Deputatlar Seyidovla bağlı AŞPA-nı “topa” tutdular – YENİLƏNİB

Milli Məclisin (MM) 18-də keçirilən plenar iclasında Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bir sıra üzvlərə, o cümlədən Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidova qarşı sanksiya tətbiq etməsi ilə bağlı geniş müzakirələr aparılıb.

Etikxeber.az xəbər verir ki, çıxış edən deputat Fəzail İbrahimli qeyd edib ki, beynəlxalq hüquq artıq güclərin yedəyində gedir.

“AŞPA-nın son qərarı da məhz bu yedəyin bir göstəricisidir. Səməd Seyidov niyə hədəf seçildi? Çünki ilk öncə Azərbaycan nümayəndə heyətinin rəhbəri idi. İkincisi də, onun bir çox şəxsi müsbət keyfiyyətləri var idi ki, onu qəbul etmək istəmirdilər. Çünki AŞPA-dakılar qarşılarında zavallı, yazıq, gücsüz görkəmdə olan insanların dayanmasını istəyirlər. Səməd Seyidov isə belə insan deyildi. Ona görə birbaşa hədəf seçildi”.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü  Sahibə Qafarova son qərarı Azərbaycana qarşı qara piar kampaniyasının tərkib hissəsi adlandırıb:

“Bu qərarlar heç bir nəticə verməyəcək. Biz bu qərarları qəbul etmirik. Bu, AŞPA-nın əslində öz missiyasına ziddir”.

Spiker Oqtay Əsədov  öz növbəsində bunları deyib:

“Görürəm ki, hamınız eyni nota köklənmisiniz. Mətbuata baxırsan ki, bəzi “vətənpərvərlər” bundan bayraq kimi istifadə edirlər. İki il əvvəl AŞPA-nın iclası Bakıda keçiriləndə biz Qarabağa  qanunsuz səfər edən deputatın burada iştirak etməsinə icazə vermədik. Dərhal bizə qarşı sanksiya tətbiq etdilər ki, iki il Bakıda AŞPA-nın tədbirlərinə icazə verilməyəcək. Nə oldu? Bir il sonra özləri peşman oldular. Bizdə iclas keçirmək istədilər. Mən dedim ki, dayanın, biz sanksiya altındayıq, olmaz. İndi də belə. Bu sanksiya da bizə yenə təsir göstərməyəcək. Səməd Seyidovun fəaliyyətinə bələdik. Ona fəaliyyətinə görə təşəkkür edirik. O da, Azərbaycan nümayəndə heyəti də fəaliyyətini bundan sonra davam etdirəcək”.

Spikerin son sözləri millət vəkilləri tərəfindən alqışlarla qarşılanıb.

**

SAMAD

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov isə çıxışında qeyd edib ki, bir insan kimi onun üçün bu, asan deyil, çünki ədalətsizliklə qarşılaşıb:

“Uzun illərdir mən Avropada fəaliyyət göstərmişəm, indi birlikdə işlədiyim yerdən sanksiya ilə üzləşmək mənim üçün asan deyil. Ancaq buna baxmayaraq bununla şərəf duyuram. Çünki mən dövlətimin milli maraqları uğrundakı fəaliyyətimdə bununla rastlaşmışam. Bu sanksiya Azərbaycana qarşı ikili standartların nəticəsidir. Necə olur ki, etnik təmizləmə siyasəti aparan Ermənistana qarşı heç bir sanksiya tətbiq olunmur, amma Azərbaycana qarşı sanksiyalar tətbiq olunur?! Azərbaycan prezidentinin fəaliyyəti, iri layihələrdə Azərbaycanın rol alması, TANAP alyihəsinin bir aydan sonra işə düşməsi, Böyük Britaniya ilə müqavilənin uzadılması dövlətimizin qüdrətidir və heç kim bunu sarsıda bilməz. Səməd Seyidov bu gün nümayəndə heyətinin rəhbəridir, sabah sıravi bir insandır. Bizim balalarımız bu gün cəbhədə canlarını qoyurlar, bizim siyasi cəbhədə fəaliyyətimiz bundan üstün deyil”.

“Mən Milli Məclisin Dini qurumlar  və ictimai birliklər komitəsinin sədriyəm. Buna görə də deyə bilərəm ki, İslamda belə bir qayda var ki, bir insanı Allah yoluna çəkmək üçün öz imkanlarından varını xərcləyə bilərsən. Biz də bunu əsirgəməmişik və pulu Azərbaycanın maraqlarına xərcləmişik”.

Bunu da çıxışı zamanı Milli Məclisin (MM) Dini qurumlar  və ictimai birliklər komitəsinin sədri Siyavuş Novruzov  deyib.

O, qeyd edib ki, lobbiçilik dünyada qanunla  tənzimlənir:

“Hansısa lobbiçilik işinin görülməsində qəbahət yoxdur. Məsələn, Amerikada lobbiçilik fəaliyyəti ilə bağlı xüsusi qanun var. İstənilən şəxs öz pulunu verərək lobbiçilik fəaliyyətini apara bilər. O baxımdan burada qanunsuzluq yoxdur. Biz də  buna uyğun olaraq fəaliyyət göstərmişik”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Milli Məclisdə “5 qəpik” və “cəmdək” söhbəti

Read Next

Hesablama Palatasının səlahiyyətləri artırılsın – MİLLƏT VƏKİLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir