“Dinləmələri təxirə salmaq məcburiyyətində qaldıq, çünki…”-MUSA QULİYEV

Musa QULİYEV: “Milli Məclisin yeni rəhbərliyi, xüsusilə, Milli Məclisin sədri Sahibə xanım hər kəsə imkan yaratdı ki, düşüncələrini ifadə edə bilsin, özünün zəruri saydığı dövlət, ictimai-siyasi əhəmiyyətli, o cümlədən, özünün seçildiyi regionun problemləri baxımından çıxışlarını eləsin...”

Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyevin Etikxeber.az-a müsahibəsinin-DAVAMI:

-Musa müəllim, bugünlərdə 6-cı çağırış MM-in ilk yaz və növbədənkənar sessiyaları başa çatdı. Ötən dövrü necə qiymətləndirirsiniz, həm MM, həm də komitə olaraq nəzərdə tutulanların öhdəsindən gəlinə bildimi?

-Təəssüf ki, bu il biz həm komitə, Milli Məclis də olaraq öz fəaliyyətimizi arzu etdiyimiz səviyyədə qura bilmədik. Bu da obyektiv səbəblərdən oldu. Birinci növbədə növbədənkənar seçkilərlə əlaqədar olaraq Milli Məclisin fəaliyyəti gec başladı. 6-cı cağırış MM martın 10-dan fəaliyyətə başladı və elə ondan sonrakı dövrdə də iki iclas normal keçirə bildik. Yəni, sonra pandemiya ilə əlaqədar olaraq sərt karantin rejiminə keçdik. Sərt karantin rejimindən sonra, demək olar ki, komitə iclaslarının əksəriyyəti onlayn rejimə keçdi. Məclisdə isə iki metrlik məsafənin gözlənilməsi ilə əlaqədar olaraq, deməli, deputatların bir qismi öz yerlərini dəyişməli oldular, həm də ki, karantin şəraiti və virusun qapalı məkanda tez yayılması təhlükəsi də nəzərə alınaraq, Milli Məclisin iclaslarını daha tez bitirmək zərurəti qarşısında qalındı.

Amma buna baxmayaraq, Milli Məclisin yeni rəhbərliyi, xüsusilə, Milli Məclisin sədri Sahibə xanım hər kəsə imkan yaratdı ki, düşüncələrini ifadə edə bilsin, özünün zəruri saydığı dövlət, ictimai-siyasi əhəmiyyətli, o cümlədən, özünün seçildiyi regionun problemləri baxımından çıxışlarını eləsin. Bu mənada hesab edirəm ki, Milli Məclisin işi normal və məhsuldar oldu. Digər tərəfdən isə komitələrdə nəzərdə tutduğumuz qanun layihələiri, o cümlədən, qanunların icrası ilə bağlı dinləmələri keçirə bilmədik. Çünki hesab edirəm ki, dinləmələr canlı şəkildə keçirilsə, daha yaxşı olar. Bir də dinləmələrlə əlaqədar işləri görəndə müəyyən tədqiqat işləri aparmalı idik, müəyyən görüşlər keçirməli idik, informasiya toplamalı idik, şəraiti yerində öyrənməli idik. Bu işləri karantin şəraitində edə bilmədiyimizə görə, məsələn, bizim komitənin nəzərdə tutduğu iki dinləmə təxirə salındı…

“Siqaret istifadəçilərinin sayı azalmır, əksinə, çoxalır. Xüsusilə, qapalı məkanlarda, ictimai yerlərdə onların istifadəsinə riayət olunmur. Daha doğrusu, istifadə olunmaması şərtlərinə riayət olunmur. Uşaq tədris müəssisələrinin, məktəblərin, bağçaların yaxınlığında siqaret satışına hələ də rast gəlinir…”

-Konkret olaraq hansı dinləmələri?

-Həmin dinləmələrdən biri tütün məhsullarının istifadəsinin məhdudlaşdırılması haqqında qanunun iclası ilə bağlı idi və bizim çox ciddi narahatçılığımız var ki, siqaret istifadəçilərinin sayı azalmır, əksinə, çoxalır. Xüsusilə, qapalı məkanlarda, ictimai yerlərdə onların istifadəsinə riayət olunmur. Daha doğrusu, istifadə olunmaması şərtlərinə riayət olunmur. Uşaq tədris müəssisələrinin, məktəblərin, bağçaların yaxınlığında siqaret satışına hələ də rast gəlinir. Televiziyalarda bir çox hallarda lazım olan o 90 dəqiqəlik siqaret, tütün əleyhinə təbliğat, maarifləndirmə işlərinin aparılması lazımi səviyyədə deyil və sair. Yəni, orada problemlər vardı, bizi narahat edirdi. Amma biz o yoxlamaları, monitorinqi, müəyyən görüşlər keçirməyi, məsləhətləşmələri edə bilmədiyimizə görə, onlayn dinləmə keçirməyi məqsədəuyğun saymadıq. Ona görə biz onu payıza saxladıq.

İkinci bir məsələ məşğulluqla bağlı məsələlərdi. Xüsusən işsizliklə bağlı qeyri-leqal məşğulluğun leqallaşdırılmasına yönələn təklifləri araşdırmalı, sonra dinləmə keçirməli idik. Pandemiya şəraitində təbii ki, yeni iş yerlərinin açılması və yaxud da, insanların məşğulluğunun vəziyyəti barədə bir dinləmə keçirmək doğru deyildi. Gözləməli idik pandemiya bitsin, pandemiyanın məşğulluğa, iş yerlərinə, iqtisadiyyata vurduğu zərərlər hesablansın və ona uyğun da dinləmə keçirib, gələcək perspektivlərimizi müəyyən edək. Amma buna baxmayaraq, bütün nəzərdə tutduğumuz komitə iclaslarının bir neçəsini əyani keçirə bildik, qalanlarını isə onlayn qaydada keçirdik.

Komitəmizə daxil olan qanun layihələrini müzakirə etdik. Xüsusilə, sosial sığorta ilə bağlı qanuna çox ciddi və əsaslı dəyişikliklər edə bildik. “Turizm haqqında” qanuna dəyişikliklər edə bildik. Müzakirəsini və qəbulunu gələcəkdə nəzərdə tutduğumuz qanun layihələrinin üzərində indi bizim komitənin və aidiyyəti üzrə işçi qruplarının fəaliyyətini qismən də olsa davam edir. Hələlik karantin şəraitinin imkan verdiyi səviyyədə yeni qanunlar üzərində iş gedir. İnşallah, düşünürəm ki, biz bu yayda pandemiyanın öhdəsindən gələ biləcəyik və payızda daha məhsuldar şəkildə öz işimizi quracağıq.

07:51, 8 iyul

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az 

Read Previous

“İstəsəniz sizə metro kartımı göstərə bilərəm…”-HİKMƏT HACIYEV

Read Next

XİN-in Konsulluq İdarəsinin rəisi-SAXLANILDI, HAQQINDA HƏBS QƏTİMKAN TƏDBİRİ SEÇİLDİ, DTX DA MƏLUMAT YAYDI – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir