DİN İranın casus şəbəkəsinə qarşı əməliyyat keçirdi-7 NƏFƏR SAXLANILDI…

Bu gün Bakıda İranın casus şəbəkəsinə qarşı xüsusi əməliyyat keçirilib.

Etikxeber.az-ın APA-ya istinadən xəbərinə görə, DİN tərəfindən əməliyyat keçirilən məkanlar arasında SalamNews informasiya agentliyi və “İnteraz” da var.

Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən həyata keçirilən xüsusi əməliyyat tədbirləri nəticəsində Bakıda və respublikanın digər bölgələrində 7 nəfər – A. T. Kərimov, E. A. Rəhimov, İ. Ə. Ələkbərov, M. N. Cəfərov, H. H. Cabbarlı, F. S. Əbdülov və A. Ə. Cümşüdov şübhəli şəxs qismində tutulublar.

“İnterAz” telekanalı 2002-ci ildə yaradılıb və 2007-ci ildə Rusiya Federal Vergi Xidmətinin Rayonlararası müfəttişliyində qeydiyyata alınıb. Əvvəllər baş ofisi Moskvada yerləşən kanalın təsisçisi tanınmış jurnalist Saleh Xudiyev olub. 2016-cı ildə telekanalı İranın Qum şəhərində və Suriyada dini təhsil almış “Hacı Mətləb” kimi tanınan Mətləb Bağırova alıb. Hazırda kanalın baş ofisi Türkiyəyə keçirilib və “Türksat” peyki üzərindən yayımı təşkil olunub. Telekanalda İranın rəsmi şəxslərinin açıqlamaları, bu ölkənin maraqlarına xidmət edən məlumatlar çoxluq təşkil edir. Əvvəlki dövrdə telekanalda hazırda “Nardaran hadisələri”nə görə həbsdə olan Hacı Taleh Bağırzadə, Hacı Zülfüqar Mikayılzadə və İranla yaxınlığı ilə seçilən digər dindarlar geniş reklam olunub.

Kanalın sahibi Mətləb Bağırov əslən Cəlilabad rayonundandır. Onun hətta İran, Rusiya və Azərbaycanda biznes obyektlərinin olduğu bildirilir.

“SalamNews” İnformasiya Agentliyi fəaliyyətə 2010-cu ilin mart ayının 1-dən başlayıb. İnformasiya Agentliyinin təsisçisi “İnterAz” TV-nin sahibi Hacı Mətləb Bağırovdur.

Agentliyin Bakı ofisi “İnterAz” TV-nin Bakı nümayəndəliyi ilə eyni ünvanda, Yasamal rayonu ərazisində yerləşir.

“SalamNews” İA-nın 2017-ci ildə farsdilli versiyası hazırlansa da, sonradan bu layihə qeyri-müəyyən səbəblərdən təxirə salınıb. Hazırda sayt Azərbaycan və rus dillərində fəaliyyət göstərir.

“SalamNews” İA əvvəlki dövrdə geniş İranyönümlü dini təbliğat aparsa da, hazırda İranın rəsmi şəxslərinin, dindarlarının müxtəlif açıqlamalarını yayımlayır, dini maarifləndirmə xarakterli materiallar verir.

Etikxeber.az

Read Previous

72 avtobusun hərəkət intervalında gecikmələr var-BNA

Read Next

İki övladı Vətənə əmanət qalan Şəhid-RAMİL BABAYEVİN BU GÜN ANIM GÜNÜDÜR, ONUN ƏBƏDİYYƏT UĞURLANMASINDAN İKİ İL KEÇİR… – FOTOLAR – YENİLƏNİB – (3)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir