bərabər Meiji Məbədi Xəzinələri Muzeyi də bu parkda yerləşir. Hündür, uzun, qədim şam ağacları ilə dolu olan park yaşıl düzənliklərin yanında meşə təssüratını yaradır. Yaponlar həftə sonu burda velosiped sürərək, əyləncələr təşkil edərək vaxt keçirirlər.. Ziyarət zamanı yapon toyunun da şahidi oluruq. Toyları da xarakterləri kimidir. Sadə və mütəvazi.
Zen keçmişin və gələcəyin sərhədlərindən qurtulmaqdır.
Özünüzü bilmədən çevrənizdə və ətrafınızda olanları bilə bilməzsiniz deyən yaponlar dininə və mədəniyyətinə düşkün insanlardır. Özəlliklə samuray mədəniyyətinin geniş yayıldığı bölgələrdə insanlar bir-biriləri arasında məsafə saxlayarlar. Əl-ələ verib gəzmək, sarılma, əllə zarafat etmə kimi halları çox görə bilməzsiniz. Turistlərə olduqca sayğılı münasibət göstərərlər. Hər hansı bir sual verməyiniz kifayət edər, dərhal sizi getmək istədiyiniz yerə qədər götürürlər.
“Zen içində olduğun anı sevmək, şəfqət və mərhəmət dolu yaşamaqdır” – deyən yaponlar “başqalarını anlamaq müdriklikdir, özünü anlamaq isə aydınlanmaqdır” fəlsəfəsi ilə yaşadıqları həyatı dolu-dolu və dərk edərək yaşayırlar.
Səyahət etdiyimiz növbəti yer Tamachidi bölgəsidir. Rainbow (Göyqurşağı) körpüsünə qarşı oturub dəniz havası aldıqdan sonra liftlə körpüyə çıxırıq. Körpü iki mərtəbəlidir, hər mərtəbəsindən maşınlar keçir. Eyni zamanda birinci mərtəbəsində insanların dolaşa biləcəyi yol salınmışdır. Tam qarşısında Odaiba bölgəsi, ən ucunda isə Azadlıq məbədi var.

Odaiba bölgəsi Tokioda görülməsi lazım olan yerlərdən biridir. Buranı görmədən Tokio haqqındakı fikirlər əksik qalır. Bura Tokio Körfəzində 1850-ci illərdə müdafiə məqsədilə inşa edilmiş, daha sonra məskunlaşma və əyləncə yerləri ilə dolmuş bir adadır. Bu bölgə çay kənarında qurulmuş və müxtəlif turist nöqtələri ilə zəngindir. Tokionun məşhur simvollarından olan Göyqurşağı Körpüsü də bu bölgədədir. Bu körpü 2 mərtəbəlidir, birinci mərtəbəsi maşın yoludur, alt mərtəbəsində isə ortadan metro keçir. Gecələri olduqca fərqli və gözalıcı bir şəkildədir. 750 metr uzunluğundakı körpünü şimal və cənub qanadlarından dolaşa və Tokio mənzərəsini izləyə bilərsiniz. Mən şimal qanadını tövsiyə edirəm. Nyu-Yorkdakı Azadlıq abidəsinin bir bənzəri, lakin daha balacası yenə bu bölgədədir. Diver City adlı alış-veriş mərkəzinin önündəki nəhəng Gundam robot heykəlinin önündə foto çəkdirə bilər və burda təşkil edilən müxtəlif əyləncə vasitələrindən istifadə edə bilərsiniz Tokioda bir də Disneyland də yerləşir. Uşaqlarınızla gəlsəniz görüləcək yerlərdən biridir.

Qatardan enib dəniz kənarına doğru yürüdükdən sonra parkların və ağacların ardından bir anda qarşınıza bir qumsallıq çıxır. Tokio kimi qələbəlik bir şəhərdə yerləşən bu gözəl və sakit sahildə dənizə girmək qadağandır, lakin oyun oynamaq, piknik etmək və günəş vannası qəbul etmək sərbəstdir. Bu səbəbdən qarşı sahildəki şəhərin mənzərəsinin dadını çıxara biləcəyiniz bu bölgədə bütün gününüzü keçirə bilərsiniz. O qədər zamanınız olmasa belə, şəhərdən qatara minib buranı mütləq ziyarət etməlisiniz.İnsan aydınlanma idealına, bənzəmək istədiyi aydınlanma tərcübəsinə də qapanıb qalmamalıdır. İnsanların dünyasına dönə bilməyən, ona qoşula bilməyən aydınlanma dəyərsizdir. Zendə hədəf yolun özüdür deyir yaponlar.
Hava qaralmadan Ginza bölgəsinə gedib, Tokio qülləsinə tamaşa etməyə yollandıq. Tokioda insan özünü Amerikada olduğu kimi hiss edə bilir. Hər yer göydələnlər və işıqlarla doludur. Yaponiya qədər təmiz, nizamlı, güvənli, anlayışlı və kübar insanların bir arada olduğu çox az ölkə ola bilıər. Yaponiya ilə Türkiyə arasında mədəniyyət əlaqələrinin güclənməsi üçün çalışan Tokio Yunus Əmrə Mədəniyyət Mərkəzi Tokio qülləsinin qarşısında yerləşir. İçərisində türk dilində kitabxana və türklər tərəfindən türk dilində dərslərin verildiyi sinifləri görmək insanda qürur doğurur.
“Doğru sözlər yalnış əllərdə yalnış hala gəlir. Amma yalnış sözlər doğru əllərdə hər zaman doğru hala gəlirlər” – deyən yaponlar öz fəlsəfələrinə də uyğun yaşayırlar. Sözlərin seçiminə çox diqqət edirlər. Çox nəzakətlidirlər; sözlərlə insanları incidə biləcəklərindən ehtiyat edərcəsinə nəzakətli…
Tokiodan 24 saata gəzə biləcəyiniz yerlərin başında Kamakura gəlir. 1185-1333-cü illərdə Yaponiyanın paytaxtı olan bu şəhər Tokionun cənub-qərbində yerləşir, əhalisi 174 mindir, amma yaz və yay aylarında turistlərin ziyarətləri ilə daha qələbəlik olur. Bu şəhərin ən böyük özəlliyi çox sayda məbədi və kiçik bir sahilə malik olmasıdır. Bunun sayəsində əcnəbi və yapon turistlərinin marağını cəlb edən bir yerə çevrilmişdir. Məbədlərlə və meşələrlə dolu klassik bir yapon şəhərini görmək istəyənlər buranı ziyarət etmək məqamını qaçırmamalıdır. Fuji Dağı – 8 saatllıq dırmanma ardında səhər günəş doğumunu izləyə biləcəyiniz bu əsrarəngiz məkan Tokioyaya yaxın bir yerdə yerləşir.
“Qılınc özü-özünü kəsə bilmədiyi kimi, şərti düşüncə də özünü görə, tənqid edə bilməz” – deyən yaponların döyüş fəlsəfələri də qədimdir.

Tokyoda Sumo güləşcilərinin səhər məşqini izləmək çox maraqlıdır. Sumo güləşi çox qədim bir ənənədən gələn bir idman növüdür. Məqsəd bir-birlərini yumru cizginin kənarına çıxarmaqdır. Sumonun anlamı özünü müdafiə etmək mənasını verirmiş. Sumo güləşi zamanı dabandan kənar bədənin hər hansı bir hissəsinin yerə dəyməsi güləşdə məğlub olmaq deməkdir. Yarış başlamadan öncə idmançının ayağını havaya qaldırıb yerə vurması, onun gücünü göstərməsi anlamını verir. Rəqib ilə göz-gözə gəlincə yarış başlayır.

“Heç bir yerdən gəlir, heç bir yerə gedirik” – deyən məşhur Zen fəlsəfəsi dahi şairimiz Nizami Gəncəvinin “milyon il ötsə də bu dünyanın yaşından bir tük əksilməyib hələ başından anlamını verir. Yəni heçdən gəlib, heçə getmirik. Məşhur maddə kütləsinin itməməsi qanunu yada düşür. Maddə kütləsi heçdən yaranmır və heçə də getmir. XII əsrdə yaşayıb-yaratmış Məshəti Gəncəvinin dediyi kimi: Bilməyib küzəmi daşa çaldım, sındırdı… Küzə dilə gəlib dedi ki, mən də sənin kimi idim, bu günə qaldım. Yəni bir şəkildən başqa şəkilə düşdüm”.

Qənirə PAŞAYEVA,

Millət vəkili

Etikxeber.az

Read Previous

Bu gün “İSLAMİADA” başa çatır…

Read Next

Bu işğal bütövlükdə regional əməkdaşlığa mane olur – SPİKER – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir