Büdcə müzakirələrinə başlanıldı-DEPUTATLARIN ÇOXU MÜZAKİRƏLƏRİ ONLAYN ŞƏKİLDƏ İZLƏYİR, NEFT 40 DOLLARDAN GÖTÜRÜLÜR, DÖVLƏT XƏZİNƏSİNDƏKİ QALIQ BÜDCƏ KƏSİRLƏRİNİN QARŞILANMASINA YÖNƏLDİLƏCƏK, İQTİSADİYYATIMIZ 4 FAİZ “KİÇİLƏCƏK” – FOTOLAR – YENİLƏNİB – (9)

Bu gün Milli Məclisdə (MM), komitələr səviyyəsində 2021-ci ilin büdcə zərfinin müzakirələrinə başlanılacaq.

Etikxeber.az-ın xəbərinə görə, Tahir Mirkişilinin rəhbərlik etdiyi MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədrliyi daha bir neçə komitənin birgə iclasının keçirilməsi nəzərdə tutulur.

İclas saat 11:00-da başlayacaq.

İclasdan öncə isə, yəni, saat 09:00-dan etibarən həm komitə üzvləri, həm də bütövlükdə millət vəkillləri növbəti test müayinəsindən keçiriləcəklər.

İclasda hökumət rəsmilərinin, o cümlədən Maliyyə naziri Samir Şərifov və müavinlərinin iştirakı gözlənilir.

Qeyd edək ki, artıq srağagündən 2021-ci il dövlət və icmal büdcəsinin layihələri Azərbaycan Respublikasının Prezidenti tərəfindən MM-ə təqdim olunub.

2021-ci il dövlət və icmal büdcənin layihələri “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müəyyən etdiyi ölkənin qeyri-neft sektorunun davamlı və rəqabətqabiliyyətli inkişafı, habelə dövlətin iqtisadi siyasətinin prioritet istiqamətləri üzrə qarşıda duran vəzifələr əsas götürülməklə tərtib edilib.

Növbəti ilin dövlət büdcəsi layihəsinin əsas xüsusiyyətlərindən biri 2020-ci ildə erməni işğalçılarına qarşı zəfər qazandığımız Vətən müharibəsi nəticəsində işğaldan azad olunan ərazilərdə bərpa və yenidənqurma işlərinin aparılması, sosial-iqtisadi, enerji, kommunal, nəqliyyat infrastrukturunun yaradılması, öz doğma yurdlarına qayıdan vətəndaşlarımızın yaşayışı və işgüzar fəaliyyəti üçün şəraitin təşkil edilməsi kimi şərəfli və məsuliyyətli vəzifələrin icrası üçün maliyyə təminatının yaradılmasıdır.

Azərbaycan Respublikasının 2021-ci il icmal büdcəsinin gəlirləri 23 828,1 mln. manat proqnozlaşdırılıb ki, bu da 2020-ci illə müqayisədə 1 465,1 mln. manat və ya 6,6% çoxdur.

İcmal büdcənin xərcləri 31 163,4 mln. manat olacaq ki, bu da 2020-ci illə müqayisədə 855,1 mln. manat və ya 2,8% çoxdur.

2021-ci ilin icmal büdcəsinin kəsiri 7 335,3 mln. manat təşkil etməklə 2020-ci illə müqayisədə 610,1 mln. manat və ya 7,7% azdır. Kəsir proqnozlaşdırılan ÜDM-in 9,7%-nə bərabər olacaq ki, bu da 2020-ci illə müqayisədə 1,4 faiz bəndi azdır.

Dövlət büdcəsinin göstəriciləri

2021-ci il dövlət büdcəsinin gəlirləri 25 427,0 mln. manat nəzərdə tutulur ki, bu da ÜDM-in 33,6%-i həcmində olmaqla, 2020-ci ilin proqnozu ilə müqayisədə 1 303,0 mln. manat və yaxud 5,4%, 2019-cu ilin icra göstəriciləri ilə müqayisədə 1 208,9 mln. manat və yaxud 5% çoxdur.

2021-ci il dövlət büdcəsinin xərcləri 28 543,0 mln. manat (ÜDM-də xüsusi çəkisi 37,7%) proqnozlaşdırılır ki, bu da 2020-ci ilə nisbətən 1 050,8 mln. manat və ya 3,8%, 2019-cu ilin icra göstəriciləri ilə müqayisədə isə 4 117,1 mln. manat və ya 16,9% çoxdur.

Növbəti ilin dövlət büdcəsinin xərclərinin strukturuna daxil olan cari xərclərə ümumi xərclərin 63,1 faizi həcmində və ya 18014,0 milyon manat , əsaslı xərclərə 29,2%-i həcmində və ya 8 330,3 mln. manat, dövlət borcuna xidmətlə bağlı xərclərə 7,7%-i həcmində və ya 2 198,8 mln. manat vəsait yönəldiləcək.

2021-ci il üçün dövlət büdcəsinin sosialyönlü xərcləri (büdcə xərclərinin iqtisadi təsnifatına uyğun olaraq əməyin ödənişi, pensiya və müavinətlər, dərman, sarğı ləvazimatları və materiallarının, ərzaq məhsullarının alınması xərclərinin cəmi) 11 111,9 mln. manat məbləğində proqnozlaşdırılıb ki, bu da 2020-ci illə müqayisədə 563,8 mln. manat və ya 5,3% çoxdur.

2021-ci ildə dövlət büdcəsi kəsirinin yuxarı həddi 3 116,0 mln. manat məbləğində nəzərdə tutulur. 2021-ci ildə dövlət büdcəsi kəsirinin ÜDM-ə nisbəti 4,1% təşkil edəcək ki, bu da 2020-ci illə müqayisədə 0,6 faiz bəndi azdır.

Kəsirin maliyyələşdirilməsi özəlləşdirmədən daxilolmalar, daxili və xarici borclanma, 2021-ci ilin 1 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı hesabına həyata keçiriləcək.

Həmçinin, qeyd edək ki, 2021-ci ilin dövlət büdcəsindən işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması məqsədilə 2,2 milyard manat vəsaitin ayrılması nəzərdə tutulub.

Belə ki, İşğaldan azad olunmuş ərazilərə böyük qayıdışın təmin edilməsi üçün şəhər və kəndlərin bərpası və yenidən qurulması, həmin ərazilərdə müasir infrastrukturların yaradılması (elektrik enerjisi, təbii qaz, su, rabitə, yol, təhsil, səhiyyə, mədəniyyət, mənzil-kommunal və digər zəruri infrastrukturların və mədəni-tarixi abidələrin bərpası və yenidənqurulması, yaşayış evlərinin tikintisi və s.) məqsədi ilə 2021-ci ilin dövlət büdcəsindən 2,2 milyard manat vəsaitin ayrılması nəzərdə tutulub.

Həçminin, gələn il müdafiə və milli təhlükəsizlik, məhkəmə hakimiyyəti, hüquq-mühafizə orqanlarının və prokurorluğun saxlanılması xərcləri üçün 2021-ci ilin dövlət büdcəsi xərclərinin 23,4 faizi həcmində (2020-ci illə müqayisədə 2,5 faiz-bənd çox) və ya 6678,6 milyon manat vəsait nəzərdə tutulmuşdur ki, bu da 2020-ci ilə nisbətən 937,7 milyon manat və ya 16,3 faiz çoxdur.

Müdafiə və milli təhlükəsizlik, məhkəmə hakimiyyəti, hüquq-mühafizə orqanlarının və prokurorluğun saxlanılması xərcləri üzrə nəzərdə tutulmuş vəsaitin 4585,8 milyon manatı və ya 68,7 faizi (2020-ci ilə nisbətən 781,6 milyon manat və ya 20,5 faiz çox) müdafiə və milli təhlükəsizliyin maliyyələşdirilməsinə, 2092,8 milyon manatı və ya 31,3 faizi (2020-ci ilə nisbətən 156,1 milyon manat və ya 8,1 faiz çox) məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarının saxlanılması xərclərinə yönəldiləcək. Kirayəyə götürülmüş yaşayış sahəsinə görə yaşayış yeri olmayan hərbi qulluqçulara (ehtiyatda və istefada olan hərbi qulluqçular nəzərə alınmaqla) ödənilən pul kompensasiyası üçün 2021-ci ilin dövlət büdcəsində 85,2 milyon manat vəsait nəzərdə tutulmuşdur.

Aztəminatlı əhaliyə dövlət hesabına həyata keçirilən hüquqi yardım üçün növbəti ilin dövlət büdcəsində 4,8 milyon manat vəsait proqnozlaşdırılmışdır. 2021-ci ilin dövlət büdcəsinin müdafiə və milli təhlükəsizlik, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq xərcləri bölmələrindən maliyyələşən təşkilatların büdcədənkənar xərcləri 294,7 milyon manat təşkil edəcəkdir ki, bu da 2020-ci illə müqayisədə 17,5 milyon manat və ya 6,3 faiz çoxdur.

Ölkənin müdafiə potensialının gücləndirilməsi və silahlı qüvvələrin maddi-texniki təminatının daha da yaxşılaşdırılması məqsədilə dövlət büdcəsinin əsaslı xərclərindən xüsusi müdafiə təyinatlı layihələr və tədbirlərin maliyyə təminatı üçün 2100,0 milyon manat, cari illə müqayisədə 500,0 milyon manat və ya 31,3 faiz çox vəsait nəzərdə tutulub.

Eyni zamanda, 2021-ci ilin dövlət büdcəsində yaşayış minimumu ölkə üzrə 196,0 manat məbləğində müəyyən edilib.

2021-ci il üçün yaşayış minimumu ölkə üzrə 196,0 manat, o cümlədən əmək qabiliyyətli əhali üçün 207,0 manat, pensiyaçılar üçün 162,0 manat, uşaqlar üçün 175,0 manat məbləğində proqnozlaşdırılır.

Bu da 2020-ci illə müqayisədə müvafiq olaraq orta hesabla 6,0 manat və ya 3,1 faiz çoxdur.

Onu da qeyd edək ki, sabah MM-in növbəti iclası keçiriləcək və iclasda büdcə zərfi müzakirəyə çıxarılacaq.

Büdcə müzakirəlrində Baş nazir Əli Əsədov daxil olmaqla, bütün hökumət üzvlərinin iştirakı gözlənilir.

İclasa Sahibə Qafarova sədrlik edəcək.

11:00

***

MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədrliyi ilə büdcə müzakirələrinə başlanılıb.

Komitə sədri T. Mirkişili gündəlikdə 7 məsələnin olduğunu bildirib.

O, qeyd edib ki, iclas MM-in sədri S. Qafarovanın göstətişi ilə bütün deputatlara translyasiya olunur:

“Bizim onlayn şəkildə izləyən deputatların yalınz dinləmək imkanları var”.

Komitə sədrinin sözlərinə, bütün problemlərə, pandemiyaya baxmayaraq, 2020-ci il Qələbə ilidir.

T. Mirkişili bildirib ki, çünki 2020-ci ildə Azərbaycan xalqı Qarabağ münaqişəsinə son qoya, Qələbə əldə edə bilib.

11:06

***

Komitə sədrinin dediyinə görə, məlum səbəblər üzündən azalmalara baxmayaraq, ötən dövrdə qeyri-neft sektorunda 11, 4 faizlik artım müşahidə olunub.

Eyni zamanda, dövlət büdcəsində neftin bir barrelinin qiyməti 40 dolardan götürülüb:

“Dövlət büdcəsinin dürüstləməsində neftin orta qiyməti 35 dollar olsa da, artıq neftin qiymətinin artması müşahidə edilir. 2021-ci ilin dövlət büdcəsində də buna görə neftin bir barelinin qiymətinin 40 dollar götürülməsi məqsədə uyğun hesab edilib”.

“Büdcə gəlirlərinin artan hissəsinin qeyri-neft sektoru və əlavə gəlirlər hesabına təmin edilməsi yenilikdir”-deyən komitə sədri bildirib ki, bu gün müzakirə edilən məsələlər proqnozdur:

“Bunun yerinə yetirilməsi üçün görüləcək işlər çox mühüm rol oynayır. Dövlətin bu sahədə tədbirləri hədəflidir. İqtisadiyyatın real sektoru bu hədəfləri qəbul etməkdə maraqlıdır. Məhz bu təcrübənin inkişaf etdirilməsi 2021-ci ildə yenidən iqtisadiyyatda artıma qayıtmaqda mühüm rol oynayacaq. Azərbaycanda iqtisadi sektorda baş verənlər, vaxtında göstərilən iqtisadi dəstək iqtisadi sektorun növbəti ildə daha tez bərpa olunmasına şərait yaradacaq”.

11:14

***

“Ölkə Prezidentinin dediyi kimi, Qarabağ yenidən qurulacaq, dirçələcək və canlanacaq”.

Bunu büdcə müzakirələrində iştirak edən Maliyyə naziri S. Şəfrifov deyib.

O, bildirib ki, Azərbaycan xalqı və dövləti 30 ildən artıq davam edən münaqişəyə son qoydu, möhtəşəm Qələbə əldə etdi:

“Bu şanlı zəfərin təmin olunması üçün həyatlarını qurban vermiş şəhidləri böyük ehtiramla anırıq. Onların uğrunda şəhid olduqları vətən torpaqlarının yenidən qurulması bu gün qarşımızda duran ən ümdə məsələdir. Ölkə Prezidentinin dediyi kimi, Qarabağ yenidən qurulacaq, dirçələcək, canlanacaq və əsl cənnətə çevriləcək”.

11:18

***

Nazir sonra deyib ki, 2021-ci ildə büdcə kəsirlərinin artırılması nəzərdə tutulur.

O, həmçinin bildirib ki, dövlət xəzinəsində ilin sonuna 500 milyon manat qalıq qalması gözlənilir:

“Həmin qalıq vəsit də növbəti ilin büdcə kəsirlərinin qarşılanması üçün nəzərdə tutulur”.

11:35

***

“İlin sonuna iqtisadiyyatımızın 4%-dək kiçilməsi gözlənilir”-deyən nazir bildirib ki, 2020-ci ildə pandemiyanın insanlara təsirinin ardan qaldırılması üçün genişmiqyaslı tədbirlər həyata keçirilib:

“2021-ci ildə işğaldan azad olunmuş ərazilərdə həyata keçiriləcək vacib tədbirlər var. Eyni zamanda dövlət sərhədlərinin bərpası üçün də vəsaitlər nəzərə alınıb. 2021-ci il və sonrakı 3 il üçün dövlət və icmal büdcə layihələri “Büdcə sistemi haqqında” qanuna uyğun şəkildə qurulub. Prezidentin müəyyən etdiyi qeyri-neft sektorunun inkişafı və s. əsas götürülüb. Növbəti ildə baş verəcək dəyişikliklər və bunun Azərbaycan iqtisadiyyatına təsirləri, ölkə iqtisadiyyatının makroiqtisadi reallıqları və iqtisadi inkişafın növbəti mərhələsinə keçidlə bağlı gözləntilər nəzərə alınıb”. 

11:41

***

Sonra “Növbəti ildə də dövlət tərəfindən iqtisadiyyata imkan daxilində əlavə vəsait təmin ediləcək. Bunun əsas hədəfi iqtisadi aktivliyin canlandırılmasıdır”-deyən nazir bildirib ki, bu məqsədlə Dövlət Neft Fondundan da dövlət büdcəsinə transfert bu ildə olduğu kimi saxlanılır:

“Əsasən fiskal gəlirlərimiz faktiki olaraq cari ilin dövlət büdcəsinin dürüstləşdirilməsindən sonrakı səviyyələrdə qalıb. Bunun üçün iqtisadi fəaliyyətdə aktivliyin təmin edilməsi məqsədilə Mərkəzi Bankın sərbəst mənfəətindən bir hissə dövlət büdcəsinə transfert olunacaq. Eyni zamanda dövlət borcundan da bir hissə bu yöndə transfert olunacaq. Dövlət borclanma səviyyəsinin artırılması barədə qərar qəbul edilib. Bu, daha çox daxili bazarda dövlət istiqrazlarının yerləşdirilməsi hesabına, digər tərəfdən, beynəlxalq maliyyə qurumlarından əlavə kreditlərin cəlb edilməsi nəzərdə tutulur”.

Nazir qeyd edib ki, neft hasilatının azalması ilə əlaqədar gəlirlərimiz də azalmışdı:

“Hasilatın azalması labüd idi. Bu, neft bazarında qiymətlərin müəyyən səviyyədə saxlanılmasına təkan verdi”.

S. Şərifovun dediyinə görə, həmin dəyişikliklər həm ÜDM-ə təsir göstərdi, həm də neft gəlirləri azaldı:

“2020-ci ildə pandemiya ilə əlaqədar bir çox sahədə iqtisadi fəaliyyətin məhdudlaşması mənfi təsir göstərməyə bilməzdi. Belə olan halda 2020-ci ildə mənfəət vergisi üzrə daxilolmalarda da böyük artım gözlənilmir. Hökumət tərəfindən iqtisadiyyatın canlandırılması üçün vacib tədbirlərin görülməsi nəzərdə tutulur. İqtisadi və sosial dəstək paketinin bir qismi reallaşıb, bir qisminin isə növbəti ildə də reallaşması planlaşdırılır. Hökumətin əsas amalı odur ki, iqtisadi fəallıq bərpa olunsun”. 

11:48

***

İqtisadiyat naziri Mikayıl Cabbarov da millət vəkilləri və Azərbaycan xalqını Qələbə münasibəti ilə təbrik edib.

“Vətən müharibəsində əldə etdiyimiz qələbə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin davam etdirilməsi üçün daha möhkəm zəmin yaradıb”-deyən nazir sonra bildirib ki, 2020-ci ildə bütün mövcud çətinliklərə baxmayaraq, ölkəmizdə makroiqtisadi sabitlik daha da gücləndirilib:

“İqtisadiyyatın kiçilməsi müşahidə edilsə də, ölkə iqtisadiyyatı yüksək dayanıqlılıq nümayiş etdirdi. Bunu qeyri-neft sektoruna xüsusilə aid edə bilərik. Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərin bərpası, orada yaşayan insanları geri qayıtması, onların məşğulluğunun təmin edilməsi əsas vəzifələrdəndir”.

12:02

***

Çıxışında “Sari ildə sərt karantin tədbirlərinin tədbiri Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməyib”-deyən M. Cabbarov bildirib ki, əsas kapitala investisiya qoyuluşları azalıb:

“Maraqlı və müsbət hal ondan ibarətdir ki, özəl sektor üzrə investisiyalar 8% artıb, dövlət təşkilatları üzrə investisiyalar isə azalıb. Bu, anlaşılan və təxmin ediləndir. Bir sıra xərc istiqamətlərində də artımlar baş verib. Yanvar-noyabr aylarında inflyasiya nəzərə alınmaqla, əhalinin gəlirləri düşüb. Biz ilin sonuna kimi proqnozlaşdırırıq ki, qeyri-neft sektoru ixracı təxminən 5,6% həcmində azalacaq. Bunun əsas səbəbi bizim əsas ticarət partnyorumuz olan ölkələrdə yerli valyutanın dəyərdən düşməsidir. Bu, bizim qarşımızda yeni bazarlara çıxışın zəruriliyini qoyur”.

12:14

***

Nazir çıxışı zamanı onu da deyib ki, beynəlxalq təşkilatların hesabatlarında Azərbaycan iqtisadiyyatı ilə bağlı artım proqnozlaşdırılır.

Nazir bildirib ki, beynəlxalq valyuta fondunun oktyabr ayında dərc edilən proqnozunda ölkə iqtisadiyyatının 2% həcmində artması proqnozlaşdırılıb.

“2021-ci illə bağlı proqnozları biz çox böyük qeyri-müəyyənlik şəraitində edirik. Biz bu proqnozları hazırlayarkən proqnozların dəqiqliyinə baxırıq. Amma bu şəraitdə də təqdim etdiyimiz proqnozların özünü doğruldacağına inanırıq. İşğaldan azad olunmuş ərazilərə böyük qayıdışla bağlı konsepsiya İqtisadi Şurada müzakirə edilib. İşğaldan azad edilmiş ərazilərin bərpa edilməsi ilk olaraq tikinti sahəsinin buna cəlb edilməsi deməkdir”-deyə, o, əlavə edib.

12:30

***

“Vətən müharibəsi nəticəsində işğaldan azad olunmuş ərazilərin bərpa edilməsinə yönəlik xərclər də 2021-ci ilin dövlət büdcəsində yer alıb”.

Bunu öz növbəsində Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

Sədr bildirib ki, 2021-ci ilin dövlət büdcəsi azad olunmuş torpaqlara da tətbiq olunan ilk büdcədir:

“2021-ci ilin dövlət büdcəsi layihəsi ilə birlikdə hazırlanan və təqdim olunan sənədlər “Büdcə sistemi haqqında” qanunun tələblərinə uyğun olub. Büdcə zərfinin məlumatlılığının artırılması şəffaflığın təmin edilməsinə şərait yaradır”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Növbəti ildə yaşa görə pensiyanın ümumi məbləği 370 manat, əlilliyə görə isə 337 manat olaraq planlaşdırılır…”-SAHİL BABAYEV HƏMÇİNİN 190 MANATLIQ NÖVBƏTİ ÖDƏNİŞLƏRƏ BAŞLANILACAĞINI BİLDİRDİ – YENİLƏNİB

Read Next

Əli Məsimli yenidən-TƏHSİL KREDİTLƏRİ MƏSƏLƏSİNİ QALDIRDI…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir