“Deyirlər ki, “Tahir Kərimli damarının dozası yüksək oldu”…” – MİLLƏT VƏKİLİ – YENİLƏNİB

Milli Məclisin (MM) növbəti plenar iclasında cari məsələlərlə bağlı müzakirələrdə millət vəkilləri tərəfindən müxtəlif fikirlər, təkliflər və iradlar səsləndirilib.

Etikxeber.az xəbər verir ki, ilk öncə çıxış edən millət vəkili Fazil Mustafa tıxac məsələsinə toxunub.

Bildirib ki, bu məsələdə ciddi tənzimlənməyə, qayda-qanuna zərurət var.“Dünən axşamdan bir balaca yağış yağdı, Bakıda yenə aləm bir-birinə dəydi, tıxaclar yaranmağa başladı. Bu, artıq cəmiyyətimiz üçün ciddi məsələyə çevrilməkdədir. Biz niyə bunun qarşısını ala bilmirik? Bu gün hansı insanlar narazıdır? O insanlar ki, marşrutlarda, avtobuslarda, yollarda dəqiqələrlə, saatlarla durub, oturub gözləyirlər… Hamısı işə yetişməkdə çətinlik çəkir. Bunlardan ciddi narazılar elektoratı ola bilməz.Tez-tez nəqliyyatın intellektual idarəetməsindən danışılır, düzdür, nəqliyyat idarə edilir, amma onun intellektuallığı görünmür, yoxdur. Odur ki, biz ictimai nəqliyyat məsələsini qaydaya salmalıyıq. Bizdə bu işi görəcək mütəxəssislər yoxdursa, xaricdən dəvət etməliyik” – deyə ,F.Mustafa əlavə edib.

Sonra çıxış edən millət vəkili  Tahir Kərimli dövlət məmurlarının və deputatların Kütləvi İnformasiya Vasitələrində (KİV-lərdə) təhqir hədəfinə çevrilməsindən danışıb.

tahir-karimli

O, əvvəlcə bu məsələni tənzimləmək üçün “Mətbuat Şurası haqqında” qanunun qəbul olunmasını zəruri sayıb:“Onların yeri gələndə cəzalandırıması məsələsinə baxılmalıdıır. Eyni zamanda, bu məsələ “Teleradio Şurası haqqında” qanuna da aiddir. Heç biz görmürük bir neçə günlüyünə də olsun hansısa televiziya verilişi dayandırılsın. Bizdə ciddi jurnalistlər var. Uzun müddət tanıdıqlarım da var.  Onlar işlərinə vicdanla yanaşırlar.Axşam Azərbaycan televiziyasında bizim komitə sədrlərindən biri “Facebook” sosial şəbəkəsindəki iyrəncliklərdən haqlı olaraq bəhs etdi. Sanki bizim mətbuat, sosial şəbəkələr uşaqlarımızın şəxsiyyətini uşaqlıqdan öldürməklə məşğuldurlar. Bunlar azmış kimi dövlətin parlamentini gözdən salırlar. Sosial şəbəkələrə informasiya yemi lazımdır. Sözləri dəyişirlər, kontekstdən çıxarırlar, ağızlarına gələni deyirlər. İstənilən səviyyədə dövlət məmurunu təhqir edirlər. Ona görə də qanunda bu məsələyə baxmaq lazımdır. Adamı abırsız bir vəziyyətə salırlar. Ailə  tərbiyəsi görmüşük. 50-60 il yaşamışıq.Uşaqlıqdan valideynlərimiz bizi küçəyə buraxmayıb ki, o sözləri eşidək. Bizi açıq təhqir edirlər, biabır edirlər. Hər birimizin təhqir olunması parlamentin nüfuzunun aşağı salınması deməkdir. Əli Həsənov da öz müsahibəsinə bu məsələyə toxunub. Spikerin hətta Əhliman Əmiraslanova dediyi “deyəsən, dərmanın dozası yüksək oldu” fikrini də çevirib mənə qarşı deyirlər. Deyirlər ki, “Tahir Kərimli damarının dozası yüksək oldu”. Heç mən siqaret də çəkmirəm, bu nə sözdür, mənə deyirlər”.

Buna cavabında Oqtay Əsədov qeyd edib ki, bəzən iclaslarda çıxış edən deputatların fikirlərini kontekstdən çıxarıb yayırlar:“Xahiş edirəm ki, bu məsələdə diqqətli olun. Kontekstdən söz çıxarmaq lazım deyil”.

***

Deputat Siyavuş Novruzov çıxışında  Rusiyada yaşayan iş adamı İlham Rəhimovun ünvanına sərt fikirlər səsləndirib.

Qeyd edib ki, həmin şəxs iki gündən bir “Yeni Müsavat” qəzetinə çıxaraq, iki səhifəlik müsahibə verir və deputatları ittiham edir:  “O, Azərbaycan-Rusiya münasibətlərindən danışır, deputatları ittiham edir. Deyir ki, Rusiya ilə əlaqələrin qurulması üçün çoxlu şeylər etmişəm. Onu etmişəm, bunu etmişəm… Biz parlament üzvləri olaraq hər kəsin fəaliyyəti ilə yaxından tanışıq. İki dəfə deputat seçilmək üçün namizədliyini verdi. Heç üç faiz də səs toplamadı. Bu adam Rusiyada yaşayır. İndiyə kimi Rusiya mətbuatında onun Azərbaycanın problemləri ilə bağlı hansısa yazısını görmüsünüzmü?  Özünü cinayət hüququ üzrə professor adlandırır. İndiyə kimi xalqımıza edilən cinayətlərlə bağlı hansısa araşdırmalar aparıb ortaya qoyub ki? Deyir ki, Milli Məclisdəkilər məni tanımırlar. Biz hər kəsi yaxşı tanıyırıq, o cümlədən, onu da”.

 

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Bu uşaqlardan nə hərbçi, nə əsgər çıxacaq” – SİYAVUŞ NOVRUZOV – YENİLƏNİB

Read Next

Səməd Seyidov Avroparlamentin qətnaməsindən danışdı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir