MM-in iclası-SPİKER DEPUTAT KÖMƏKÇİLƏRİNDƏN, SİYAVUŞ NOVRUZOV “ƏLİ KƏRİMLİ VƏ TÜRK SERİALI MƏSƏLƏSİ”NDƏN, FAZİL MUSTAFA ENSİKLOPEDİYANIN “BƏRBADLIĞI”NDAN DANIŞDI, MİLLİ KOORDİNATORUN HESABATI DİNLƏNİLDİ VƏ…YENİLƏNİB – (7)

Bu gün Milli Məclisin (MM) növbəti plenar iclası keçiriləcək.

Etikxeber.az-ın xəbərinə görə, iclasın gündəliyinə ilkin olaraq, 19 məsələ salınıb.

İclasda əsas müzakirə mövzusu İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı, o cümlədən, ünvanlı dövlət sosial yardımı ilə bağlı qanunvericiliyə dəyişikliklər layihəsi olacaq.

Öncə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun, Daxili işlər nazirinin birinci müavini Seyfulla Əzimovun hesabatı dinləniləcək, sonra illik məlumat ətrafında müzakirələr başlanılacaq və sonda sənəd təsdiqlənəcək.

Sonra digər məsələlər müzakirə və müvafiq oxunuşlarda qəbul ediləcəklər.

İclasa spiker Sahibə Qafarova sədrlik edəcək.

Deputatlar yenə bir-birindən iki metr aralıda oturacaq, yenə tibbi maskalar və əlcəklərdən istifadə edəcəklər.

65 yaşdan yuxarı olan deputatlar da iclasa qatılacaqlar.

***

İclas öz işinə başlayıb.

İclasa spiker S. Qafarova sədrlik edir.

***

İclasa keçməzdən öncə S. Qafarova mayın 15-də MM-in plenar iclas zalında Bakı, Abşeron və Sumqayıtı təmsil edən millət vəkillərinin köməkçiləri ilə görüş keçirildiyini xarırladıb.

Qeyd edib ki, deputat köməkçiləri millət vəkillərinə bir çox məsələlərdə yardımçı olmalıdırlar.

O, eyni zamanda bildirib ki, köməkçi məsələsini hələ də həll etməyən millət vəkilləri bu işi tezliklə başa çatdırsınlar.

***

“Azərbaycan xalqına qarşı hər hansı bir sözün cinayət məsuliyyəti ölçülsün”.

Bunu MM-in Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Onun sözələrinə görə, Milli Şuranın toplantısında Azərbaycan xalqına qarşı aşağılayıcı fikirlər səsləndirilib:

“Biz xalqın aşağılanmasına yol verə bilmərik. Onlar özləri bir-birini ifşa etdi. Cəmiyyətin onlara mövqeyi aydındır. Xalqımız üçün bir türk filminə baxmaq Əli Kərimlinin sərsəmləməsindən vacibdir. Bu, bir daha onu göstərir ki, insanlar türk serialını Əli Kərimlinin sərsəmləməsindən üstün tutur. Hesab edirəm ki, ona görə də biz qanunları sərtləşdirməliyik”.

11:15

***

Deputat Fazil Mustafa isə Naxçıvana gediş-gəlişdə yaranmış problemdən danışıb. 

Deputat parlamentdə bildirib ki, karantindən qabaq ora elçiliyə gedib, hələ də elçiliyə getdiyi adamın evində qalan vətəndaşlar var: 

“Adamlar var ki, xəstədir və  Bakıya gələ bilmir. Ya yaxınları vəfat edib, gəlib-gedə bilmir. Bu əlaqənin tamamilə kəsilməsi olduqca ciddi problemlər yaradacaq”.

Sonra “Azərbaycan ensiklopediyası bərbad vəziyyətdədir”-millət vəkilinin sözlərinə görə, ölkə başçısı bunun üçün kifayət qədər vəsait ayırıb:

“Ancaq bu sahəyə naşı münasibət var. Hesab edirəm ki, bu sahədə nizam yaradılmalıdır”.

11:22

***

Cari məsələlərdən sonra Milli Koordinatorun hesabatı başlanıb.

Hesabatı S. Əzimov təqdim edir.

11:41

***

“İnsan alveri ilə mübarizə sahəsində görülməli işlər çoxdur”-deyən S. Əzimov bildirib ki, növbəti illərdə qarşıda duran hədəflər cinayət təqibinin, əməliyyat-axtarış fəaliyyətinin, maarifləndirmə işinin, qurbanların müdafiəsi və sosial reabilitasiyası üzrə fəaliyyətin səmərəsini daha da artırmaq, beynəlxalq əməkdaşlığı inkişaf etdirməkdir. 

“Aparılan monitorinqlər nəticəsində 120 tikinti obyektində 351 nəfərin əmək müqaviləsi olmadan çalışdığı aşkar edilib. Bununla bağlı ümumilikdə 454 000 manat inzibati cərimə tətbiq edilib”-deyən S. Əzimovun sözlərinə görə, Azərbaycan Prezidentinin rəhbərliyi ilə aparılan sosial islahatlar nəticəsində 2018-ci illə müqayisədə ötən il ölkə üzrə bağlanılan əmək müqavilələrinin sayında 153 min artım qeydə alınıb.

S.Əzimov qeyd edib ki, həyata keçirilən tədbirlər nəticəsində 186 insan alveri, o cümlədən 4 məcburi əmək, habelə insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlərlə əlaqədar 36 cinayət qeydə alınıb, 10 nəfərdən ibarət 4 cinayətkar qrup zərərsizləşdirilib. Müəyyən edilmiş 91 insan alveri qurbanından 89-u Azərbaycan vətəndaşıdır, 2-i əcnəbidir.

“İnsan alverinin əsas elementlərindən biri də miqrant alveridir”.

Bunu da çıxışında Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Onun iddiasına görə, bu gün bir sıra siyasi partiyalar, Milli Şura və onun tərkibində olan Xalq Cəbhəsi, başında baş insan alverçisi duran Əli Kərimli miqrant alveri ilə məşğul olur:

“Bu, kifayət qədər sənədlərlə təsbit olunub. İstər Almaniya polisinin qaldırdığı sənədlər, istər İtaliya, Fransada qaldırılan sənədlərdə saxta verilmiş arayışlar nəticəsində Azərbaycan vətəndaşları belə deyək ki, Avropaya satılıb. Onların özləri artıq bunu müzakirəyə çıxarırlar. Bir siyasi partiya onun, digəri isə o birinin üzərinə atır. Hər birində də ilə 150-200 belə insan var. Hesab edirəm ki, İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun gələcək hesabatlarında bu məsələ də öz yerini almalıdır”.

“İnsan alverinə qarşı mübarizə istiqamətində ciddi işlər görülür”.

Bunu isə müzakirələr zamanı parlamentin komitə sədrinin müavini Qüdrət Həsənquliyev deyib.

O, bildirib ki, məktəblərin ətrafında məktəblilərə qəlyan çəkməyə imkan yaradılması ilə bağlı Vilayət Eyvazov Daxili işlər nazirinin birinci müavini işləyərkən ona telefonla zəng edib:

“Bu məsələ öz həllini qısa müddətdə tapdı. Cinsi istismara məruz qalan qızların bu yola necə düşdüyünü araşdırsanız, məlum olacaq ki, onlar məktəb yaşlarında alkoqollu içkiyə meyl etmiş, siqaret çəkmiş yeniyetmələrdir. Biz indi korrupsiyaya qarşı mübarizə aparırıq. Bu da çox ciddi məsələdir. Bu məsələni birinci Ombudsman qarşısında qaldırdım, indi isə sizin qarşınızda qaldırıram. “Reklam haqqında” qanun bu gün icra olunmur. Məktəblərin yanında alkoqollu içkilərin və tütün məmulatlarının reklamı və satışı gedir. Bu məsələlərə nəzarət artırılmalıdır”.

12:29

***

“Dilənçilərlə bağlı məsələ olduqca vacibdir”.

Bunu çıxışı zamanı F. Mustafa deyib.

O, bildirib ki, koronavirusla bağlı karantin rejimi yumşalan kimi dilənçilər küçələrə çıxıb:

“Təklif edirəm ki, dilənçilər üçün sığınacaq yaradaq. Gündə 3 dəfə onlara dövlət hesabına yemək verilsin. Dilənçilikdən imtina edənləri bu sığınacaqdan buraxmaq lazımdır. İndi hansı küçəyə gedirsən, dilənçiləri görürsən. Bu formada onları küçədən yığışdırmaq və islah etmək mümkündür”.

***

Müzakirələrin sonunda illik məlumat səsə qoyulub və qəbul edilib.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Bəlkə biz deputatlar ilk bunu edək, başqalarına da nümunə olaq…”-NAQİF HƏMZƏYEVDƏN ÖNƏMLİ TƏKLİF

Read Next

“Onlar saxta sənədlərlə ölkədən gediblər: Bu, hamıya bəllidir, kimlər tərəfindən necə göndərildiyini bilirik”-DAXİLİ İŞLƏR NAZİRİNİN BİRİNCİ MÜAVİNİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir