Deputatlar təbrik olundu, Ombudsman hesabat verdi – YENİLƏNİB – (2)

Milli Məclisin (MM) aprelin 24-də  növbəti plenar iclası öz işinə başlayıb. 

Etikxeber.az xəbər verir ki, iclası açan spiker Oqtay Əsədov əvvəlcə gündəliyə yeni qanun layihəsinin salındığını qeyd edib.

O, bildirib ki, bu, “Müflisləşmə və iflas haqqında” qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihəsidir.

Daha sonra o  bir neçə həmkarını təzə hökumətdə yer almaları münasibətilə təbrik edib. O, qeyd edib ki,  bu, prezidentin Milli Məclisə etimadının göstəricisidir:

“Gəlin, bu münasibətlə prezidentə Milli Məclisin adından təşəkkür edək və həmkarlarımızı təbrik edək”.

meclis-oqtayyyyy

***

Sonra iclasda “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” layihə müzakirəyə çıxarılıb.

Layihəni parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli təqdim edib.

Layihəyə əsasən Naxçıvan Muxtar Respublikasında keçirilən son referundumun nəticələri səsə qoyulub və  ikinci səsvermə ilə təsdiqlənib.

***

Daha sonra Ombudsman Elmira Süleymanovanın MM-də 2017-ci ilin illik hesabatı dinlənilib.

Qeyd edək ki, hesabatda bir neçə məsələlərə toxunulub.

Bildirilib ki, məhkumların bir qismi təhvil verilmələrinə kömək göstərilməsi ilə bağlı Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsman) müraciət edib. Bu müraciətlər əsasında aidiyyəti qurumlara sorğular göndərilib və müvafiq araşdırmalar aparılıb.

2017-ci ildə Azərbaycan vətəndaşı olan 53 həbs edilmiş şəxs və məhkum xarici dövlətlərdən təhvil alınıb, 81 şəxs və məhkum isə xarici dövlətlərə göndərilib.

Bundan başqa, Bakı şəhərində bəzi tikinti şirkətləri tərəfindən inşa edilərək istifadəyə verilən və tikilməkdə olan müasir çoxmərtəbəli yaşayış binalarındakı mənzillərin hər birinin şirkət rəhbərliyi tərəfindən ən azı 2-3 adama satılması ilə bağlı Ombudsman aparatına müraciətlər olunub.

Ombudsmana edilən bəzi müraciətlərdə bir sıra mənzil-tikinti kooperativləri tərəfindən Tarif (qiymət) Şurasının tələblərinə zidd kommunal normativlərin müəyyən edilməsi, sakinlərlə bağlanılmış müqavilənin şərtlərinə əməl olunmaması və onların aldadılması kimi hallar yer alıb.

Qeyd edilənlər baxımından, İqtisadiyyat və Vergilər nazirlikləri, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən MTK-larda birgə monitorinqlərin aparılması, qeyd edilən qanunsuzluqların aşkar edilərək qarşısının alınması üzrə qanun çərçivəsində tədbirlər görülməsi məqsədəmüvafiqdir.

Hesabatda sosial şəbəkələrdən istifadə zamanı özgə adlar altında qeydiyyatdan keçərək və cəzasızlıq mühitindən istifadə edərək başqalarının şərəf və ləyaqətinə xələl gətirən, işgüzar nüfuzunu ləkələyən ifadə, habelə audio və ya videogörüntülərdən istifadə hallarına yol verilməsi məsələsi qeyd olunub.

Sənəddə göstərilir ki, qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və ya foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula, həmçinin informasiya texnologiyalarından şəxsi həyata, əqidəyə, dini və etnik mənsubiyyətə dair məlumatların açıqlanması üçün istifadə edilə bilməz:

“Odur ki, vətəndaşların şəxsi həyatına qanunsuz müdaxilələrin qarşısının alınması, onların şərəf və ləyaqətinin müdafiəsi hüququnun daha etibarlı müdafiəsi və pozulması hallarının qarşısının alınması məqsədilə informasiya texnologiyalarından, sosial şəbəkələrdən istifadənin hüquqi tənzimlənməsinə ehtiyac var”.

Qısa müzakirələrdən sonra Ombusmanın hesabatı qəbul edilib.

***

İclasda həmçinin, “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında”  qanun layihəsində dəyişikliklər məsələsi müzakirəyə çıxarılıb.

Layihəni  təqdim edən  Ə. Hüseynli bildirib ki, Azərbaycan Cümhuriyyətinin 100 illik yubileyi  ərəfəsində belə medalın təsis edilməsi təqdirəlayiqdir.

Deputat Fərəc Quliyev isə AXC-nin 100 illiyi Milli Məclisin xatirə medalının təsis olunmasını təklif edib. O qeyd edib ki, AXC-nin 100 illiyi ilə bağlı bir sıra tədbirlər keçirlir, medallar təsis olunur:

“Ancaq Azərbaycanın müstəqilliyinə səs verən, keçmiş SSRİ-nin qorunub saxlanması haqqında referendumun əleyhinə çıxan məşhur 43-lər yada düşmür. Bunların  içərisində mərhum Heydər Əliyev də olub. Bu insanların xidmətləri unudulmamalıdır. Tədbirlər çərçivəsində Milli Məclislə bağlı xatirə medalı  təsis olunmalıdır”.

Birinci vitse-spiker Ziyafət Əsəgrov öz növbəsində deputatın təklifinə münasibət bidlirib və onun qaldırdığı məsələnin nəzərə alınacağını vurğulayıb.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

MOSKVA NİYƏ QARIŞMALIDIR Kİ?! – Zahid Oruc yazır

Read Next

Yeni nazirin anası bir sıra məşhur mahnıların müəllifi olub

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir