Deputatlar koronavirusdan, Qarabağ məsələsindən, BMT-dən, Minsk qrupunun ədalətsizliyindən-DANIŞDILAR – YENİLƏNİB

Oktyabrın 27-də 6-cı çağırış Milli Məclisin (MM) payız sessiyasının növbəti plenar iclası öz işinə başlayıb.

Etikxeber.az-ın xəbərinə görə, millət vəkilləri cari məsələlərin müzakirəsi zamanı müxtəlif məsələlərdən danışıblar.

“Son günlər Azərbaycan cəmiyyətində əsas məsələ birlik modelinin inkişaf etdirilməsidir”-deyən deputat Fazil Mustafa bildirib ki, bu model Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilir:

“Bu gün Azərbaycanda bütün siyasi qüvvələr dövlətin vahid siyasəti ətrafında birləşib. Ordumuzun qələbələr qazanır. Lakin koronavirus təhlükəsi davam edir, Azərbaycan cəmiyyətində heç kim arxayınlaşmamalıdır. Koronavirus təhlükəsi artmaqdadır. Bu təhlükəyə görə biz Orduya dəstək vermək səylərimizi azalda bilərik. Operativ Qərargah bununla bağlı təcili tədbirlər görməlidir. Bölgələrdə xüsusilə yoluxma halları artmaqdadır”.

Birinci vitse-spiker Əli Hüseynli öz növbəsində bildirib ki, deputatlar həm təmsil olunduğumuz beynəlxalq təşkilatlarda, həm də dünya mediasında çox ciddi işlər görməkdədir. O, bildirib ki, oktyabrın 26-da  komitə sədrlərinin iclasında parlamentin spikeri Sahibə Qafarova bu məsələyə toxunub:

“Sahibə xanım bir daha deputatlara təşəkkürünü çatdırdı. Bildirdi ki, həm döyüş meydanında, həm də siyasi-diplomatik meydanda deputatların da verdiyi çox ciddi töhfələr var”.

“Biz bəzi ölkələrin, müəyyən xarici kütləvi informasiya vasitələrinin məsələyə qeyri-obyektiv, ədalətsiz münasibətinin şahidi oluruq”-deyən deputat Soltan Məmmədov  bu xüsusda hərbi əməliyyatlar bölgəsindən obyektiv reportaj hazırladığına görə “Fransanın “TF1” telekanalının əməkdaşı Liza Budulun erməni diasporu və lobbisinin təzyiqlərinə, təhdidlərinə məruz qalmasına laqeyd münasibəti xüsusilə vurğulayıb:

“Təəssüf ki, Fransanın hüquq-mühafizə orqanları bu açıq təhdidi araşdırmaq, hüquqi qiymət vermək üçün heç bir addım atmır. Hesab edirəm ki, bu cür münasibət söz və mətbuat azadlığı, demokratiya kimi bəşəri ideallara yüksək önəm verən Fransa dövlətinin imicinə uyğun gəlmir. Söz azadlığının müdafiəsi ilə məşğul olan beynəlxalq təşkilatlar, dünyanın aparıcı media qurumları, insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən təşkilatlar məsələyə reaksiya verməlidir. Yenə də təəssüflə bildirməliyəm ki, biz burda da qəribə bir etinasızlığın şahidi olmaqdayıq”.

Deputat Fransanın parlament nümayəndə heyətinin Ermənistana səfər etməsi ilə bağlı da fikirlərini bölüşüb:

“Hər bir ölkənin parlament üzvünün istənilən digər ölkəyə səfər etməsi təbiidir. Lakin Fransalı həmkarlarımızın bu səfərinin müharibə getdiyi bir vaxta təsadüf etməsi, eyni zamanda, münaqişə tərəfi olan ölkələrdən yalnız birinin səfər proqramına daxil edilməsi təşəbbüsün xoşməramlı olduğuna haqlı şübhələr yaradır. Bu cür səfərlər Azərbaycan ictimaiyyətində ATƏT-in Minsk qrupunun həmsədri olan Fransanın danışıqlar prosesində neytral mövqedən çıxış edəcəyinə inamı artırmır, əksinə mövcud narahatlıqları daha da dərinləşdirir. Azərbaycan-Fransa Parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri kimi, mən bunu fransalı dostlarımızın da diqqətinə çatdırmışam.

Cənab Prezidentin də dəfələrlə vurğuladığı kimi, bu cür məsələlərdə həmsədr ölkələr xüsusilə ehtiyatlı və balanslı davranmalıdır. Azərbaycanla Fransa iqtisadi, mədəni, siyasi və digər sahələrdə çox uğurla əməkdaşlıq edir. Biz ötən müddətdə qarşılıqlı əlaqələrin inkişafı sahəsində böyük nailiyyətlər əldə etmişik. Dövlətlərimiz arasında yüksək səviyyəli münasibətlər xalqlarımız arasında da qarşılıqlı etimadın, anlaşmanın dərinləşməsinə öz töhfəsini verib. Lakin bu cür birtərəfli təşəbbüslər uzun illər ərzində qazanılmış bu etimadı zədələyə bilər”.

11:30

***

Millət vəkili Kamal Cəfərov qeyd edib ki, Ermənistana daşınan silahlar təkcə Ermənistanı deyil, onlara silah göndərən ölkələrinin multi-milyardlıq silah ticarətini də təhlükəyə salır.

Bildirib ki, Prezident İlham Əliyev xalqa son müraciətində düşmənin məhv edilən texnikalarının sayını açıqlayıb və haqlı olaraq bir neçə sualı beynəlxalq qurumların, Minsk qrupu ölkələrinin diqqətinə çatdırıb:

“Dağlıq Qarabağ ərazisində bu qədər silah-sursat hardandır? Birincisi, beynəlxalq mülki aviasiya və daşımalar üzrə standartlar Çikaqo Konvensiyası ilə müəyyən edilir. İkincisi, Çikaqo Konvensiyasının 3-cü maddəsində hərbi və mülki məqsədlər üçün istifadə olunan təyyarələr prinsipial formada fərqləndirilir. Üçüncüsü, Konvensiyasının 4-cü maddəsi mülki təyyarələrin digər məqsədlər üçün, o cümlədən hərbi məqsədlər üçün istifadəsinin tamamilə qadağan edir. Azərbaycan Hökuməti tərəfindən qeyd edilən pozuntular barədə müvafiq məlumatlar Çikaqo Konvensiyasının icrasına nəzarəti həyata keçirən, BMT-nin ixtisaslaşmış qurumu olan İCAO-ya təqdim edilib. Bu məsələyə İCAO-nun Assambleyasında baxıla bilər, nəticədə Ermənistan İCAO-da səs vermə hüququndan məhrum ola bilər”.

Deputat deyib ki, eyni zamanda, həmin silahların daşınması həyata keçirən hava yolları, misal üçün Yunanıstanın Olimpus hava yolları da üzv ölkələrin hava məkanından istifadə hüququndan məhrum edilə bilər:

“Bu isə həmin hava yolunun iflası deməkdir”.

K.Cəfərov nəzərə çatdırıb ki, Ermənistan, eyni zamanda, Qlobal Silah Ticarəti müqaviləsinin tələblərini pozub. Deputat vurğulayıb ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi və ona dəstək olan ölkələr gec-tez beynəlxalq hüquq çərçivəsində öz layiqli cavablarını alacaqlar.

“Bu gün dünyanı nizama salmalı olan beynəlxalq təşkilatların tutduğu ədalətsiz mövqeyinin şahidi olduq”-deyən deputat Siyavuş Novruzov bildirib ki, 75 ildir, eyni dövlətlər BMT Təhlükəsizlik Şurasının (TŞ) daimi üzvüdür:

“Bunlar 75 ildir dünyanı, müharibələri, haqqı-ədaləti monopoliyaya alıblar. Heç olmasa, rotasiya qaydası ilə bu dəyişilməlidir. Bəyanat yayırlar ki, bir ölkədə bir şəxs 2 dəfədən artıq prezident seçilə bilməz, amma bunlar 75 ildir, özləri haqda düşünmürlər. BMT TŞ-nin bütün üzvləri seçki yolu ilə seçilməlidir”. Deputat Fransa ilə bağlı məsələyə də toxunub: “Fransanın keçmiş prezidenti Sarkozi deyəndə ki, Ermənistan bizim bacımızdır, ATƏT-in Minsk qrupunun üzvü kimi onlardan nə gözləyə bilərik?! Fransa heç olmasa, indi bu məsələnin haqq, ədalətlə həllini tapması üçün bacısına məsləhət versin”.

Millət vəkili Fəzail Ağamalı isə bildirib ki, əks-hücum əməliyyatlarından keçən bir ay ərzində Silahlı Qüvvələrimiz çox böyük uğurlar qazanıb. Bildirib ki, 4 rayonda, əhəmiyyətli yüksəkliklərdə, Hadrut, Suqovuşan kimi ciddi yaşayış məntəqələrində artıq Azərbaycan bayrağı dalğalanır:

“Keçən bu müddət ərzində həm də bizim təkcə vandal ölkə ilə deyil, beynəlxalq güclərlə də vuruşduğumuz ortaya çıxdı. Beynəlxalq güclərin,  Minsk qrupu həmsədrlərinin Ermənistana olan dəstəyi bu Vətən müharibəsində ortaya çıxdı. Əminəm ki, biz bütün cəbhələrdə qalib gələcəyik. Bu qələbə 200 ildir üzərimizə gələn vandal ermənilərin üzərində möhtəşəm qələbəmiz olacaq”.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Axı, biz Rusiyadan Ermənistana nə qədər silah göndərilməsi barədə hər gün danışmırıq… Axı, biz demirik ki, bu gün kənardan kömək olmasa Ermənistan işğal edilmiş ərazilərdə bircə gün də dayana bilməzdi…”-İlham Əliyev Rai-1 telekanalına-MÜSAHİBƏ VERDİ – FOTOLAR – YENİLƏNİB

Read Next

“Vəng”-in “Çinarlı” adlandırılması ilə bağlı qanun layihəsi-QƏBUL OLUNDU

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir