“Dinlər və mədəniyyətlərarası dialoq” – VƏ YA AZƏRBAYCANIN VERDİYİ TÖHFƏLƏR – RƏYLƏR – FOTOLAR

Jalə Əliyeva: “Ölkə Prezidenti cənab İlham Əliyevin beynəlxalq konfransda çıxışını yüksək qiymətləndirməklə yanaşı, onun dünyada sülhün, əmin-amanlığın, təhlükəsizliyin, dinlər və mədəniyyətlərarası münasibətlərin inkişafına böyük töhfə verəcəyini vurğulamaq istərdim”

Eldar İbrahimov: “Azərbaycan son illər nəinki yerləşdiyi regionu, bütövlükdə dünyanı narahat edən, maraqlandıran ən müxtəlif və ən önəmli məsələlərin müzakirə, dialoq məkanına çevrilib. Ölkəmizdə cəmi son bir neçə il ərzində dünya, o cümlədən, müsəlman aləmi üçün çox vacib və çox əhəmiyyətli tədbirlər, idman yarışları, beynəlxalq forumlar reallaşdırılıb…”

din-ilya

“…Xalqımız qədim tarixə malikdir. Bizim dini memarlıq abidələrimiz bunun əyani sübutudur. Biz fəxr edirik ki, müsəlman aləminin ən qədim məscidlərindən biri olan, 743-cü ildə inşa edilmiş, Azərbaycan xalqı tərəfindən qorunmuş və bir neçə il bundan əvvəl əsaslı şəkildə bərpa edilmiş Şamaxı Cümə məscidi bizim böyük sərvətimizdir. Bu məscid onu göstərir ki, Azərbaycan qədim müsəlman diyarıdır. Bizim digər tarixi dini abidələrimiz də milli sərvətimizdir…”

Etikxeber.az xəbər verir ki, bu fikirləri ölkə Prezidenti İlham Əliyev Bakıda keçirilən “2017-İslam Həmrəyliyi ili: Dinlər və mədəniyyətlərarası dialoq” adlı beynəlxalq konfransda çıxışı zamanı dilə gətirib.

O, çıxışında qeyd edib ki, Azərbaycan beynəlxalq aləmdə müsəlman ölkələri ilə çox yaxın münasibətlər qura bilib:

“Biz cəmi 26 ildir ki, müstəqil dövlət kimi yaşayırıq. Bu illər ərzində ikitərəfli və üçtərəfli formatlarda, beynəlxalq təşkilatlar çərçivəsində müsəlman ölkələri ilə əlaqələrimiz inkişaf edir, gündən-günə güclənir. Biz BMT-də və digər beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləyirik. Keçən il İslam Əməkdaşlıq Təşkilatının Zirvə görüşündə Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı çox önəmli qətnamə qəbul edilmişdir və Kontakt Qrupu yaradılmışdır. Onu da qeyd etməliyəm ki, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının çox fəal üzvüdür, ölkəmizdə bir çox konfranslar, tədbirlər keçirilmişdir. Azərbaycanın təşəbbüsü ilə İƏT-in Gənclər Forumu, Əmək Mərkəzi və Jurnalistlər Assosiasiyası yaradılmışdır. Eyni zamanda, Azərbaycan ISESCO-nun fəal üzvüdür. ISESCO İslam aləminin təhsil, elm, mədəniyyət təşkilatıdır və bu təşkilat çərçivəsində Azərbaycan çox uğurlu fəaliyyət göstərir. Beləliklə, ISESCO və bütün müsəlman aləmi Azərbaycana daim diqqət və dəstək göstərir. Bir neçə il bundan əvvəl ISESCO tərəfindən Bakı şəhəri İslam mədəniyyətinin paytaxtı elan edilmişdir və bir il ərzində ölkəmizdə, Bakıda bir çox tədbirlər keçirilmişdir. Qeyd etməliyəm ki, gələn il isə bizim digər qədim şəhərimiz – Naxçıvan İslam mədəniyyəti paytaxtı adına layiq görülüb…”

Prezidentin sözlərinə görə, ölkə daxilində İslam həmrəyliyi tam təmin olunub:

“Biz çalışırıq və çalışmalıyıq ki, bütün müsəlman aləmində birlik, həmrəylik təmin olunsun. Azərbaycan bu istiqamətdə öz töhfəsini verir, önəmli addımları atır. Bizim beynəlxalq təşkilatlar çərçivəsində və dünya gündəliyində duran məsələlərin həlli işində onlara münasibətimiz bir daha göstərir ki, İslam həmrəyliyi bizim üçün, sadəcə olaraq, bir şüar deyil, bizim üçün bu, əsas istiqamətlərdən biridir.

Bununla bərabər, Azərbaycanda bütün dinlərin nümayəndələri eyni, bərabər hüquqlara malikdir. Azərbaycanda bütün xalqların, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayır, heç bir ayrı-seçkilik yoxdur, olmayıb və ola da bilməz. Bu, bizim böyük sərvətimizdir”.

İ. Əliyev həmçinin bildirib ki,  ölkəmizdə dinlərarası, mədəniyyətlərarası dialoqla bağlı bir çox mötəbər beynəlxalq tədbirlər keçirilib:

“Onların arasında BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunu qeyd edə bilərəm. Bir neçə dəfə keçirilmiş və ənənəvi xarakter alan Mədəniyyətlərarası Dialoq Forumu və Bakı Humanitar Forumu da, ilk növbədə, öz işini dinlərarası, mədəniyyətlərarası dialoqa həsr etmişdir. Belə beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsi təbiidir. Çünki, ilk növbədə, Azərbaycan sivilizasiyalar arasında həmişə müsbət rolunu oynayıb və Asiya ilə Avropa arasında həm coğrafi, həm mədəni və bu gün siyasi baxımdan bir körpü rolunu oynayır. Digər tərəfdən, Azərbaycan o ölkələrdəndir ki, burada dini, milli zəmində heç bir problem yoxdur, heç bir – hətta kiçik bir anlaşılmazlıq yoxdur. Əksinə, Azərbaycanda yaşayan bütün millətlər, bütün dinlərin nümayəndələri bizim dəyərli vətəndaşlarımızdır və ölkəmizin ümumi inkişafına öz töhfələrini verirlər. Ona görə məhz Azərbaycanın dinlərarası dialoq işində fəal olması təbiidir…”

Prezident çıxışında eyni zamanda Azərbaycanın siyasi və iqtisadi uğurlarına, Ermənistan-Azərbaycan münaqişəsinə toxunub.

jala-6

Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədr müavini, professor  Jalə Əliyeva isə Etikxeber.az-a açıqlamasında ölkə Prezidenti İ. Əliyevin adıçəkilən beynəlxalq konfransdakı çıxışını yüksək qiymətləndirdiyini bildirərək, bunun mühüm tarixi və siyasi əhəmiyyət daşıdığını vurğulayıb.

“Azərbaycan Prezidenti cənab İlham Əliyev konfransda geniş çıxışı zamanı bir daha Azərbaycan həqiqətlərini, reallıqlarımızı, uğurlarımızı, nailiyyətlərimizi, eyni zamanda problemlərimizi dilə gətirdi. O, 26 il ərzində müstəqil dövlət kimi yaşayan Azərbaycanın ayaqları üzərində möhkəm dayandığını bildirdi, eyni zamanda bəyan etdi ki, bölgədə və dünyada Azərbaycan təcrübəsi öyrənilir. Cənab Prezident çıxışı zamanı həmçinin, Ermənistan-Azərbaycan münaqişəsinə toxunaraq, bir daha uca səslə vurğuladı ki,  BMT Təhlükəsizlik Şurasının  Qarabağ münaqişəsinin həlli ilə bağlı məlum qətnamələri tam icra edilməli, ölkəmizin ərazi bütövlüyü bərpa olunmalıdır. “Azərbaycan dövləti və Azərbaycan xalqı öz torpağında ikinci erməni dövlətinin yaradılmasına heç vaxt imkan verməyəcək”-deyə, İlham Əliyev daha sonra bəyan etdi. Hesab edirəm ki, bunlar da olduqca çox mühüm məqamlardır. Bu məqamların dilə gətirilməsi də həddindən artıq vacib və önəmlidir. Çünki hər bir beynəlxalq toplantı, artıq bölgənin deyil, bütövlükdə dünyanın siyasi, humanitar və mədəni dialoq məkanı kimi qəbul edilən ölkəmizdə reallaşdırılan yüksəksəviyyəli beynəlxalq tədbir və forumlar Azərbaycan üçün əlavə imkan, növbəti fürsət və vacib tribunadır. Azərbaycan da bu imkandan, bü fürsətdən, bu tribunadan maksimum dərəcədə istifadə etməyə, yararlanmağa çalışır. Yəni, üzləşdiyimiz problemlər, məruz qaldığımız haqsızlıqlar, ədalətsizliklər, ikili standartlar, o cümlədən, dinamik və sıçrayışlı inkişafımız nəticəsində əldə edilən edilən uğurlar, nailiyyətlər dilə gətirilir, dünyanın, beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılır, bununla yanaşı, yeni təşəbbüs və çağırışlarla çıxış edilir. Bugünkü nüfuzlu və növbəti dəfə yüksək səviyyədə evsahibliyimiz beynəlxalq konfransda da çıxışı zamanı cənab Prezident ənənəsinə sadiq qalaraq, yenə bu mövqedən çıxış etdi. Bu baxımdan, ölkə Prezidenti cənab İlham Əliyevin çıxışını yüksək qiymətləndirməklə yanaşı, onun dünyada sülhün, əmin-amanlığın, təhlükəsizliyin, dinlər və mədəniyyətlərarası münasibətlərin inkişafına böyük töhfə verəcəyini vurğulamaq istərdim”.

din-ilya-1

J. Əliyeva açıqlamasında eyni zamanda, Azərbaycanın milli, dini tolerantlıq məkanına çevrildiyini, ölkəmizdəki bütün xalqların və dini konfessiyaların nümayəndələrinin  tarixən dostluq, qardaşlıq, birgəyaşayış şəraitində yaşadığını qeyd edərək, bunun dünyaya bir örnək, nümunə, model olduğunu da sözlərinə əlavə edib:

“Azərbaycan bu gün dünyaya istər milli, istərsə də dini baxımdan tolerantlıq məkanı kimi nümünə və örnəkdir. Özü də bunu təkcə biz iddia etmirik, bunu beynəlxaql təşkilatların, bir sıra nüfuzlu dövlətlərin Azərbaycandakı elçiləri özləri bəyan və etiraf edirlər. Onlar açıq şəkildə bildirirlər ki, Azərbaycan dünyanın milli-dini tolerantlıq məkanıdır. Bunun əksini də kimsə iddia edə və söyləyə bilməz. Əsrlərdir, minilliklərdir ki, Azərbaycanda bu torpağın əbədi və əzəli sahibi olan Azərbaycan türləri ilə yanaşı digər xalqların (erməniləri çıxmaq şərtilə – çünki onlar Azərbaycana qarşı əsassız və haqsız şəkildə ərazi, torpaq iddiası irəli sürür, ölkəmizin ərazi bütövlyünü təhdid edirlər və sairə), etnik qrupların, milli azlıqların,  müxtəlif dinlərin daşıyıcıları qarşılıqlı anlaşma şəraitində, dostluq-qardaşlıq münasibətlərində yaşayırlar.  Hətta, müstəqilliyimizin ilk illərində, ötən əsrin 90-cı illərinin əvvəllərində müxtəlif məkrli dairələr Azərbaycanda milli və dini zəmində qarşıdurma yaratmağa cəhd etsələr də, bu cəhdlər birlikdə dəf olundu, fiaskoya uğradıldı. Çünki ölkəmizdə yaşayan xalqların və müxtəlif dinlərin daşıyıcıları bir-birilərinə o qədər sıx və qırılmaz tellərlə bağlıdırlar ki, onların arasına heç kim nifaq, rəxnə sala bilməz. Ona görə də Azərbaycan dünyanın milli və dini tolerantlıq məkanı kimi bundan sonra da mədəniyyətlər, dinlər, sivilizasiyalararası münasibətlərə, dialoq prosesinə öz töhfəsini verməkdə davam edəcək. Dünya, beynəlxalq ictimaiyyət hələ uzun illər Azərbaycanın bu müsbət təcrübəsindən bəhrələnəcək. Odur ki, növbəti beynəlxalq konfrans da bu istiqamətdəki yeni addım və  yeni töhfə sayıla bilər”-deyə, millət vəkili daha sonra bildirib.

eldar-bdu

Digər millət vəkili, professor Eldar İbrahimov da hesab edir ki, dünyanın dini və milli tolerantlıq məkanı kimi ölkəmiz bu yöndə daha bir yüksəksəviyyəli beynəlxalq toplantıya uğurla və layiqincə evsahibliyi etdi:

“Azərbaycan son illər nəinki yerləşdiyi regionu, bütövlükdə dünyanı narahat edən, maraqlandıran ən müxtəlif və ən önəmli məsələlərin müzakirə, dialoq məkanına çevrilib. Ölkəmizdə cəmi son bir neçə il ərzində dünya, o cümlədən, müsəlman aləmi üçün çox vacib və çox əhəmiyyətli tədbirlər, idman yarışları, beynəlxalq forumlar reallaşdırılıb. Buna elə sonuncu İslam Həmrəylik Oyunlarını nümunə göstərmək olar. Bu Oyunlar indiyə kimi bir neçə dəfə keçirilib, amma Azərbaycanda keçirilən Oyunlar qədər dünyaya səs sala bilməyib, ölkəmizdəki qədər uğurlu və möhtəşəm alınmayıb. Bunlar da heç şübhəsiz ki, ölkəmizin qısa zaman kəsiyində regionun və dünyanın sabitlik və təhlükəsizlik adasına çevrilməsi, dünyanın lider dövləti səviyyəsinə çatması sayəsində, ölkə Prezidenti cənab İlham Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində mümkün olub. Məhz İlham Əliyevin uğurlu daxili və xarici siyasət kursu nəticəsində ölkəmiz dünyanın milli və tolerantlıq məkanı olmaqla yanaşı,  həm də siyasi və mədəni dialoq məkanına çevrilib. Bu da təbii ki, hər birimizi sevindirir, qürurlandırır”.

E. İbrahimovun sözlərinə görə, bu gün Azərbaycanın bir saylı problemi işğalçı Ermənistanın təcavüzkarlıq siyasəti üzündən yaranan və 30 ilə yaxın müddət ərzində davam edən Qarabağ münaqişəsidir:

“Bu problem bizim ümummilli problemi, hamımızın dərdidir.  Hər birimiz bu münaqişənin nəhayət, ədalətli şəkildə həll olunmasını istəyir və gözləyirik, bu istiqamətdə də bizdən, Azərbaycandan asılı olan nə varsa, edilir. Ancaq çox təəssüflər olsun ki, Ermənistanın və ona havadarlıq edən dairələrin günahı, qeyri-konstruktiv mövqeyi üzündən bu problem hələ də öz ədalətli həllini tapa bilmir. Ermənistan və onun himayədarları hər vəchlə bu münaqişənin həll olunmasına maneçilik törətməyə, status-kvonun davam etməsinə, konfliktin dondurulmuş vəziyyətdə qalmasına çalışır, təxribatçılıq, pozuculuq əməllərini davam etdirirlər. Ancaq Azərbaycan xalqı və dövlətinin də səbri sonsuz, tükənməz deyil. Ötən ilin uğurlu Aprel əməliyyatları da bunu bir daha ortaya qoydu və bütün dünya bildi ki, Azərbaycan xalqı və dövləti işğal faktı ilə barışmaq niyyətində, torpaq və ərazi bütövlüyü məsələsində güzəştə getmək fikrində deyil, istənilən anda- istənilən formada torpaqlarını azad, suverenliyini təmin etmək əzmində və iqtidarındadır. Cənab Prezidentin də bugünkü konfransda səsləndirdiyi kimi, Azərbaycan dövləti və Azərbaycan xalqı öz torpağında ikinci erməni dövlətinin yaradılmasına heç vaxt imkan verməyəcək. Yəni, bunları deməkdə məqsədim odur ki, Bakıda keçirilən növbəti beynəlxalq konfrans da Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə bir daha olduğu kimi, çatdırılması istiqmətində yeni və mühüm addım oldu. Elə hesab edirəm ki, Qarabağ münaqişəsinin ədalətli həlli prosesində bunun müsbət təsiri olacaq”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

  

 

 

 

 

Read Previous

26 ildir müstəqil dövlət kimi yaşayan Azərbaycan ayaqda möhkəm dayanır – PREZİDENT – FOTO- YENİLƏNİB (1)

Read Next

Kənd təsərrüfatının inkişafında xidmətləri olan şəxslər təltif edildi – SƏRƏNCAM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir