DİN: 118 nəfərdən ibarət 48 cinayətkar qrup zərərsizləşdirilib

Noyabrın 8-də Daxili İşlər Nazirliyində «DİN-in Kollegiya qərarlarının icra”sının, «Təqsirləndirilən və xəbərsiz itkin düşmüş şəxslərin axtarışı, tanınması mümkün olmayan meyitlərin şəxsiyyətinin müəyyənləşdirilməsi sahəsində görülən işlər”in və «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə»nin vəziyyətinə həsr olunmuş geniş Kollegiya iclası keçirilib.
Etikxeber.az Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən xəbər verir kli, daxili işlər naziri, general-polkovnik Ramil Usubov müzakirəyə çıxarılan məsələlərin  xidməti fəaliyyətin mühüm sahələrini əhatə etdiyini,  insanların həyatının, sağlamlığının, hüquq və azadlıqlarının etibarlı təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib.  O da vurğulanıb ki, daxili işlər orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində həyata keçirilən tədbirlər bütövlükdə cari ilin ötən dövründə də qənaətbəxş olub, əldə edilmiş müsbət təmayüllər bu müddətdə nəinki   qorunub-saxlanılıb, əksinə, daha da inkişaf etdirilib.  Daxili işlər naziri son illər hər üç istiqamətdə işin daha səmərəli yerinə yetirildiyini, eyni zamanda, uğurlarla yanaşı, əməliyyat-xidməti fəaliyyətdə hələ də müəyyən nöqsan və çatışmazlıqların mövcudluğunu diqqətə çatdırıb.
Gündəlikdəki birinci məsələ barədə məruzə ilə daxili işlər nazirinin müavini-Baş Təşkilat-İnspeksiya İdarəsinin rəisi, polis general-leytenantı Fazil Quliyev çıxış edib. O, qeyd edib ki, DİN tərəfindən respublikada cinayətkarlığa qarşı mübarizənin səmərəliliyinin və ardıcıllığının təmin edilməsi, insan hüquq və  azadlıqlarının etibarlı müdafiəsi, effektiv idarəetmə sisteminin formalaşdırılması, bütövlükdə, fəaliyyətin qanunvericiliyin tələblərinə, dövlət  başçısının tapşırıqlarına uyğun qurulması məqsədilə mühüm işlər görülüb. Həyata keçirilən tədbirlər ölkədə kriminogen durumun uzun illər tam nəzarətdə saxlanılmasını, əməliyyat şəraitində baş verən neqativ dəyişikliklərə qarşı çevik cavab tədbirlərinin görülməsini, xidməti vəzifələrin xalqın və dövlətin maraqlarına uyğun yerinə yetirilməsini şərtləndirib, vətəndaş məmunluğunu təmin edib. Qeyd olunub ki, göstərilən və digər müsbət nəticələrin əldə edilməsində, o cümlədən qarşıya qoyulmuş tapşırıqların yerinə yetirilməsinə nəzarət mexanizminin təkmilləşdirilməsində, qanunçuluğun, xidməti və icra intizamının möhkəmləndirilməsində, rəhbər vəzifəli hər bir əməkdaşın tapşırılmış sahəyə məsuliyyətinin artırılmasında qəbul olunan kollegiya qərarları böyük əhəmiyyət kəsb edib.
Baş Cinayət Axtarışı İdarəsinin rəisi, polis polkovniki Arzu Daşdəmirov gündəlikdəki ikinci məsələ barədə məruzə ilə çıxış edərək deyib  ki, əməliyyat şəraitinə və cinayətlərin açılmasına əhəmiyyətli təsiri baxımından təqsirləndirilən və xəbərsiz itkin düşmüş şəxslərin axtarışının vəziyyəti daim diqqət mərkəzində saxlanılıb, bu sahədə görülən işlər əvvəlki Kollegiya iclaslarında və əməliyyat müşavirələrində müzakirə olunub, fəaliyyətin daha da yaxşılaşdırılması üçün yerlərə yazılı göstərişlər göndərilib, şəhər, rayon polis orqanlarına əməli köməkliklər edilib.  Bildirilib ki, cari ilin 9 ayında keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə axtarılan şəxslərin 65,4 faizi tutulub, ötən ilin analoji dövrü ilə müqayisədə müvafiq göstərici 3,3 faiz yaxşılaşıb. Axtarışda olan şəxslərin yerlərinin müəyyən edilib tutulması məqsədilə MDB-yə üzv ölkələrə əməliyyat qrupları göndərilib və nəticədə respublikadan kənarda olan 35, eləcə də MDB ölkələrinin hüquq-mühafizə orqanları tərəfindən axtarılan 190 nəfərin yeri müəyyən edilib.İtkin düşmüş şəxslərin axtarışının təşkili və həyata keçirilməsindən danışan  məruzəçi qeyd edib ki, ötən müddətdə itkin düşmüş şəxslərin 71,1 faizinin yeri müəyyən edilib. Müvafiq sahədə fəaliyyətin nəticələri 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,4 faiz yaxşılaşıb.
Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində görülmüş işlər barədə məruzə edən Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov bildirib ki, təşkilatçılıq fəaliyyətinin və nəzarət mexanizminin yaxşılaşdırılması, regional şöbələrin və ərazi polis orqanlarının fəaliyyətinin əlaqələndirilməsi istiqamətində də tədbirlər davam etdirilib. Həmçinin, bu ilin ötən dövründə 28 ərazi qurumu ilə qarşılıqlı əlaqədə 119 əməliyyat-profilaktik tədbir keçirilərək, qanunsuz dövriyyədən 160 kiloqrama yaxın tiryək, 37,7 kiloqram heroin,  14 kiloqram həşiş olmaqla, ümumilikdə, təxminən 211 kiloqram güclü təsirə malik narkotik vasitə götürülüb.
Cari ilin 9 ayında respublikanın daxili işlər orqanları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar bütövlükdə 2511, o cümlədən satışla bağlı 620  müvafiq cinayət faktı müəyyən edilib, 118 nəfərdən ibarət 48 cinayətkar qrup zərərsizləşdirilib. “Qara bazarda” dəyəri 6 milyon 774 min manat təşkil edən 784,5 kiloqram və ya ötən ilin 9 ayı ilə müqayisədə 52 kiloqram çox müxtəlif növ narkotik vasitə götürülüb, 70,8 kq və ya 11,4 kq çox narkotikin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınıb.
Nazirliyin təşəbbüsü ilə İnzibati Xətalar Məcəlləsinə tərkibində narkotik maddələr olan yabanı bitkilərin məhv edilməsi üzrə tədbirlər görülməməsinə görə məsuliyyət nəzərdə tutan 209-cu maddə əlavə olunub. Şəhər, rayon polis orqanlarının narkotiklərlə mübarizə qurumları tərəfindən carı ilin 9 ayı ərzində həmin xətalarla bağlı 99 protokol tərtib edilib,  28 şəxs 6300 manat miqdarında cərimə edilib, daha 71 protokol üzrə müvafiq tədbirlər görülməkdədir. Ümumilikdə isə narkotiklərlə bağlı hüquqpozmalara görə 109 şəxs inzibati məsuliyyətə cəlb olunub ki, onlardan da 63-ü həbs, 46-sı cərimələnib.
Yenidən çıxış edən daxili işlər naziri Azərbaycan Prezidentinin məqsədyönlü, ardıcıl şəkildə həyata keçirdiyi hüquq-mühafizə siyasəti, şəxsi heyətə göstərdiyi yüksək qayğı nəticəsində ölkəmizdə cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmini sahələrində əldə olunan uğurları xatırladıb, hər bir əməkdaşın bu ali diqqətə layiqli cavab verməsinin vacibliyini vurğulayıb.
Qeyd edilib ki, qeyri-aşkar şəraitdə baş vermiş cinayətlərin açılması, əvvəllər məhkum olunmuş şəxslər və yetkinlik yaşına çatmayanlar tərəfindən, eləcə də ailə münaqişəsi zəminində törədilən cinayətlərin qarşısının vaxtında alınması üçün adekvat ölçülər götürülməli, hər bir orqan və hissədə qanunçuluğun, nizam-intizamın gücləndirilməsi, vətəndaşların qəbulu, onların müraciətlərinə vaxtında və operativ şəkildə münasibət, əməkdaşların tapşırılmış sahəyə məsuliyyətinin, peşəkarlıq və hazırlıq səviyyələrinin daha da yüksəldilməsi istiqamətində fəaliyyət daha böyük əzmlə davam etdirilməlidir.
Etikxeber.az

Read Previous

Bayrağımız qürur mənbəyimizdir – DEPUTAT

Read Next

Daxili işlər naziri Sumqayıtda vətəndaşları qəbul edəcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir