Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
ElDƏNİZ SƏLİMOV: “Azərbaycan dövləti stabildir, güclüdür qüdrətlidir və heç kim də onu yolundan, hədəfindən döndərə bilməz”
Çox ağır hadisədir. Hamımız dövlətimizin yanında olmalıyıq və ölkəmizi qarışdırmaq istəyən xarici və daxili qüvvələrin istəklərinə çatmalarına birlikdə imkan verməməliyik.
Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva deyib.
“Bu oyunları quranlar, icra edənlər, təxribatçılar qanunla ciddi cəzalandırılmalıdırlar.
Şəhid polislərimizə Allahdan rəhmət, əzizlərinə səbr diləyirik”-deyə, o, sözlərinə əlavə edib.
Millət vəkili Eldəniz Səlimov da Gəncədə baş verən hadisələrdən narahatlıq keçirdiyini və bunu qəbuledilməz olduğunu deyib.
Onun sözlərinə görə, bu hadisənin, onu törədənlərin və arxasında dayananların bəraəti ola bilməz.
E. Səlimov bildirib ki, bu hadisə və onu törədənlər hər kəs tərəfindən pislənməlidir.
“Bu hadisə açıq-aşkar antiazərbaycançı güc mərkəzləri, ölkəmizi “üçüncü dünya dövləti”, “banan dövləti” kimi görmək istəyən məkrli qüvvələr tərəfindən təşkil edilmiş məqsədyönlü terror hadisəsidir, dövlət çevrilişinə cəhddir və Azərbaycanda ictimai-siyasi sabitliyi pozmağa yönəlib”-deyən millət vəkilinin sözlərinə görə, eyni zamanda, çox təəssüflər olsun ki, baş vermiş terror hadisəsindən dərhal sonra sosial şəbəkələrdə və bəzi internet resurslarında terrorçudan zərərçəkən obrazının yaradılmasına cəhdlərin olması, uzun illərdir Azərbaycana qarşı ermənilərlə birlikdə fəaliyyət göstərən xaricdəki passiv terrorçuların birdən-birə fəallaşması, separatçı Ələkrəm Hümmətovun terrorçunun hüquqlarını müdafiə komitəsi yaratması və sair kimi hadisələr belə qənaətə gəlməyə əsas verir ki, bütün bunlar bir mərkəzdən əlaqələndirilən və ölkəmizdə xaos və qarşıdurma yaratmağı qarşılarına məqsəd qoyan ermənipərəst mərkəzlərin əvvəlcədən planlaşdırdıqları hadisələrdir:
“Bunu görməmək mümkün deyil. Ancaq bəziləri özlərini görməməzliyə, eşitməməzliyə, məsələləri tam başqa səmtə yönəltməyə çalışırlar ki, bu da heç bir halda qəbuledilən deyil, qəbul da edilmir, edilməməlidir. Yəni, baş verənlərdə əsas məqsəd Yaxın Şərqin müsəlman ölkələrinə tətbiq edilən idarəolunan xaos siyasətini Azərbaycana transfer etməklə ölkəmizi terror poliqonuna çevirmək və beləliklə, Dağlıq Qarabağ problemini birdəfəlik unutdurmaqdır. Ancaq hadisələrin inkişafı göstərdi ki, bu məkrli planı Azərbaycanda həyata keçirmək heç də o qədər asan məsələ deyil. Bunlar heç də alınan, baş tuta biləcək məsələlər deyil”.
Millət vəkilinin fikrincə, çünki hər şeydən öncə Azərbaycanda funksional dövlət institutları, kifayət qədər səmərəli fəaliyyət göstərən mərkəzi icra hakimiyyəti orqanları və nəhayət, əmin-amanlığı təmin etməyə qadir olan hüquq mühafizə orqanları var. Ən əsası isə Azərbaycanda artıq ciddi sınaqlardan çıxmış xalq-iqtidar birliyi mövcuddur:
“Elə ölkəmizdə sabitliyin əsasında da Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan xalqının iradəsi dayanır. Kim bu iradəyə qarşı çıxacaqsa mütləq layiqli cəzasını alacaq. Çünki xalqımız bir daha ötən əsrin 90–cı illərinə, vətəndaş müharibəsinə, torpaqlarımızın itkisi ilə müşahidə olunan xaosa qayıtmaq istəmir və buna heç vaxt yol verməyəcək.
Bu gün güclənən Azərbaycan heç vaxt indiki qədər öz ərazi bütövlüyünü bərpa etməyə yaxın olmayıb. Azərbaycan Ordusu heç vaxt indiki qədər nizamlı, döyüş qabiliyyətli və indiki qədər həm texniki təchizat, həm də döyüş hazırlığı baxımından düşmən ordusundan bu qədər üstün olmayıb. Xalqımızın düşmənlərini də narahat edən elə budur. Ona görə də ölkəmizdə yeni vətəndaş müharibəsi, yeni terror poliqonu yaratmağa çalışırlar. Ancaq Azərbaycan polisi bir daha sübut etdi ki, o, öz canı bahasına olsa belə, dövlət və millət qarşısında şərəfli vəzifəsini yerinə yetirməyə hazırdır.
Hər bir vətəndaş bilir ki, onun təhlükəsizliyinin və asayişinin qorunmasını təmin edən hüquq mühafizə orqanları var. Terrorçuların istənilən cəhdi uğursuzluğa məhkumdur. Bu gün hər bir vətəndaşın tələbi və istəyi ondan ibarətdir ki, Azərbaycanı suriyalaşdırmaq istəyən radikallara qarşı qətiyyətlə mübarizə aparılsın və onlar ən ciddi şəkildə ədalət mühakiməsi qarşısında cavab versinlər. Ona görə də hüquq mühafizə orqanlarımız tərəddüd etmədən cinayətkar ünsürləri dərhal cəzalandırmalıdırlar, onlara qarşı heç bir güzəşt olmamalıdır”.
Millət vəkili bununla yanaşı, məmurları, məsul şəxsləri də son dərəcədə məsuliyyətli, ehtiyatlı və həssas olmağa, onları bu cür hadisələri törətmək istəyən məkrli dairələrə və qüvvələrə zərrə qədər olsun belə, fürsət, bəhanə verəcək addımlar atmamağa çağırıb:
“Bu gün hər bir kəs, hər bir Azərbaycan vətəndaşı, o cümlədən, məmurlar, məsul şəxslər son dərəcədə ayıq-sayıq olmalı, ehtiyatsız, düşünülməmiş davranışlara yol verməməlidir. Hər kəsdən böyük məsuliyyət tələb olunur. Hər kəs dövlətin və dövlət rəhbərinin yanında olmalıdır. Burada şəxsi məsələləri, şəxsi maraqları, kin-küdurəti bir kənara tullamaq, dövlət və dövlətçilik ətrafında bir yumruq kimi birləşilməlidir. Ölkə başçısı da son müşavirədə və iclasda hər kəs, xüsusilə, məmurlar qarşısında böyük vəzifələr qoydu, ciddi tapşırıqlar, mesajlar verdi. Bildirdi ki, öz işinə məsuliyyətlə yanaşmayanlar, özlərini qanunlardan yuxarıda görənlər ciddi şəkildə cəzalandırılacaqlar. Heç kimə güzəşt olmayacaq. Hamı qanun qarşısında bərabərdir və bərabər məsuliyyət də daşılmalıdır. Bunlar çox önəmli məqamlardır və hər bir məmur da bunlara ciddi yanaşmalı, öz gələcək fəaliyyətlərində nəzərə almalı, insanlarda dövlətə qarşı azacıq da olsa belə, qıcıq yaradacaq hərəkərlətə yol verməməlidirlər, yoxsa, çox ağır bədəllər ödəməli olacaqlar. Bir daha baş verən son hadisəni, terror aktını, onu törədənləri və arxasında dayananları lənətləyərək, həmin qüvvələrin tezliklə tam şəkildə, son nəfərinəcən aşkarlanaraq, layiqli cəzalarını almalarını arzu edirik və inanırıq da ki, bu, belə olacaq. Azərbaycan dövləti stabildir, güclüdür qüdrətlidir və heç kim də onu yolundan, hədəfindən döndərə bilməz”.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az